Güney Azərbaycan Cümhuriyyət Partiyasının Xocalı soyqırımı ilə bağlı ulusa Səslənişi
Əziz millətimiz, məlum olduğu kimi 21. yüz ilinin ən böyük faciəsi olan Xocalı soyqırımı ermənilər tərəfindən Rus və fars qüvvələrinin yardımları ilə Azərbaycanlılara qarşı sistematik və məqsədyönlü olaraq həyata keçirilmiş etnik təmizləmə siyasətinin növbəti bir mərhələsi idi. Bu soyqırım 20. yüzildə millətimizə qarşı həyata keçirilmiş ən utanc verən və ən qanlı soyqırım hadisələrindən biridir.
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndi şəhərində yerləşdirilmiş Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinin dinc əhalisini kütləvi şəkildə qətlə yetirmək məqsədilə təpədən-dırnağadək ən moderin silahlarla hücuma keçdi. Yeddi min nəfər əhalisi olan bu şəhər yerlə yeksan edilərək sakinləri soyqırıma məruz qaldı. Nəticədə Xocalıda bir gecədə 613 nəfər Azərbaycanlı, o cümlədən onlardan 106 nəfər qadın, 63 nəfər uşaq və 70 nəfər ahıl şəxs olmaqla xüsusi qəddarlıqla öldürülmüşdür.
Millətimizə qarşı bu soyqırım hadisəsi ilk deyildi. Elə, 20-ci əsrin başlarında, yani 1905-1906 və 1918-1919-cu illərdə anoloji soyıqırımlar həyata keçirilmişdir. Rus və Erməni silahlı birləşmələri tərəfindən Azərbaycanın quzeyində Bakıda, Qubada, Şamaxı şəhərlərində olduğu kimi 1918-ci il Güney Azərbaycanın Urmu, Xoy və Salmas şəhərlərində də fars-erməni aysor və sair etniklər əli ilə xalqımıza qarşı geniş soyqırımlar həyata keçirilmişdir. Güney Azərbaycanda 159 gün davam edən qanlı qırğınlar nəticəsində 200 min Azərbaycan türkü qətlə yetirilmişdir. Bütün bunlar eyni mərkəzdən idarə olunmaqla milli kimiliyimizin ortadan qaldırılmasına hesablanmışdır.
Bütün bu zülüm olaylarına rəğmən bu gün çox qürurluyuz. Ona görə ki, artıq dünya Azərbaycanlıların ədalətli bir dövləti və güclü bir ordusu vardır. Biz Güney Azərbaycan Cümhuriyyət Partiyası olaraq inanırıq ki, Ermənistan dövləti adından son əsrdə ermənilərin Azərbaycan torpaqlarına qarşı edilmiş barbar təcavüzü zamanı törədilmiş bütün cinayətlərin hesabını soruşmaq zamanı artıq gəlib çatmışdır. ACP ədalətin bərpası və insanlığa qarşı törədilmiş qanlı soyqırımları təkrarlanmaması üçün Ermənistan dövləti adına iddialı olanlar həm 1918-ci il 159 günlük Güney Azərbaycan soyqırımına (Cilovluq), həm Quzey Azərbaycandakı 1918-ci il Mart soyqırımlarına, həm 1992-ci il Xocalı qətliamına, həm də onların vasitəsi ilə törədilmiş digər müharibə cinayətlərinə görə Ermənistan dövləti beynəlxalq məhkəmə qarşısında cavab verməli olduğunu gərəkli sayır.
Ərazi bütövlüyümüz və milli kimiliyimizin ayaqda tutulması yolunda təcavüzlər zamanı şəhid olmuş minlərlə soydaşımıza uca Tanrıdan rəhmət diləyir və millətimizi bu ağır faciələrdən tarixi dərslər çıxarıb gələcəyə doğru birlik və bərabərlik göstərməsini etdirməsini arzulayırıq.
Güney Azərbaycan Cümhuriyyət Partiyası
26 fevral 2024-cü il