Bilirsinizmi ki, sağlamlığınızı qorumaq üçün atacağınız ən vacib addım bahalı dərman deyil,
hərəkətdir?
Müasir tibb getdikcə daha çox sübut edir ki, müntəzəm fiziki aktivlik sağlam həyat tərzinin
ayrılmaz hissəsi olmaqla yanaşı, bir çox xroniki xəstəliklərin qarşısının alınmasında fiziki
reabilitasiya mühüm rol oynayır.Ürək-damar xəstəlikləri, 2-ci tip şəkərli diabet, piylənmə və
bəzi xərçəng növləri dünyada milyonlarla insanın həyatına təsir göstərir.
Alimlərin gəldiyi nəticələr isə ümidvericidir: aktiv həyat tərzi bu xəstəliklərin yaranma riskini
azaltmağa kömək edə bilər.Təəssüf ki, bir çox insan idmana yalnız xəstələndikdən sonra
başlayır. Halbuki ən düzgün yol xəstəliyi qabaqlamaqdır. Profilaktika həm sağlamlığın
qorunması, həm də həyat keyfiyyətinin artırılması üçün ən güclü vasitələrdən biridir.
Digər geniş yayılmış yanlış fikir isə budur ki, müəyyən yaşdan sonra idmanla məşğul olmaq
gecdir. Əslində isə yaş maneə deyil. Düzgün seçilmiş və fərdi xüsusiyyətlərə uyğun fiziki
aktivlik hər yaş dövründə faydalıdır. Vacib olan yarışmaq deyil, hərəkət etməkdir.Fiziki
aktivlik xəstəlikdən sonrakı bərpa prosesində də mühüm əhəmiyyət daşıyır. İnsult, infarkt,
ortopedik əməliyyatlar və digər ciddi xəstəliklərdən sonra mütəxəssis nəzarəti altında
aparılan reabilitasiya proqramları insanların gündəlik həyata daha tez qayıtmasına kömək
edir.
Unutmayaq ki, fiziki aktivlik dərman müalicəsini əvəz etmir. Lakin elmi araşdırmalar göstərir
ki, o, profilaktikanın, müalicənin və reabilitasiyanın vacib hissəsidir.Bəzən sağlam həyata
aparan yol cəmi 30 dəqiqəlik gündəlik gəzintidən başlayır. Bu gün atdığınız kiçik addım
sabah sağlam həyatın təməli ola bilər.
Hərəkət edin. Sağlamlığınız bunun qarşılığını sizə mütləq verəcək!
Mənbələr:
– World Health Organization (WHO). Physical Activity Guidelines.
– American College of Sports Medicine (ACSM). Exercise is Medicine.
– PubMed – Fiziki aktivliyin sağlamlığa təsiri ilə bağlı elmi tədqiqatlar.
Müəllif: Fəxri Həsənov,
Reabilitoliq