Ərdoğandan kritik açıqlamalar:“Macəra axtarmırıq, amma…”-VİDEO

Bu müharibə böyümədən dayandırılmalıdır”

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan AK Partiyanın qrup toplantısında gündəmlə bağlı mühüm açıqlamalar verib. 

KANAL33.az xəbər verir ki, Ərdoğan bölgədəki müharibənin genişlənmədən dayandırılmasının vacibliyini vurğulayaraq bildirib: “Diplomatiyaya şans verilsə, bunu bacarmaq mümkündür”.

“Millət olaraq heç vaxt qorxmadıq”

Prezident çıxışının əvvəlində toplantının ölkə və millət üçün xeyirli olmasını arzulayıb, partiyanın 11 milyon 500 mindən çox üzvünü salamlayıb.

O qeyd edib ki, sabah Türkiyənin dövlət himni olan İstiqlal Marşının qəbul edilməsinin 105-ci ildönümü qeyd olunacaq. Mərhum Mehmet Akif Ersoy tərəfindən yazılan İstiqlal Marşı milli iradənin və azadlıq ruhunun manifestidir.

“Bu o deməkdir ki, türk xalqının azadlığına toxunmaq mümkün deyil. İstiqlal Marşı son dövlətimizin qurucu sütunlarından biridir. Millət olaraq biz heç vaxt qorxmadıq. Şəhid qanı ilə suvarılmış bu torpaqlarda necə başımız dik, azad yaşamışıqsa, bundan sonra da elə yaşayacağıq. Allah bu millətə bir daha İstiqlal Marşı yazdırmasın”, – deyə Ərdoğan bildirib.

“Bizi biz edən dəyərlərdən imtina etməyəcəyik”

Prezident son günlər bəzi dairələrin Türkiyənin milli və dini dəyərlərinə qarşı çıxış etdiyini də tənqid edib.

“Ezan, Qurani-Kərim, şəhidlik, bayraq və azadlıq türk millətinin əsas dəyərləridir. Bir neçə radikal narazı olur deyə bizi biz edən dəyərlərdən imtina etməliyikmi? Qəhrəman əcdadımızı inkar etməliyikmi? Biz bunu etmərik. Kim hansı bəyanatı verirsə versin, biz öz köklərimizə sahib çıxacağıq”, – deyə o vurğulayıb.

“Dünya bu qarşıdurmaların bədəlini ödəyəcək”

Ərdoğan bildirib ki, regionda münaqişələr səngimir və yanlış hesablamalar nəticəsində bölgə yenidən qan və barıt qoxusuna bürünüb.

Onun sözlərinə görə, hücumlar nəticəsində 175 qız tələbə həyatını itirib. İranın dini lideri başda olmaqla bir sıra yüksək vəzifəli şəxslər sui-qəsd nəticəsində öldürülüb, ölkə isə hər gün bombardman altındadır.

“Biz neft istehsalı müəssisələrinin, su və enerji infrastrukturunun vurulduğunu görürük. Bu hücumlar qlobal iqtisadiyyata da ciddi təzyiq göstərir. Bütün dünya bu qarşıdurmaların bədəlini ödəməyə hazırlaşır. Münaqişə davam edərsə daha çox insan həyatını və yaşayış yerini itirəcək”, – deyə Türkiyə prezidenti qeyd edib.

“Türkiyəni alovdan qorumaq üçün ehtiyatlı davranırıq”

Ərdoğan bildirib ki, Türkiyə regiondakı böhranlara biganə qala bilməz və ölkə müharibənin genişlənməsinin qarşısını almaq üçün diplomatik səyləri dəstəkləyir.

“Bu müharibə böyümədən dayandırılmalıdır. Diplomatiyaya şans verilsə, buna nail olmaq mümkündür”, – deyə o bildirib.

Prezident həmçinin vurğulayıb ki, Türkiyə üçün əsas meyar insanlıqdır: “Bizim üçün türk, kürd, ərəb, şiə deyil – insan var. İstər qonşuluğumuzda, istərsə də dünyanın digər ucunda əziyyət çəkən kim varsa, onun yanındayıq”.

“Macəra axtarmırıq, amma…”

Ərdoğan bildirib ki, Türkiyə artıq regionda daha güclü və təsirli ölkəyə çevrilib.

“Bugünkü Türkiyə artıq fərqlidir. Ölkəmiz gücünə güc qatıb və bölgəsində oyun quran aktora çevrilib. Biz macəra axtarmırıq. Regiondakı bütün ölkələrin ərazi bütövlüyünü müdafiə edirik. Heç kimin torpağında gözümüz yoxdur. Amma macəra axtaran olarsa, ona da meydan oxumaqdan çəkinmərik”, – deyə o qeyd edib.

Ərdoğan çıxışında rəqəmsal mühitin təsirlərinə də toxunub. Onun sözlərinə görə, müasir müharibələr artıq fərqli format alır və rəqəmsal platformalarla bağlı narahatlıqlar artır.

“Dünyada böyüklərin internetdə keçirdiyi vaxt orta hesabla 6 saat 38 dəqiqəyə çatıb. Uşaqlarda isə ekran vaxtının 9 saata qədər yüksəldiyi təxmin edilir”, – deyə o bildirib.

Türkiyə Prezidentinin tam çıxışı videoda:

/azpolitika.az/
Ərdoğandan kritik açıqlamalar:“