Gənc şair Şəhid gömrükçü Ülvi Hacıyevdən yazdı-FOTOLAR

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Dövlət Gömrük Komitəsinin əməkdaşı Ülvi Hacıyevin anım günü mərasimi keçirilib.
Anım günündə şəhidin II Fəxri xiyabandakı məzarı ziyarət olunub. Mərasimdə şəhidin ailə üzvləri, Dövlət Gömrük Komitəsinin əməkdaşları, Sabunçu rayonu icra hakimiyyəti və digər qurumların nümayəndələri iştirak ediblər.

 

Məlumat üçün bildirək ki,Hacıyev Ülvi Şirin oğlu 1994-cü il 13 noyabrda Bakıda ziyalı ailəsində dünyaya gəlir. 141 saylı orta məktəbi əla qiymətlərlə bitirən Ülvi, 2012-2016-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində rus dilində bakalavr təhsili alır. 2016-2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin MBA-nın Maliyyə Şöbəsi üzrə təhsilini davam etdirib.
Müəllimləri bildirir ki, Ülvi hər zaman ağlı, tərbiyəsi, savadına görə seçilən tələbələrdən olub. Hərbi xidmət dönəmi 2018-2019-cu illəri əhatə edir. Ülvi, Vətənə xidmət borcunu yerinə yetirdikdən sonra Azərbaycan Dövlət Gömrük Komitəsinin Qərb ərazi Baş Gömrük idarəsinin Qırmızı Körpü Gömrük postunda inspektor vəzifəsində xidmət edib. Bakıya yeni təyinat alıbmış ki, müharibə başlayır və o valideynlərindən xəbərsiz könüllü yazılaraq cəbhəyə yollanır.

 

Qeyd edək ki, Şəhid Ülvi Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Qovuşdu azadlığa,
Əsir torpağım, daşım.
Zəfərdə xidmətin var,
Əziz Ülvi qardaşım.
Mövzu vətən olanda,
Keçdin yüksək işindən.
Düşmən qorxub qaçardı,
Sizlərin döyüşündən.
Könüllü yazılaraq,
Qatıldın döyüşlərə.
Nər ürəkli igidim,
Atıldın döyüşlərə.
Ucalacaq heykəllər,
Kitablar yazılacaq.
Xalqın qəhrəman oğlu,
Tarixlərdə qalacaq.
Ucalan bayrağımız,
Baxır Cıdır Düzündən.
Şuşa arzuna çatdın,
Sevinc yağdı gözündən.
Qürur mənbəyi oldun,
Həm doğmanın, həm yadın.
Mübarizlə, Poladla,
Qoşa çəkilir adın.
Zərbədir dəmir yumruq,
Savaşımız oldu haqq.
Şəhidim sizə görə,
Başı uca gəzir xalq.
Samir Mustafayev
Kanal32.az