Fransanın zaman-zaman beynəlxalq münasibətlər və hüquqa təhdid rolunda çıxış etməsi heç kəsə sirr deyil. Bu ölkənin Senatının ardınca Milli Assambleyanın da qəbul etdiyi qərəzli qətnamə Parisin ölkəmizə qarşı məkrli siyasətə başlamasını açıq şəkildə ortaya qoydu. Bəli, bu münasibətlə fransızları təbrik etmək olar. Ölkələri səriştəsiz, qərəzli siyasətçilər və rəhbərlərinin qeyri-peşəkar davranışları səbəbindən terrorizmi dəstəkləyən, habelə bir qrup daşnak ermənilərinin məkrli niyyətinin yedəyində gedən dövlətə çevrilməkdədir. Aşağı palatanın qəbul etdiyi qərarla Fransa Azərbaycanla əlaqələrdə ən yarıtmaz məqsədlərini nümayiş etdirdi, bu vaxta qədər qurulmuş siyasi, iqtisadi göstəriciləri sıfırlamış oldu.
Kanal32.az xəbər verir ki,bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Telman İsa söyləyib.
“Öz ölkəsinin maraqlarını bir ovuc erməni lobbisinin istəyi üzərində qurması, milli hədəflərini erməni siyasətinə qurban verməsi Fransa üçün utancverici deyilmi? Terrorçu, işğalçı, təcavüzkar siyasət aparan ölkəni hər cür dəstəkləmək və özünə ən yaxın tərəfdar seçməklə Fransa, əslində, dünyanın mübarizə apardığı radikal separatizmi dəstəklədi. Bu proses hələ də “uğurla” davam edir, bununla da Avropa dəyərlərindən uzaqlaşdığını sərgiləyir. Şübhəsiz, Fransa parlamentarilərinin bu addımları bölgədə sülh prosesini zərbə altına qoyur, Cənubi Qafqazda təhlükəsiz mühitin formalaşmasına mane olur. ASALA boyda terror təşkilatını yaratmış daşnaklara “yanınızdayıq” demək Avropada, dünyada, hətta nüfuzlu beynəlxalq təşkilatlarda təmsilçiliyi olan Fransaya qətiyyən dividend gətirmir, əksinə, demokratik dəyərlərə inanan şəxslərdə ümidsizlik və xəyal qırıqlığı yaradır”, – deyə siyasi ekspert qeyd edib.
Onun sözlərinə görə, Fransa həm Birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsi dövründə Ermənistanın Azərbaycana qarşı təcavüzünü silahla, pulla, ardıcıl siyasi dəstək təmin etməklə müdafiə edib və bu gün də bu işi davam etdirir. Bu yanlış və təhlükəli “kirvəliyi”, “bacılığı” edənlərdən biri də elə Fransa Prezidenti Emmanuel Makrondur. Bu, açıq-aşkar ermənipərəst mövqeyini sərgiləyən o dövlətin başçısıdır ki, həmin dövlət 30 ildir Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə gedən prosesin vasitəçilərindən biridir. Ancaq nə Makronun sələfləri olan Fransua Mitteran, Jak Şirak, Nikola Sarkozi, Fransua Oland, nə də Makron özü heç vaxt bu məsələdə ədalətli hakim rolu oynamayıblar və kimliyindən asılı olmayaraq növbəti dövlət başçısının da mövqeyi belə olacaq – həmişə ermənilərdən yana. Çünki bu, həm də Fransa dövlətinin mövqeyidir və bu dövlət hələ 110 il öncədən özünü Qafqazda, Türkiyədə yaşayan ermənilərin hamisi, müttəfiqi elan edib.
Telman İsa bildirib ki, fransızlarla ermənilər Birinci Dünya müharibəsində çiyin-çiyinə vuruşublar, müasir Türkiyənin cənub-şərqində birlikdə ömrü qısa çəkən qondarma dövlətlər qurublar. Beləliklə, Makron tərəfsiz vasitəçi olacağı yerdə tərəfkeş himayədar roluna can atır və hələ həyasızcasına Fransanın ATƏT-in Minsk qrupundakı bədnam fəaliyyətini bərpa etmək üçün dəridən-qabıqdan çıxır. Elə Azərbaycan dövlətinin də nə üçün Fransanın iştirakçı olduğu vasitəçilik missiyasına soyuq yanaşdığının sirri bundadır. Azərbaycan cəmiyyəti, hamımız açıq və sərt şəkildə fransalı parlamentarilərə bildirməliyik ki, ikili standartlar və selektiv yanaşma ağızdolusu danışdıqları və təbliğ etdikləri demokratik dəyərləri aşındırıb. Onlar neokolonizm, neofaşizm, islamafob, irqçi, millətçi və türkəfob ideyaların qatı təbliğatçısına çevriliblər. Apardıqları bu məkrli siyasət son nəticədə özlərinə qarşı çevriləcək.
“Əlbəttə, bütün bu cəhdlər dövlətimizin qətiyyətini sarsıda bilməz. Dövlətimizin prinsipial mövqeyi dəyişməz olaraq qalır və Azərbaycanın irəli sürdüyü şərtlər əsasında imzalanacaq sülh müqaviləsi Cənubi Qafqazda davamlı sülhü təmin edə bilər. Bir daha aydın olur ki, Prezident İlham Əliyev nə üçün ADA Universitetində Makronu sülh danışıqlarını pozmaqda açıq şəkildə ittiham etdi. Brüssel görüşündən imtina da bu amildən qaynaqlanır. Ortaya paradoksal faktlar çıxır – səni aqressiyada ittiham edən şəxslə necə bir masa arxasında əyləşmək, sülhdən danışmaq olar? Görən, ermənilərin xaç atası Makron bu barədə nələri düşünür?”, – deyə T.İsa qeyd edib.
Siyasi ekspertin sözlərinə görə, keçmişi qaranlıq və məhrumiyyətlərlə dolu olan, müstəmləkəçiliyi dövlət siyasətinə qaldıran, Əlcəzair və Afrikanın digər bölgələrində, müxtəlif ölkələrdə soyqırımları, amansız qırğınlar törədən Fransanın öz-özünə bir hesabat da verməsi vacibdir, günün tələbidir.
“Əminik ki, Azərbaycan heç vaxt nə Fransanın, nə də digər bir ölkənin müstəmləkəsi olmayacaq. Bu niyyətdə olanlar Azərbaycanı heç bir ölkə ilə qarışdırmamalıdır. Ölkəmizin Xarici İşlər Nazirliyinin bəyanatında deyildiyi kimi, əleyhimizə qəbul olunan istənilən qurama qətnamələri xalqımız və dövlətimiz rədd edir, bundan sonra da belə olacaq!”, – deyən Telman İsa fikirlərini yekunlaşdırıb.