Əsl müəllim şagirdləri üçün şam kimi əriyən insandır.
Müəllim,öyrədən,öyrətmən… bu sadə sözün arxasında böyük məna dayanır. Peşələrin ən çətini, ən məsuliyyətlisi və ən şərəflisi məhz müəllimlikdir. Bəlkə də əsl müəllimlik, pedaqoqluq anadangəlmə bir istedaddır, vergidir, sonra elmlərə yiyələndikcə bu adı sənəd üzərində qazanırsan. Hər birimizdə müəllimlərimizdən zərrələr var – onlar zaman-zaman gözünün nurunu, qəlbinin hərarətini, könlünün istisini bizə verirlər. Müəllim təkcə bilik öyrətmir. Bəzən qayğıkeş ana,nənə və dost olaraq insanın sirdaşı olur. Belə müəllimlərdən biri – 78 illik həyatının 45 ilini sevə-sevə bu peşəyə həsr edən və bütün yetirmələrinin sevimlisi olan Mingəçevir şəhər sakini Minayə müəllimidir.
5 oktyabr müəllim günü ərəfəsində Minayə müəllimlə həmsöhbət olduq. Minayə müəllim həm şagirdlərinin,həm də işlədiyi kollektivin sevimlisi olub. M.Məmmədova şanlı müəllim ordusunun bütün pillələrindən şərəflə keçib – sıravi müəllimlikdən tutmuş, təhsilin digər pillələrindəki vəzifəyədək… Getdiyi məclislərdə, qatıldığı tədbirlərdə hər kəs onu doğması kimi salamlayır. Şagirdləri, işlədiyi məktəblərin bütün məzunları onu sevgi ilə, ehtiramla xatırlayırlar.
45 illik pedaqoji fəaliyyəti dövründə Mingəçevirdə yüzlərlə gəncin yetişməsində, vətənə layiqli övlad kimi cəmiyyətdə öz yerini tutmasında Minayə müəllimin rolu danılmazdır. Bu gün də gənclərdən öz tövsiyələrini, dəyərli məsləhətlərini əsirgəmir o. 45 illik pedoqoji fəaliyyətdən sonra təqaüddə çıxan Minayə Məmmədova özünə daha bir sevimli peşə tapır.
Aqillər yaxş deyib: “Ziyankar o kəsdir ki,anbaan ömrünü əldən verir”.Amma Minayə müəllim ömrünün 3-cü baharında da daha faydalı iş görməyi özünə borc bilir.Belə ki,”Yaşa mərkəzi”nə üzv olan xanım görənləri öz yaratdığı əl işləri ilə heyran qoya bilib.Onun bu yaşda hazırladığı əl işləri özünün dediyi kimi nənə,babalarımızın vaxtilə ərsəyə gətirdikləri,quramalar,tikmələr,rəsmləri indi də onlar davamçılarıdır deyir.
Minayə müəllim deyir ki,insan hansı yaşda olur olsun boş vaxtlarını da səmərəli keçirməlidir. Onun bir birindən 300-dən artıq çeşid-çeşid əl işləri bu gün görənləri heyran edir. Əl işlərindən ibarət müəllimənin sərgisi də təşkil olunub. “Üçüncü Bahar” İB üzvü olan Minayə xanım mütamadi olaraq onlayn dərslərə qatılır,internet vasitəsi ilə daim yenilik axtaraır, daha bir maraqlı ideası ilə diqqət çəkməyi çalışır.Bizdə çəkliş zamanı müəllimənin əl işlərinə baxdıq.
Bütün bunların fonunda gəldiyimiz qənaət odur ki,insan hansı yaşda olur olsun,həvəs,istək olarsa insan dağı-dağ üstə qoymağa qadirdir. Halal olsun belə xanımlarımıza.Deməli,yaratmaq üçün yaşamaq, yaxşıdan yaxşı götürmək, yəldə etdiklərini, qazandıqlarını paylaşmaq lazımdır. Biz də redaksiya olaraq öz növbəmizdə Minayə müəlliməyə uzun ömür,can sağlığı və yaradıcılığını davam etdirmək üçün tükənməz enerji arzulayırıq.
Esmira Hidayətova,
Mingəçevir