Bir zamanlar internetə sadəcə yenilik, əyləncə, zərərsiz bir “oyuncaq” kimi baxırdıq. Sosial şəbəkələr isə darıxdırıcı axşamlarda vaxt keçirmək üçün bir məkan idi. O vaxt heç kimin ağlına gəlməzdi ki, bu sistemlər bir gün insanın alışqanlıqlarını, seçimlərini, düşüncə tərzini, hətta duyğularını belə yönləndirən nəhəng bir gücə çevriləcək.
Amma bu gün reallıq bütün çılpaqlığı ilə qarşımızdadır. İnternet və sosial media artıq sadəcə informasiya daşıyıcısı deyil. Bu, düşüncə formalaşdıran, davranış yönləndirən və kütləvi psixologiyanı idarə edən mükəmməl bir sistemdir. Bir vaxtlar bizə “neytral platforma” kimi təqdim olunan bu məkanlar, əslində, qlobal mədəniyyət hegemoniyasının ən təsirli alətlərindən birinə çevrilib. Orada çox incə bir siyasət yürüdülür: dəyərlər dəyişdirilir, zövqlər standartlaşdırılır, milli kimliklər yenidən yazılır.
Ekrana baxarkən elə bilirik ki, nəyi izləyəcəyimizi, nəyi bəyənəcəyimizi özümüz seçirik. Lakin bu, çox vaxt sadəcə bir illüziyadır. Nəyi izləyəcəyimiz bizə göstərilir, nəyi düşünəcəyimiz şüuraltı səviyyədə təlqin olunur. Hətta nəyi sevməli, nədən iyrənməli, nəyə nifrət etməli olduğumuz belə zamanla həmin alqoritmlər tərəfindən formalaşdırılır. Bu, heç də açıq bir təbliğat deyil və məhz buna görə də olduqca təhlükəlidir. Yavaş, hiss olunmadan işləyən, insanı içəridən fəth edən bir mexanizmdir.
Əgər bir ulus öz informasiya məkanını qorumursa, fəlakət qaçılmazdır. Başqalarının qurduğu alqoritmlərlə düşünməyə başlayan, başqalarının yaratdığı gündəmlərlə yaşayan bir toplum bir müddət sonra fərqinə belə varmadan öz kökündən, kimliyindən uzaqlaşır. Məhz buna görə də intellektual durğunluqla barışmamalı, passiv izləyici mövqeyindən çıxıb aktiv şəkildə dəyərlər yaradıcılığı prosesinə başlamalıyıq. Çünki rəqəmsal mühitdə boşluq qalmır. Sən o meydanı öz dəyərlərinlə doldurmasan, mütləq kimsə gəlib özününkünü sənə sırıcaq.
Bu gün artıq məsələ təkcə texnoloji inkişaf arxasınca qaçmaq deyil. Bu, birmənalı şəkildə milli təhlükəsizlik və düşüncə müstəqilliyi məsələsidir. İnformasiya çağında müharibələr təkcə səngərdə, silahla aparılmır. Bəzən bir trend, bir qısa video min güllədən daha təsirli, daha dağıdıcı ola bilir.
Hər bir toplum öz media məkanını gücləndirməli, öz kontent istehsalçılarını dəstəkləməli və milli dəyərlərini rəqəmsal mühitdə yaşatmalıdır. Bu sahədə nəzarətsiz boşluq buraxmaq gələcəyi təslim etməkdir. Əks halda, başqasının yazdığı ssenaridə sadəcə rol oynayan, idarə olunan kütləyə çevriləcəyik. Və ən acınacaqlısı odur ki, bunu öz azad seçimimiz hesab edəcəyik.
Müəllif: Eltən Törəçi