Azərbaycan Respublikası Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi fərdi qrant müsabiqəsinin qalibi olmuş “Heydər Əliyev İrsinin Davamçıları – Konstitusiya Elçiləri” layihəsi üzrə yekun tədbir keçirilib.
Tədbir çərçivəsində layihə rəhbəri Elman Şahvələdov çıxış edərək layihənin icra mərhələləri, qarşıya qoyulan hədəflər və əldə edilən nəticələr barədə ətraflı məlumat verib. O bildirib ki, layihə gənclərin hüquqi düşüncə tərzinin formalaşmasına, Konstitusiyaya bağlılıq şüurunun möhkəmləndirilməsinə və vətəndaş mövqeyinin gücləndirilməsinə mühüm töhfə verib.
Yarışın nəticələrinə əsasən birinci yerin qalibi olan komanda kubok və medallarla təltif edilib. Mükafatlandırma mərasimindən sonra layihənin icrası rəsmi olaraq yekunlaşıb.
Eyni zamanda layihənin davamlılığını təmin etmək məqsədilə layihəyə cəlb olunan gənclərdən ibarət fəal komanda formalaşdırılıb. Bu çərçivədə Mingəçevir Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatının nəzdində “Konstitusiya Elçiləri” Klubu yaradılıb. Klub gənclər arasında hüquqi maarifləndirmə və Konstitusiya dəyərlərinin təbliği istiqamətində fəaliyyət göstərəcək.