“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən “Qarabağ – tarixi-mədəni irsimizdən” adlı kitab dərc edilib. Fevralın 21-də idarədə kitabın təqdimat mərasimi keçirilib.
Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri Read Qasımov, kitabın müəllifləri – tarix elmləri doktoru Vəfa Quliyeva və tarix üzrə fəlsəfə doktoru Qənirə Pirquliyeva, eləcə də tanınmış tarixçilər, araşdırmaçılar iştirak ediblər. Professor Qafar Cəbiyev, Kərim Şükürov, dosent Pərvin Ahənçi, Hicran Mahmudova, Əsgər Əhməd kitabla bağlı ətraflı məlumat veriblər.
Tədbirdə bildirilib ki, kitab “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin layihəsi kimi hazırlanıb. Kitabda ilk insan məskənlərindən biri olan Qarabağ bölgəsindən bəhs olunur. Qarabağın tarixi, numizmatikası, epiqrafik abidələri, xalçaçılq məktəbi, dulusçuluq, milli geyimlər, bədii və zinət əşyaları, ədəbi mühit, musiqi və teatrı haqqında ətraflı məlumatlar verilib. Tarixi əsərdə insan həyatında önəmli faktor olan pulaqədərki mübadilə vasitələrinin növləri, ərazidə yaşayan yerli tayfaların digər xalqlarla iqtisadi-mədəni münasibətlərinin inkişafı haqqında məlumatlar yazılıb.
Kitabda həmçinin Qarabağın xristian və islam dövrü epiqrafik abidələri ətraflı tədqiq edilib. Qarabağda mövcud olan xristian məbədlərinin Azərbaycan xalqının mədəni irsi olduğu bir daha epiqrafik abidələr əsasında təsdiqlənib. İslam dövrü abidələri üzərində olan epiqrafik yazılara əsasən Qarabağda yaşayıb fəaliyyət göstərən alim, memar, nəqqaş, xəttat, sufi şeyxləri, Qarabağ memarlıq məktəbinin banilərinin adları tarixə salınıb. Kitabda Qarabağın qədim dövrlərdən bəri, əsrlər boyunca bənzərsiz sənət əsərlərini yaradan istedadlı sənətkarları, onları yetisdirən sənətkarlıq məktəbləri haqqında geniş bəhs olunub.
«Qarabağ – tarixi-mədəni irsimizdən» adlı əsərdə həmçinin 44 günlük haqq savaşının təfərrüatları da əksini tapıb. Tarixçilərin bildirdiyi kimi bu əsər erməni vandalları tərəfindən Qarabağda Azərbaycan xalqının mədəni irsinə edilən soyqırıma qarşı bir cavabdır və mədəni irsin bərpası istiqamətində yardımçı vəsait ola bilər.