Gecə də sənindir, gündüz də sənin

Gərək

Tərəzisi pozulubdur bu dünyanın

Tarazlığı qorumağa mizan gərək.

Düşüncəsi qarışıbdır hər insanın

Onu pozub yeni beyin yazan gərək.

 

Adəm oğlu kainatı dəyişdirir,

Yaranışı fərqli-fərqli yetişdirir,

Az qala ki, kürələri döyüşdürür,

Şüurları lap dərindən pozan gərək.

 

İnsanlığın izi-tozu qalmayıbdır,

Aman, iman, inam yeri dolmayıbdır,

Nemətlərin dadı-duzu olmayıbdır,

Halal çörək bişirməyə qazan gərək.

 

İlahiyə gedən qapı bağlı qalır,

Borclu olan, haqsız olan haqlı qalır,

Hər yenini sınamağa ağlı qalır,

Sabahları bircə xeyirə yozan gərək.

20.10.2021

 

Bu dünyada

 

Bu dünyada yaxşı günün var isə,

Dost olananın, can deyənin çoxalar,

Elə ki birinə üz-göz turşutsan,

Bil ki, dost da, yar da, can da yox olar.

 

Əl uzadıb sənə çəkənin yoxdur,

İrəli gedəndə dartanın çoxdur,

Yalan xoş sözlərə nəfsin ki toxdur,

Uğurun çoxuna, vallah, ox olar.

 

Qanayan dizinlə iməkləyəsən,

Dişin-dırnağınla iməkləyəsən,

Bir işdən usanıb yoruldum desən,

Buna sevinənin, inan, çox olar.

20.02.2022

 

Gecə də sənindir, gündüz də sənin

 

Gecə də sənindir, gündüz də sənin

İstəsən, günəş ol, istəsən, zülmət.

Lakin kainatın yarandığından

Bil nələr dövran var, bil nələr hikmət!

 

Vəfa da sənindir, xəyanət sənin,

Kitabat sənindir, cəhalət sənin,

Xurafat sənindir, kahanət sənin,

Bil nələr qiymət var, bil nələr ümmət!

10.11.2022.

Müəllif: Şahnzaxanım Şükürzadə

Gecə də sənindirgündüz də sənin