Həbs olunan icra başçısı vəfat etdi-FOTO

Yevlaxın sabiq icra başçısı Qoca Səmədov dünyasını dəyişib

Kanal32.az xəbər verir ki, Yevlax rayon İcra Hakimiyyətinin sabiq başçısı, Bakı Apellyasiya Məhkəməsi qərarına əsasən xəstəliyi ilə bağlı vaxtından əvvəl cəzadan şərti olaraq azad olunan Səmədov Qoca Çərkəz oğlu dekabrın 5-də vəfat edib.

“Kanal32”-nin yaxınlarından əldə etdiyi məlumata görə o, ürək xəstəliyindən əziyyət çəkirdi və vəfat etməsinin səbəbi də bununla bağlıdır.

Xatırladaq ki,13 oktyabr 1959-cu ildə Yevlax şəhərində anadan olub.2011-2019-cu illərdə Yevlax rayon İcra Hakimiyyətinin başçısı işləmiş Qoca Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma, mənimsəmə və digər faktlara görə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Apellyasiya Məhkəməsi keçmiş icra başçısının səhhətini nəzərə alaraq həbs müddətini 6 ilə, Ali Məhkəmə isə 5 il 9 aya endimişdi.