Erməni hərbi ekspert Van Ambarçumyan 2020-ci ilin Tovuz hadisələri və 44 günlük Vətən müharibəsi ilə bağlı Ermənistanın yalanlarını ifşa edib.
Kanal32.az Moderator.az-a istinadən xəbər verir ki, hərbi ekspert “Budrooo news” yutub kanalında Armen Qriqoryan ilə müsahibəsi zamanı bir sıra maraqlı faktların üstünü açıb.
O, 2020-ci ilin iyul ayında baş verən hadisələrdən danışarkən bildirib ki, Ermənistanın Azərbaycanın xüsusi təyinatlılarının UAZ markalı maşın ilə bu ölkənin dövlət sərhədini pozmağa cəhd etməsi ilə bağlı iddiasına görə ölkəsinin adına utanc hissi keçirib.
“Azərbaycanın xüsusi təyinatlıları nəyə görə gündüz vaxtı adi UAZ ilə hər hansı cəhd etmək istəsin ki? O hadisələrin təşəbbüskarı Ermənistan oldu. Ağlıma yalnızca bir fikir gəlir: hazırkı rəhbərlik göstərməyə çalışdı ki, 2016-cı ildə hektarlarla torpaq itirən əvvəlki rəhbərlərdən fərqli olaraq yalnızca irəli hərəkət edirlər və geri çəkilmirlər. Əslində isə azərbaycanlı hərbçilər sadəcə öz nəzarətləri altında olan ərazilərdə patrul həyata keçirirdilər. Ermənistan tərəfi isə bu UAZ-ı atəşə tutmağa başladı. Nəticədə isə, o yandı”, – deyə ekspert qeyd edib.
Hərbi ekspert, həmçinin vurğulayıb ki, vəziyyəti kəskinləşdirmək münaqişədə açıq-aydın zəif tərəf olan Ermənistanın maraqlarına uyğun deyildi. Lakin Ermənistan tərəfi bu addımı atdı: “O zaman mən bunu bilirdim, lakin deyə bilmirdim, məni başa düşməzdilər”.
Van Ambarçumyan bildirib ki, Ermənistan tərəfi həmin dövrdə İsrail istehsalı olan və istənilən hava şəraitinə uyğun taktiki pilotsuz uçuş aparatı “Hermes-900”u vuran dünyada ilk ölkə olduqlarını iddia edəndə də utanc hissi yaşayıb. Ermənistan tərəfi o zaman iddia edirdi ki, sözügedən dronu “OSA-AK” zenit raket kompleksinin köməkliyi ilə vurub:
“İnformasiya müharibəsi aparmaq istəyirsinizsə, bunu etməyi bacarın. Bu məlumat tamamilə yalandır. Pilotsuz uçuş aparatı 9100 metr hündürlükdə uçur. Bu aparat vurulması çətin olsun deyə xüsusi olaraq layihələndirilib. “OSA-AK” zenit raket kompleksinin maksimum zərbə hündürlüyü 5000 metr təşkil edir. Düşünürəm ki, başqa nəsə demək əhəmiyyət kəsb etmir. Onlar özlərini gülünc vəziyyətə salıblar”.
Hərbi ekspert, həmçinin ölkə rəhbərliyini Rusiyanın Su-30SM təyyarələrini almasına görə kəskin tənqib edib: “Mən deyirdim ki, nəyi idarə edə bilirlərsə, onu almaq lazımdır. Bu təyyarəyə 120 milyon dollar xərclənib. Bu dövlətin piarı üçün edilmişdi. Çünki o vaxt Ermənistanın ilk dəfə qırıcı təyyarə alması barədə çox danışılırdı”.
Bununla yanaşı, 44 günlük Vətən müharibəsindən danışan erməni ekspert Ermənistanın Azərbaycanın Xankəndini və dinc sakinləri bombardman etməsi ilə bağlı bütün iddialarını yalanlayıb. O bildirir ki, Azərbaycan istəsəydi, Xankəndinin əsas meydanındakı “hökumət binaları”nı asanlıqla vura bilərdi: “Onlar nəinki Qarabağda, hətta İrəvandakı hədəfləri vura bilərdilər”.
Hərbi ekspert əlavə edib ki, Ermənistan 4 dəfə “İsgəndər” taktiki raket kompleklərindən istifadə edib:
“Onlar iki dəfə Şuşaya, iki dəfə Bakı istiqamətində atəş açıblar. Lakin raketlərin qarşısı Azərbaycan tərəfindən alınıb və məhv edilib”.