Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin “Haber Global” televiziya kanalına açıqlamasında deyib ki, Ermənistan Konstitusiyasında Azərbaycana, həmçinin Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutan maddə çıxarılmalıdır.
Onun sözlərinə görə, bu xüsusda alınan siqnallar ondan ibarətdir ki, Ermənistanda yeni konstitusiyanın qəbulu üçün proses başlamaqdadır:
“Bu ərazi iddiaları konstitusiyadan çıxarıldıqdan sonra Azərbaycan yekun sülh sazişinin imzalanması üçün problem görmür. Bunun fövqündə bölgəmizdə artıq de-fakto sülh vəziyyəti mövcuddur”.
Hikmət Hacıyevin səsləndirdiyi mesaj əslində Azərbaycanın sülh prosesi ilə bağlı dəyişməyən və prinsipial mövqeyinin növbəti dəfə açıq şəkildə ifadəsidir. Ümumiyyətlə, Bakı artıq məsələyə yalnız siyasi bəyanatlar prizmasından yanaşmır. Ermənistan həqiqətən regionda uzunmüddətli sülh istəyirsə, bunu ilk növbədə öz hüquqi bazasında sübut etməlidir.
Azərbaycanın israrla Ermənistan Konstitusiyasındakı ərazi iddialarının çıxarılmasını tələb etməsi təsadüfi deyil. Məsələ ondadır ki, dövlətlərin xarici siyasəti hakimiyyətlərin dəyişməsi ilə dəyişə bilir, lakin konstitusiya dövlətin rəsmi hüquqi iradəsini əks etdirən əsas sənəddir. Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı dolayı və ya birbaşa ərazi iddiaları qaldığı müddətdə imzalanacaq istənilən sülh sazişi gələcəkdə hüquqi və siyasi risk daşımağa davam edəcək. Başqa sözlə, bir tərəfdən sülh sənədi imzalamaq, digər tərəfdən isə konstitusiyada qonşu dövlətlərə qarşı iddiaları saxlamaq daban-dabana zidd yanaşmadır.
Hikmət Hacıyevin “ərazi iddiaları konstitusiyadan çıxarıldıqdan sonra Azərbaycan yekun sülh sazişinin imzalanması üçün problem görmür” fikri də Bakının əslində sülhün qarşısında əlavə şərtlər yaratmadığını göstərir. Azərbaycan konkret və hüquqi əsaslandırılmış bir tələb irəli sürür. Yəni əvvəlcə Ermənistan öz konstitusion ziddiyyətini aradan qaldırmalıdır. Bundan sonra sülh sazişinin imzalanması üçün siyasi maneə qalmayacaq. Bakı üçün əsas məsələ sənədin imzalanması deyil, onun gələcəkdə davamlı və etibarlı olmasının təmin edilməsidir.
Prezidentin köməkçisi açıqlamasında Türkiyə-Azərbaycan arasındakı qardaşlıq münasibətinə də toxunub:
“Türkiyənin olmadığı masada Azərbaycan, Azərbaycanın olmadığı masada isə Türkiyə var. Ölkələrimizin maraqlarına qarşı olan hər bir addıma qəti şəkildə cavab veririk, bundan sonra da bu şəkildə davam edəcəyik”.
Ümumiyyətlə, bu ifadə iki ölkənin artıq klassik strateji tərəfdaşlıq mərhələsini keçərək vahid geosiyasi xətt üzrə hərəkət etdiyini göstərir. Bu, regionda istənilən siyasi və təhlükəsizlik məsələsində Ankara ilə Bakının koordinasiyalı fəaliyyət göstərdiyinə dair açıq mesajdır. Eyni zamanda, bu bəyanat Ermənistan və digər regional aktorlara da göstərir ki, Azərbaycan-Türkiyə tandemi bundan sonra da Cənubi Qafqazda formalaşacaq yeni təhlükəsizlik sisteminin əsas dayaqlarından biri olaraq qalacaq.
Müəllif: Turan Rzayev,politoloq