Ərdoğan əslində İsrailə nə demək istəyib?…-ŞƏRH

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın İsrailə dediyi “Biz Qarabağa, Liviyaya nece girdiksə, İsrailə də eynisini edərik” sözləri ortalığı xeyli qarışdırdı. Bəziləri bunu daxili siyasətə yönəlmiş təbliğat çıxışı, bir qism şərhçilər isə İsrailə qoşun yeritmə təhdidi kimi qiymətləndirdi.

İlk baxışdan hər iki yanaşma məntiqli görünür. Amma fikrimcə, bir nüans diqqətdən kənarda qalır. Gəlin baxaq, Türkiyə hansı ölkələrə rəsmi olaraq Türkiyə Silahlı Qüvvələrini (TSK) yeridib və hərbi əməliyyatlar keçirir? Bu ölkələr Suriya və İraqdır. Suriyanın və İraqın şimalında TSK türk bayrağı altında açıq əməliyyatlar keçirir. Amma Ərdoğan Suriyaya və İraqa necə girdiksə, İsrailə də eynisini edərik demir.

Qarabağa və Liviyaya isə Türkiyə rəsmi olaraq TSK birliklərini yeritməyib. Qarabağ müharibəsində Azərbaycana siyasi-mənəvi, texnoloji və silah-sursat yardımı edib. Eyni qaydada Liviyada beynəlxalq aləmin rəsmən tanıdığı Trablus hokumətinə siyasi, texnoloji ve silah-sursat yardımı edib. Deməli, Ərdoğanın “İsrailə də eynisini edərik” ifadəsini başqa kontekstdə anlamaq lazımdır.

Ərdoğan kimi çox böyük kalibrli siyasətçinin sağa-sola rast gələ ifadələr atmadığını son Illərin təcrübəsi bizə anladıb. Üstəlik, bu siyasətçinin dediklərinin şəxsi çılğınlıq olmadığını, tam əksinə, Türkiyənin milli maraqlarının bir qədər pafoslu şəkildə dilə gətirilməsi olduğunu dəfələrlə müşahidə etmişik. 

Türkiyə Cümhuriyyəti də elə dövlət deyil ki, onun lideri milli maraqları baltalayan çılğınlıqlar etsin. Əslində İsrailin Yaxın Şərqdə orta güclü bir dövlət kimi var olması həm Türkiyənin, həm də ələlxüsus Azərbaycanın maraqlarına uyğundur. İsrail geopolitik mənada Azərbaycanın təbii müttəfiqidir. Eyni zamanda İsrail dövlətinin varlığı gələcəkdə Türkiyəyə qarşı yönələ biləcək 300-400 milyonluq ərəb milliyətçiliyini çəkindirən ən önəmli faktordur.

Buna baxmayaraq, İsrailin kürd separatçılığını dəstəkləməsi və Yaxın Şərqi qan gölünə çevirməsi Türkiyəni ciddi narahat edir. Digər tərəfdən, İsraildə təbliğ olunan “Böyük İsrail” xəritəsinə Türkiyə əraziləri də daxildir. Başqa sözlə, İsrail dövlətinin regionda var olması Türkiyənin maraqlarına uyğun olsa da, bu dövlətin həddən artıq güclənməsi Türkiyənin maraqlarına uyğun deyil.

İndi baxaq: “Qarabağa və Liviyaya necə girdiksə, İsrailə də eynisini edərik” təhdidi, fikrimcə, o deməkdir ki, əgər İsrail Qəzzadakı qırğını dayandırmazsa və Livana hərbi müdaxilə edərsə, Türkiyə HƏMAS-a və Livana hərbi-texnoloji dəstək verə bilər. Belə yardım texniki cəhətdən mümkündür. Türkiyə çox ciddi qüvvələri, texnologiyaları və özünə bağlı çoxsaylı Suriyaya müxalif silahlı qrupları ilə birlikdə regiondadır. Türkiyə əlindəki bütün bu instrumentlərlə HƏMAS-a və Livana açıq dəstək verməyə başlasa, İsrailin nə qədər böyük problemlə üzləşə biləcəyini siz düşünün.

Ərdoğanın “eynisini İsrailə də edərik” ifadəsini həm də İsraili dayandıracaq xəbərdarlıq kimi dəyərləndirmək olar.

İstənilən halda ümid edək ki, Yaxın Şərqdəki qırğınlar səngiyəcək və təhdidlər də yalnızca təhdid olaraq qalacaq.

 

Namiq Bilal

Ərdoğan əslində İsrailə nə demək istəyib?...-ŞƏRH