Ərdoğandan İsrailə taktiki “zərbə”-Yeni ittifaq,yoxsa…?-TƏHLİL

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qısa müddət ərzində iki mühüm ölkəyə səfər edib. Fevralın 3-də Səudiyyə Ərəbistanına, 4-də isə Misirə gedən Ərdoğanın bu addımı təsadüf sayıla bilməz. Xüsusilə Səudiyyə Ərəbistanı ilə müdafiə sənayesi sahəsində, Misirlə isə müdafiə nazirləri arasında çərçivə sazişlərinin imzalanması diqqət çəkir.

Məlum olduğu kimi, uzun illər Türkiyənin həm Misir, həm də Səudiyyə Ərəbistanı ilə münasibətləri soyuq və məsafəli olub. Qarşılıqlı ittihamlar, diplomatik gərginliklər və etimadsızlıq gündəmi müəyyən edirdi. Lakin son dövrdə regionda baş verən proseslər Ankara üçün köhnə münaqişəli tərəflərlə əməkdaşlıq zərurətini ortaya qoyur.

ABŞ-ın İrana mümkün hərbi müdaxiləsi, İsrailin regiondakı hərbi-siyasi fəaliyyətləri Ankaranı ciddi narahat edir. Türkiyə, İranın regiondakı hərbi addımlarını və ABŞ-İsrail təşəbbüslərini izləmək, eyni zamanda tarazlıq yaratmaq üçün Səudiyyə Ərəbistanı və Misirlə əməkdaşlıq imkanlarını sınayır.

Əslində, Ankara adıçəkilən ölkələr ilə “Səadabad Paktı”na bənzər bir əməkdaşlıq blokunun yaradılmasını düşünə bilər. Tarixi kontekstə baxsaq, “Sadabat Paktı” 1937-ci ildə İraq, İran, Əfqanıstan və Türkiyənin iştirakı ilə yaradılmışdı. Həmin paktda hərbi koordinasiya və ortaq təhlükəsizlik maraqları əsas məqsəd götürülmüşdü. Bu gün Türkiyənin Misir və Səudiyyə Ərəbistanı ilə oxşar bir blok qurması maraqlı proses olardı.

Lakin bu istək mürəkkəb tarixi və siyasi reallıqlara tabedir. Uzun illər soyuq münasibətlər, qarşılıqlı etimadın tam bərpa olunmaması və hər bir ölkənin fərqli strateji maraqları bu prosesin səmərəli işləməsini çətinləşdirir. Bundan əlavə, Türkiyə, Misir və Səudiyyə Ərəbistanı regionda həm təsir uğrunda, həm də “kölgə rəqabəti” şəraitində fəaliyyət göstərir. Bu isə hər hansı bir blokun yaradılmasını sadə diplomatik addım kimi deyil, davamlı danışıqlar, strateji kompromislər və hərbi koordinasiya tələb edən mürəkkəb proses kimi göstərir.

Ərdoğanın səfərləri və imzalanan çərçivə sazişləri, Ankaranın Yaxın Şərqdə yeni tarazlıqlar yaratmaq, ABŞ və İsrailin region siyasətinə qarşı tarazlıq təmin etmək və İranın bölgədəki addımlarını daha yaxşı izləmək niyyətini əks etdirir. Bunu isə tək başına etmək çətindir. Ona görə Ankara Səudiyyə Ərəbistanı və Misirlə əməkdaşlıqda maraqlıdır. Lakin dediyim kimi, danışıqların davamlı olması mütləqdir.

TURAN  RZAYEV

Ərdoğandan İsrailə taktiki “zərbə”-Yeni ittifaqyoxsa...?-TƏHLİL