Ermənistan Silahlı Qüvvələrinin Gəncəyə 5-ci dəfə raket atmasından bir il keçir.
Kanal32.az xatırladır ki, 2020-ci ilin oktyabrın 17-də gecə saat 01 radələrində düşmən növbəti dəfə Azərbaycanın ikinci böyük şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini “Skad” əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutub.
Nəticədə 14 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.
Faktla bağlı Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Bundan başqa, Ermənistan Silahlı Qüvvələri həmin gün – oktyabrın 17-də gecə saat 01 radələrində növbəti dəfə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atıb. Raketlər Ordumuzun Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən zərərsizləşdirilib.