XX yüzilliyin I rübündə strateji əsasları Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycan Respublikası dünya siyasətinin fəal iştirakçılarından birinə çevrilmişdir. 2020-ci ilin payızında (27.09. – 10.11.) Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının ədalət mücadiləsində Parlaq Qələbə qazanmasından, həmçinin 2023-cü ilin sentyabrmda (19-20.09.) həyata keçirilən antiterror əməliyyatları nəticəsində dövlətimizin ərazi bütövlyünün tam şəkildə təmin olunmasından sonra Azərbaycanın qlobal siyasətdə rolu və çəkisi fövqəladə şəkildə artmışdır. Bu gün unikallığı ilə seçilən balansalşdırılmış xarici siyasətin müəllifi kimi Azərbaycan dövləti yeni dünya nizmaının qurulmasına davamlı töhfəsini verir. Beynəlxalq siyasətdə əldə edilən çox böyük uğurlarımız isə XX əsrin 90-cı illərində və XXI əsrin əvvəllərində Ulu öndər Heydər Əliyevin formalaşdırdığı dövlətçilik strategiyasının nəticəsidir. Bu gün qlobal siyasətdə son dərəcə mürəkkəb və bəşəriyyətin davamlı inkişafı, hətta mövcudluğu üçün ciddi təhlükə yaradan proseslər baş verir. Müasir qlobal siyasətin məzmununa nəzər salsaq, orada süni şəkildə yardılmış mürəkkəb bir mexanizmin qurulmasının şahidi olarıq. Belə bir situasiyada isə dövlətin və millətin maraqlarını qorumaq, qlobal siyasi proseslərin və fövqəlgüclərin geosiyasi maraqlarının qurbanı olmamaq üçün yüksək səviyyədə optimal xarici siyasətin həyata keçirilməsi şərtdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu missiyanın necə bir çətin və mürəkkəb tarixi şəraitdə, dünyanın siyasi və hərbi arxitekturasının çox gərgin bir fazaya daxil olduğu bir dövrdə necə yüksək ustalıqla icra etdiyini bütün dünya ictimaiyyəti yaxşı bilir.
44 günlük Vətən müharibəsində parlaq Qələbənin təmin olunmasına xidmət edən edən çoxlu sayda faktorlar içərisində aşağıdakıları xüsusi olaraq qeyd etmək lazımdır:
– millətin passonarlıq səviyyəsinin yüksək həddə çatması;
– xalq, lider və ordu birliyinin misli görünməmiş səviyyəyə qalxması;
– vətən uğrunda son damla qanınadək savaşaraq qalib gəlməyə və şəhidlik zirvəsinə ucalmağa hazır olan çoxmilyonlu mücəhid ordusunun formalaşması;
– müasir üslubda savaş aparmağı bacaran və ən müasir silahlarla təchiz olunan milli ordunun yaradılması;
– dünya ictimaiyyətinin Azərbaycanın haqq və ədalət mücadiləsinə dəstək verməsi və s.
Şanlı qələbəmizin təmin olunmasına zəmanət vermiş ən vacib amillərdən biri də Türkiyənin və qəhrəman türk xalqının timsalında timsalında qardaşlıq qayğısı və dəstəyi idi. 8 noyabr noyabr tarixi əslində Azərbaycan və türk xalqının timsalında iki qardaş xalqın qürur günü idi. Bunu 2020-ci il dekabr ayının 10-da Bakı şəhərində Azadlıq meydanında keçirilən möhtəşəm Qələbə Paradı da bir daha sübuta yetirdi. Hərbi paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı və yüksək intonasiya ilə “Arazı ayırdılar” şerini söyləməklə bütün dünyaya xüsusi mesaj göndərməsi, 2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərini təsdiqləyən müqavilənin – Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan və Türkiyə qardaşlağının yeni, daha mütərəqqi fazaya keçməsi demək idi. Ümumiyyətlə Türkiyənin və Azərbaycanın müasir tarixində elə bir sahə, elə bir istiqamət və elə bir ideya yoxdur ki, o, Türkiyənin xilaskarı Mustafa Kamal paşa Atatürkün və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı və mütərəqqi əməlləri ilə bağlı olmasın. Onlar zamanın ruhunu çox incəliklə duyan, hadisələrin gərdişini əvvəlcədən görməyi bacaran, dostları düşmənlərdən ustaqlıqla ayırmaq qabiliyyəti olan dahi şəxsiyyətlər idi. Onlar türk və Azərbaycan insanının etnik-tarixi və ruhani-mədəni bağlılığının ən mühüm istiqamətlərini, onun gələcək taleyinin, həyat strategiyasının, milli doktrinasının və yeni həyata açılan yollarının kiminlə bağlı olacağını qüsursuz şəkildə müəyyən etmişdilər. Bu gün Azərbaycanın və Türkiyənin müştərək milli strategiyasına, əbədi həmrəyliyi, dostluğu, qardaşlığı, qarşılıqlı yardımı və fədakarlığı nəzərdə tutan qətnaməyə, bütün maneələri və darvazaları açmağa qadir olan düstura çevrilmiş “Bir millət iki dövlət” kimi səslənən lakonik ifadənin arxasında bu gün tarixin çərxini Türkiyə və Azərbaycanın xeyirinə dəyişmiş çox dərin bir fəlsəfə durur. Bu düstur təkcə bütün cəbhələrdə çiyin-çiyinə vuruşan və birlikdə inkişaf edən milli istiqlalımızın rəmzi deyil, həm də xalqlarımızın həyat ukladı, onlara üzvi şəkildə məxsus olan həyat tərzidir. Heydər Əliyevin tərənnüm etdiyi türk və müsəlman birliyi ideyası türklərin və müsəlmanların hansısa konkret və ya hipotetik düşmənə qarşı səfərbərliyini və başqa dünyalara müxalifət, yaxud cəbhə yaratmasını nəzərdə tutur. Bu ideya dilindən, dinindən, irqi və etnik-milli mənsubiyyətindən asılı olmayaraq sülh, qardaşlıq və qarşılıqlı yardım naminə edilən çağırışdır. Türkiyə-Azərbaycan tandemi isə bu ideyanın özəyini, onun sarsılmaz sütunlarını, həyat mənbəyini və motivasiyasını təşkil edir. Lakin dünyada çoxlu sayda etnik-siyasi subyektlər var ki, Azərbaycan-Türkiyə biriliyinə nəinki qısqancılq və qibtə ilə yanaşır, hətta yeni dünya nizmanı türk etnik-siyasi faktornun lider olacağı bir məqama çatdıracaq bu birliyi özləri üçün ciddi təhlükə hesab edirlər. Onlar yaxşı başa düşür ki, tezliklə bu birlik elə bir yenilməz güc kəsb edəcək ki, o, möhkəm sülhü təmin edəcək, “Zəngəzur qapılarını” açacaq, Şərqlə Qərbi birləşdirən tarixi “İpək yolunu” bərpa edəcək, Uzaq Şərqdən Aralıq dənizinə qədər türk ellərinin iqtisadi, siyasi və mədəni birliyini gerçəkləşdirəcək. Qeyd etmək lazımdır ki, 2020-ci il sentyabr ayının 27-də başlayan 44 günlük Vətən müharibəsinin ilk saatlarında Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edərək qardaş ölkənin dəstəyini ifadə etmiş, həmişə olduğu kimi, belə taleyüklü məqamda da Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulamışdı. Prezident İlham Əliyev də öz növbəsində bəyan etmişdi ki, Türkiyə Prezidentinin cəsarətli və qəti açıqlamaları bir çox ölkəyə xəbərdarlıqdır – kənarda durun, qarışmayın, Azərbaycan tək deyil, Türkiyə yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır! Bütün mövzularda, bütün kürsülərdə biz bir-birimizi dəstəkləyirik və bizim birliyimiz əbədi olmalıdır. Prezident İlham Əliyev vurğulamışdı ki, Heydər Əliyevin “Bir millət – iki dövlət” kəlamı indi bütün Türkiyə və Azərbaycan üçün bir işıq yoludur.
Azərbaycanın möhtəşəm qələbələrinin memarı olan Ümummilli lider Heydər Əliyevin müasir milli tariximizi şərəf kürsüsnə çıxarması haqqında yüzlərlə parlaq nümunə var. Onlar damarlarında Azərbaycanlı qanı axan və bu məmləkət üçün alışıb yanan hər kəsdə fəxarət hissi oyadır. Şuşa işğaldan azad olunan gün – 2020-ci il noyabr ayının 8-də Azərbaycan Respuublikasının Prezidenti İlham Əliyevin Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdiyi mərasimdə ifadə olunan dərin məzmun, əsararəngiz həyat fəlsəfəsi, möhtəşəm həqiqət anı, doğma qəlblərin görüşünü ifadə edən sakral ünsiyyət hər bir azərbaycanlıda fəxarət hissi yaratmışdı və hər kəsi kövrəltmişdi. Möhtərəm rəhbərimiz isə bu mərasimdə Ulu öndərin vəsiyyətinin artıq həyata keçməsi haqda şərəf məruzəsi etmiş, Heydər Əliyev dühasının növbəti təntənəsi haqqında tarixi hesabat vermişdi. Dekabr ayının 10-da 44 günlük Vətən müharibəsində əldə etdiyi Böyük Qələbəyə həsr olunmuş hərbi parad isə əslində Heydər Əliyev ideyalarının son 30 il əldə etdiyi qələbələrinin paradı idi. Qələbə Paradındakı hər bir məqamda – Prezidentlərin çıxışında, mərasimin təşkilati elementlərində, əsgərin yerişində, komandirlərin hərbi məruzəsində, hərbi nəğmələrdə, Bakı havasında, Azadlıq meydanın əsrarəngiz aurasında, insanların sevinc dolu çöhrəsində Heydər Əliyev dühasının parlaq cizgiləri görünürdü. Qalib Azərbaycan xalqını və onun dostlarını sevindirən, düşmənlərinin isə gözünü kor edən bu möhtəşəm mənzərə Heydər Əliyev qüdrətinin təntənəsi idi. Bir nağıl kimi izlədiyimiz bu qalibiyyət aktında reallığa çevrilmiş Azərbaycan arzusu bütün möhtəşəmliyi ilə canlı təcəssüm olunurdu. Zəfər paradda xalqımız öz qüdrətli ordusunun və Ali Baş Komandanının böyük tarixi qələbəsini sevinc göz yaşları ilə müşahidə edirdi. Bu tarixi qələbə şəhadətə qovuşmuş üç min Azərbaycan oğlunun həyatı, haqq uğrunda qəzaları mübarək olmuş minlərlə qazinin öz sağlamlığını itirməsi və “Qalib əsgər” adı qazanmış on minlərlə Azərbaycan oğullarının fədakarlığı sayəsində baş tutmuşdu. İllər əvvəl analarının qucağında doğma yurdlarından qovulmuş günahsız körpələr bu gün vətənin igid və qəhərəman keşikçiləri kimi müasir silahlara sarılaraq təcavüzkarı yurdumuzdan qovmuşdur. Bütün bunlar Azərbaycan xalqının, onun sevimli rəhbərinin, cəsarətli, müzəffər və müdrik şəxsiyyət kimi bütün müasir dünyanın rəğbətinə qazanmış insanın – İlham Əliyevin və Heydər Əliyev ideyalarının təntənəsidir. Böyük uğurlarla dolu o şanlı tarixdə mütərəqqi düşünən bəşəriyyət, ədaləti müqəddəs dəyər kimi qiymətləndirən və qoruyan insanlar Azərbaycan xalqının və onun müdrik rəhbəri cənab İlham Əliyevin Ümummilli lider Heydər Əliyevdən miras qalmış möhtəşəm idealları necə yüksək əzmlə, rəşadətlə və tükənməz enerji ilə reallaşdırmasının şahidi oldu.
Müasir milli tariximizin ən şanlı səhifələrindən biri sayılan 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəmiz Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı xalqımızı həm də öz tarixi irsinə qovuşdurdu. Azərbaycan xalqının çoxəsrlik tarixi Azıxdan, Tağlardan, Köndələnçay, Quruaçyay və Xocalı mədəniyyətlərindən başlayır. Lakin 30 il idi ki, tariximizin beşiyi sayılan bu məkanlar düşmən tərəfindən işğal olunmuşdu. Tarixi qürurumuz əsir düşmüşdü. Buna görə də gənc azərbaycanlılar məktəblərdə çoxəsrlik tariximizi öyənərkən müqəddəs yerlərimizin düşmən işğlında olmasından qürur qırıqlığı yaşayırdı. Bu gün artıq vəziyyət dəyisib. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev özünün sarsılmaz qətiyyətilə xalqı və ordunu müqəddəs ideya – Vətənin azadlığı naminə mücadilə ideyası altında dəmir yumruq kimi birləşdirərək düşmənə elə bir ölümcül zərbə vurdu ki, bu zərbə nəinki yaxın çevrədə, həm də dünyada şok effekti yaratdı. Dünya sanki 30 illik qəflət yuxusundan oyandı və gördü ki, “Azərbaycan” qüdrətli bir məmləkət, bu məmləkət uğrunda son nəfərinə qədər canını qurban verməyə hazır olan fədakar insanların sonsuz məhəbbət bəslədiyi və sədaqətlə xidmət etdiyi həmişəqalib rəhbəri var.
Regionda və dünyada mövcud qüvvələr nisbətini köklü şəkildə dəyişmiş və dünya güclərini Azərbaycanın siyasi iradəsilə hesablaşmağa vadar etmiş xalq, ordu və İlham Əliyev birliyi sübut etdi ki, Cənubu Qafqazda əsas söz sahibi kimdir, müqəddəs Qarabağ torpaqları kimə məxsusdur. 44 günlük Vətən müharibəsi nəticəsində çoxəsrlik möhtəşəm tarixi olan xalqımız bütün dünyaya sübut etdi ki, onun keçmişdən gələn igidlik və mücəhidlik ruhu indi də yaşayır və o, hər an müqəddəs ideallar naminə vulkan kimi püskürməyə, torpağımıza, istiqlalımıza və ilahi haqqımıza göz tikən yağı düşmənə sarsıdıcı zərbə endirməyə hazırdır.
Müharibəmiz başa çatıb,lakin mücadilə davam edir. Təəssüf ki, biz 200 yüz ildir hiyləgər, qəddar, hər hansı kompromis bilməyən, xəyanətkar, xəstə təxəyyülü ilə türkləri və azərbaycanlıları məhv etməyi öz üzdəniraq milli doktrinasının leytmotivi elan etmiş bir düşmənlə, eləcə də ona durmadan və usanmadan havadarlıq edən dünya gücləri ilə üz-üzəyik. İki yüz ildir ki, müharibə və hərbi təcavüz evimizin astanasında durub və bu indi də belədir. Bu isə o, deməkdir ki, gələcəyimizin də savaş üzərində qurulmuş qəhrəmanlıq senarisini heç kim ləğv etməyib. Gələcək tarixin, tarixi düşmənlərimizin və siyasi opponentlərimizin bizə hansı sürprizləri hazırlamasını zənn etmək isə o qədər də çətin deyil. Bu, xalqımızın və cəmiyyətimizin hər bir üzvünün üzərinə həyati əhəmiyyət kəsb edən böyük tarixi məsuliyyət qoyur. Tariximizdən və ulu babalarımızdan bizə miras qalmış qəhrəmanlıq, mücəhidlik və fədailik ənənələrini davam etdirmək, gənc və yetişməkdə olan nəsli vətənə, xalqa və ölkə başçısına yüksək məhəbbət və sədaqət ruhunda tərbiyə etmək isə bu məsuliyyəti yüksək səviyyədə dərk etməyimizin əməli nəticəsi olmalıdır. Möhtəşəm qələbə ilə 44 günlük Vətən müharibəsi başlayanda yüz minlərlə gəncin könüllü ölkənin hərbi komissarlıqlarına müraciət edərək hərbi əməliyyatlara yollanması son 30 ildə ölkəmizdə vətənpərvəlik ideyalarının gənclər arasında düzgün aşılanmasının bariz nümunəsi idi. Bu müqəddəs müharibədə ölkə ərazsində yaşayan, dilindən, dinindən və etnik və irqi mənsubiyyətindən asılı olmayaraq Azərbaycana sonsuz məhəbbəti olan hər kəs silaha sarıldı və azadlıq savaşına başladı.
2020-ci il 27 sentyabr – 8 noyabr tarixində Azərbaycan xalqının başlatdığı ədalət savaşı 200 il ərzində ona zorla yaşadılan tarixi, son dərəcə ağır və məşəqqətli taleyi köklü şəkildə dəyişdirdi. Bu şanlı hadisə Azərbaycan xalqının və dövlətinin qarşısında sosial-iqtisadi və ictimai-mədəni cəhətdən yeni üfüqlər açdı. Milli dövlətimiz həm regionda, həm də dünya miqyasında baş veən proseslərdə özünün lider rolunu təsdiq etdi. Onun yeni dünya nizamının qurulması mühüm prosesə təsiri daha da gücləndi. Postmünaqişə dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin prioritetləri regionda və dünyada sülhün və əminamanlığın qorunmasına, 30 ildən çox davam edən müharibə şəraitində bağlı qalmış kommunikasiyaların açılmasına, regional və qlobal nəqliyyat-iqtisadi layihələrin reallaşdırılmasına, dövlətimizin Şərqlə Qərb, Avropa ilə Asiya arasında inteqrativ rolunun daha da gücləndirilməsinə istiqamətlənmişdi. Lakin öz ənənəvi havadarlarından dəstək alan erməni separatçıları hələ də hərbi-siyasi reallığın, Azərbaycanın timsalında yenilməz güc faktorunun, Azərbaycan lideri cənab İlham Əliyevin möhtəşəm siyasi iradəsinin mahiyyətini anlamaq istəmir, beynəlxalq siyasi konynkturanın onların xeyirinə dəyişəcəyinə ümid edirdilər. Belə bir şəraitdə münaqişəni sülh yolu ilə həll etmək istiqamətində bütün üsul və vasitələr sınaqdan çıxarıldı, nəhaəyət, həqiqət anı gəlib çatdı. 44 günlük Vətən müharibəsinin başlanmasının üçüncü ildönümü ərəfəsində 2023-cü il sentyabr ayının 19-da 13.00-da Qarabağın dağlıq hissəsində mövqe tutmuş erməni hərbi birləşmələrinə qarşı cəmi 1 sutka davam antiterror əməliyyatı əməliyyatı həyata keçirildi. Nətcəsində erməni silahlı birləşmələri 20 sentyabr tarixində 13.00-da təslim oldu. Təslim aktına imza atmış ermənlər silahı yerə qoymağı, öz mövqelərini və daha sonra Azərbaycan ərazisini tərk etməyi öhdəsinə götürdü. Antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 192 əsgəri və zabiti həlak oldu, 511 nəfər hərbiçi yaralandı. Sentyabr ayının 21-də saat 09.00-da Qarabağın erməni əhalisinin nümayəndələri görüş üçün Yevlax şəhərinə gəldilər. Azərbaycan tərəfini görüşdə Qarabağ bölgəsində erməni əhali ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədov,Qarabağ iqtisadi rayonu daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa şəhəri istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev təmsil edirdi. Görüşə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Rusiya tərəfinin rəhbəri kontr-admiral Oleq Semyonov da qatılmışdı. Tərəflər asrasında növbəti görüş 25 sentyabr tarixində Xocalıda baş tutdu. Görüşdə sentyabr ayının 21-də Yevlax şəhərində danışılan məsələlərin həlli istiqamətində atılan addımlardan, xüsusilə də qısa müddətdə humanitar yardımın təminatı, yanacaq təchizatı və enerji verilişinin bərpasından razılıq ifadə edildi. Sentyabrın 29-da Yevlax şəhərində keçirilən növbəti görüşdə ermənilərin reinteqrasiya məsələsi müzakirə olundu. Lakin bütün cəhdlərə baxmayaraq, ermənilər reinteqrasiya olunmaqdan imtina etdilər və sentyabrın 24-də Qarabağın erməni əhalisinin Ermənistan Respublikasına təxliyyə prosesi başlandı. Sentybar ayının 26-da artıq Azərbaycanı 19 min nəfər erməni tərk etdi. Eyni vaxtda silahların təhvil verilməsi prosesi icra olundu. Sentyabr ayının 27-dən başlayaraq Laçın dövlət sərhəddində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən separatçılarına həbsinə başlanıldı. Həbs edilənlər sırasında qondarma Dağlıq Qarabağ Respublikasının Dövlət naziri vəzifəsində çalışmış Ruben Vardanyan, qondarma Müdafiə Ordusu komandanının 1-ci müavini David Manukyan, hərbi nazir olmuş Lyova Mnatsakanyan və başqaları var idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il sentybarın 25-də Naxçıvan şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı Qarabağda həyata keçirilən antiterror əməliyyatlarını şərh edərkən Azərbaycan Respublikasının ərazi bütövlüyünün tam şəkildə təmin olunmasını elan etdi. Bu hadisədən 3 gün sonra sentyabrın 28-də Azərbaycanın beynəlxalq qurumlar tərəfindən tanınmış dövlət sərhədləri daxilində yerləşən tanınmamış “Dağlıq Qarabağ Respublikasının” prezidenti Samvel Sahramanyan qondarma “Dağlıq Qarabağ Respublikasının” mövcudluğuna son qoyulmasını nəzərdə tutan “2023-cü il sentyabr ayının 19-dan sonra yaranmış vəziyyətdən irəli gələn tədbirlər haqqında” Fərman imzaladı. Sözügedən bu sənəddə, rejimin bütün “dövlət qurumlarının” və “təşkilatlarının” 1 yanvar 2024-cü il tarixinədək buraxılması qeyd edildi.
2023-cü il oktyabr ayının 3-də antiterror tədbirləri çərçivəsində qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş prezidentləri Araik Arutyunyan (05.21.2020 – 01.09.2023), Bako Saakyan (07.09.2007 – 21.05.2020) və Arkadi Qukasyan (08.09.1997 – 07.09.2007) həbs edilərək Bakıya gətirilidilər. 2023-cü il oktybar ayının 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2003-cü ildə Prezident vəzifəsinin icrasına başlamasının 20-ci ildönümü günü Xankəndi, Xocalı, Xocəvənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının dövlət bayraqlarını ucaltdı. 2023-cü il noyabr ayının 8-də Xankəndində növbəti Zəfər paradı keçirildi. Dekabrın 21-də isə Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun baş tutdu. Oyunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və 44 günlük Vətən müharibəsində şəhid olan hərbiçilərin övladları da iştirak etdi.
Bu gün Azərbaycan dövlətlər arasında öz layiqli yerini və siyasi çəkisini tam təsdiq edib. Bu XX əsrin 90-cı illərində və XXI əsrin əvvəllərində Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılmış dövlətçilik və inkişaf strategiyasının məntiqi nəticəsidir. Onun yenilməz gücü sayəsində Azərbaycan xalqı öz qüdrətli liderinin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş komandanı möhtərəm İlham Əliyevin rəhbərliyi altında tarixin çərxini və zamanın gərdişini fəal şəkildə dəyişir. İndi Cənubi Qafqazda 86,6 min km2 ərazidə bərqərar edilmiş, regional və qlobal miqyasda söz sahibinə çevrilmiş, mütərəqqi əməlləri və adekvat davarnışları ilə tarixə öz möhürünü vurmuş, geosiyasətin mahiyyətini milli maraqlara uygun şəkildə dəyişmiş “Azərbaycan” adlı bir məmləkət var. O, Ümummilli Liderin, möhtəşəm əməlləri ilə adını tarixə qızıl hərflərlə yazmış dahi şəxsiyyətin – Heydər Əliyevin şah əsəridir. Bu gün bizə dahi və ölməz rəhbərimizdən miras qalmış bu qiymətli əsər çox etibarlı əllərdədir. Azərbaycan xalqı onun qüdrətindən ruhlanaraq, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanı, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi altında qələbələrlə və ugurlarala dolu yeni bir möhtəşəm tarix yazır. Uulu öndər Heydər Əliyevin bizə miras qoyduğu inkişaf strategiyasınının qüdrətindən güc alan Azərbaycan xalqının həyatında və taleyində baş verən pozitiv dəyişikliklər isə ölkəmizin və xalqımızın daha möhtəşəm yeniliklərə imza atacağından xəbər verir. Tezliklə Azərbaycan xalqının yaradıcı enerjisi 30 il erməni vandalizminin viran qoyduğu hər şəhərdə, hər kənddə bərqərar olacaq, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yenidən çiçəklənəcək, Vətənimiz və xalqımız yeni inkişaf, tərəqqi və xoşbəxtlik erasına qədəm qoyacaq!
Sevinc Həsənova,
Mərkəzi Aran Regional Təhsil İdarəsi
Mingəçevir şəhər Təhsil sektorunun müdiri