Heydər Əliyevdən başlanan zəfər yolu-İlham Məmmədov yazır

1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etsə də, de-fakto bu istəyini reallaşdıra bilməmiş, hakimiyyətdə olan səriştəsiz qüvvələr ictimai-iqtisadi formasiya dəyişkənliyinin doğurduğu ağır problemlərin öhdəsindən gələ bilməmişlər. Nəticədə ölkədə iqtisadi tənəzzül prosesi dərinləşmiş, xalqın yaşayış səviyyəsi pisləşmiş, qanunçuluğun, hüquq qaydalarının təminatında ciddi problemlər yaranmışdır. 1993-cü ilin iyun günlərində müasir və müstəqil Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Naxçıvandan başlanmış qurtuluş mübarizəsi özünün yeni – həlledici mərhələsinə qədəm qoydu, bütün Azərbaycanın qurtuluşu başlandı.1993-cü il 3 oktyabr tarixi Azərbaycan xalqının həyatında unudulmaz tarixdir.

Həmin gün Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündür.Xüsusilə qeyd olunmalıdır ki, müasir,müstəqil Azərbaycanın inkişafı həmin gündən başlayır. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra məhz ölkədə başa alıb gedən hərc mərcliyin, silahlı qarşıdurmaların, iqtisadi-siyasi böhranın qarşısı alındı, torpaqlarımızın işğalının davam etməsinə son qoyuldu. Eləcə də, aclıq, səfalət aradan qaldırıldı və yeni nailiyyətlərin təməli qoyuldu. Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu, Azərbaycanın müasir müstəqil dövlət kimi inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir.

Təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması bu kontekstdə xüsusilə vurğulanmalıdır. Hələ 1969-1982-ci illərdə – Heydər Əliyevin birinci dəfə hakimiyyətdə olduğu müddətdə Azərbaycan üçün gördüyü misilsiz işlər xalqımız tərəfindən unudulmamışdı. Eyni zamanda, 1990-cı ildə 20 Yanvar faciəsinin səhəri günü Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, xalqımıza başsağlığı verməsi, onunla birgə olduğunu bəyan etməsi dahi liderə olan inamı daha da artırmışdı. Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. O vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu risk doğuran faktorlar böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaqda ehtiyatla davranmağa vadar edirdi.

Ulu Öndərin beynəlxalq arenadakı şəxsi nüfuzu tərəddüdlərə son qoydu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft kontraktları imzalandı. Sonradan “Əsrin müqaviləsi” adlandırılan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyi möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı. Heydər Əliyev yaxşı bilirdi ki, güclü, nizam-intizamlı ordu yaratmadan Ermənistanın torpaqlarımıza təcavüzünün qarşısını almaq mümkün olmayacaq. Odur ki, hakimiyyətə qayıdışından dərhal sonra bu məsələyə əsas prioritet kimi yanaşmağa, böyük diqqət ayırmağa başladı. Ümumilikdə bütün sferalarda Azərbaycanın uğurla inkişaf etməsində Ulu öndərin misilsiz xidmətləri vardır.

Böyük qürur hissi ilə söyləyə bilərəm ki, Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin layiqli davamçısı, görkəmli diplomat, böyük strateq İlham Əliyev 18 illik prezidentlik fəaliyyəti dövründə və hazırda da öz düşünülmüş islahatları və müdrik qərarları ilə dövlətimizi daha da gücləndirib. Bu günlər biz hamımız şanlı qələbəmizi qeyd edirik. Ulu Öndərin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ümummilli Lider illər öncə böyük uzaqgörənliklə deyirdi: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır”.

Ulu Öndərin arzuları reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Xalqımızın 30 illik yurd həsrətinə, torpaq nisgilinə son qoyulub. Biz doğma Qarabağımıza qovuşmuşuq. Bu Zəfərə gedən yolun əsasında Azərbaycanın böyük oğlu, dünya şöhrətli siyasi xadim, dahi Heydər Əliyevin ölməz ideyaları dayanır.Heydər Əliyev öz xalqının dahi oğlu olmaqla yanaşı, həm də dünyanın ən qüdrətli tarixi simaları sırasına yüksəlmiş nadir şəxsiyyətdir, ümumdünya tarixinin azərbaycanlı dahisidir.

Allahdan müstəqil Azərbaycanın qurucusu,böyük tarixi şəxsiyyətimiz Ulu Öndər Heydər Əliyevə dərin ehtiramla rəhmət diləyirəm!

 

İlham Məmmədov

Milli Məclisin deputatı