Eltən Törəçidən dilimizlə bağlı çağırış: “Gəlin öz sözümüzü özümüzdə axtaraq”

Azərbaycan dilində işlənən alınma sözlərə türkcə qarşılıqlar tapmaq, unudulmuş sözlərimizi yenidən üzə çıxarmaq və dilimizi çağdaş dünyanın tələblərinə uyğun daha aydın, anlaşıqlı və işlək etmək üçün yeni təşəbbüs başlayır.
Çölçü İctimai Birliyinin başqanı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Türk törə dəyərləri araşdırmaçısı, tanınmış yayımçı və media qurucusu Eltən Törəçi bu istiqamətdə çalışan gəncləri bir araya gəlməyə çağırıb.
Onun sözlərinə görə, son illər sosial şəbəkələrdə, xüsusilə Facebookda dilimizin durulaşması üçün çalışan xeyli gənc var. Kimi unudulmuş Azərbaycan sözlərini tapır, kimi alınma sözlərə türkcə qarşılıq axtarır, kimi qədim kitab və yazıları araşdırır, kimi də digər türk xalqlarında yaşayan sözləri paylaşır. Ancaq bu insanlar çox vaxt bir-birindən ayrı çalışırlar.
Bu məqsədlə Çölçü İctimai Birliyində “Çağdaş Öztürkcə Dil Özəyi” yaradılır.
“İstəyirik ki, bu gənclər bir masa arxasında toplansınlar. Sadəcə sosial şəbəkədə söz paylaşmaqla kifayətlənməyək. Araşdıraq, müqayisə edək, müzakirə edək və ortaya ciddi bir iş çıxaraq. Əsas qaydamız budur: öncə öz sözümüzü öz qaynaqlarımızda axtaraq”, – Eltən Törəçi bildirib.
Araşdırma zamanı Azərbaycanın müxtəlif bölgələrində işlənən sözlərə, şivə və ağızlara, qədim yazılı mənbələrə, dastanlara, nağıllara, atalar sözlərinə və digər xalq yaradıcılığı nümunələrinə baxılacaq. Eyni zamanda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və digər türk xalqlarının dillərində yaşayan sözlər də araşdırılacaq.
Məqsəd bütün alınma sözləri zorla dildən çıxarmaq və ya süni şəkildə yeni sözlər düzəltmək deyil. Təklif edilən hər sözün haradan gəldiyi, mənası, danışıq və yazı dilinə uyğunluğu, insanlar tərəfindən asan qəbul edilib-edilməyəcəyi nəzərə alınacaq. Yalnız uyğun qarşılıq tapılmadıqda dilimizin öz söz yaratma imkanlarından istifadə edilməsi düşünülür.
Təşəbbüsün daha böyük hədəfi isə görülən işi gələcək üçün qorumaqdır. Toplanan sözlərin, mənbələrin və təkliflərin sistemləşdirilərək “Çağdaş Öztürkcə” adlı kitab və sözlük şəklində hazırlanması nəzərdə tutulur. Hazır çalışma gələcəkdə Azərbaycan və digər türk dövlətlərindəki universitetlərin dilçilik, filologiya və türkologiya bölümlərinə, elmi qurumlara araşdırma və müzakirə üçün təqdim ediləcək.
Eltən Törəçi dilçiləri, tələbələri, tarixçiləri, folklorçuları, başqa türk dillərini bilənləri, bölgələrimizdə yaşayan qədim sözləri toplayanları və ümumiyyətlə dilimizin gələcəyinə töhfə vermək istəyən gəncləri təşəbbüsə qoşulmağa çağırıb.
“Dil bizə yalnız keçmişdən qalan miras deyil. Dil gələcəyə qoyduğumuz yatırımdır. Öz dilimizdə düşünmək istəyiriksə, çağdaş dünyanın sözünü də öz dilimizdə deyə bilməliyik”, – Eltən Törəçi bildirib.

Eltən Törəçidən dilimizlə bağlı çağırış: “Gəlin öz sözümüzü özümüzdə axtaraq”