Elmi biliklərə əsaslanan təhsil gələcəyin ən etibarlı təminatçısıdır-Bəs bizdə?

Bu gün təhsil səviyyəsinin yüksəldilməsinə nail olmadan gələcəyə inamla addımlamaq mümkün deyil. Dünya ölkələrindən ən inkişaf etmiş təhsil siteminə malik dövlətlərin təcrübəsi heç də həmişə birmənalı qəbul edilmir. Bəzən hərənin öz milli xüsusiyyətləri, mentaliteti və s. kimi bəhanələri modern metodların tədbiqinə maneə yaradır. Müstəqilliyimizi əldə etdiyimiz vaxtdan 30 ildən artıq vaxt keçsə də, Azərbaycan təhsilinin bu günkü durumu hələ də “çaşqın” platforma üzərində ləngərliyir. Keçmiş sovet təhsil sisteminin stereotiplərindən qurtula bilməyən (yeri gəlmişkən, buna məktəblərimizdə rus dili sektorlarının təhsilimizdə qalması da təsir edir) indiki təhsil sistemimiz hələ də sabitləşə bilmir. Hər il dəyişən tədris proqramları, ildən ilə ağırlaşan yüklülük təhsilalanların keyfiyyətli biliklərə yiyələnməsinə əngəllər yaradır. Orta statistik azərbaycanlı öyrəncilər son vaxtlar Avropa təhsil sistemi üzərindən qardaş Türkiyədə təhsilə daha çox üstünlük verirlər. Lakin, istər ali və orta ixtisas, istərsə də orta məktəb müəssisələrimiz hələ də sovet dövrünün müəllim-professor kontingentinin köhnə tədris-təlim metodlarının ümidinə qalıb.

 

Türkiyədə elmi biliklərə yiyələnmədə ən müasir metodların tətbiqi hər il aktuallaşır. Son vaxtlar əzbərçi təhsilin ardan qaldırılması yolları aranır. Əzbərçi təhsillə böyüyənlər yaşadıqları dünyada əlaqələri görə, anlaya bilmirlər. Əzbərçi təhsildən qurtulmağın ilk yolu müəllimləri bundan qurtarmaqdır. Humanitar elm sahəsində fəlsəfi biliklərin geniş tədrisi daha məqbul sayılır. “Fəlsəfə nə işə yarar” sualına cavabları da maraqlıdır: “Çox işə yarayar. Amma ən böyük faydası baxdığını görə bilməkdir. Çoxlu sayda insanlar baxır, amma görə bilmirlər. Fəlsəfənin ana suallarından biri “Nədir” sorusudur. Məsələn, “Ədalət nədir” sualının cavabını bilməyən necə adil davrana bilər? Hazır resepti yoxdur axı”. Təklif edir ki, orta məktəbin yuxarı siniflərindən fəlsəfəni uşaqlara öyrətməyə başlamaq lazımdır, universitetdə isə proqram daha geniş və uzunmüddətli olmalıdır. Türkiyə Felsefe Kurumunun rəhbəri prof. İoanna Kuçuradinin ölkə mediasında yayılan müsahibəsinə görə, uşaqlara lap kiçik yaşlardan özlərinə hakim ola bilmələrini öyrətmək lazımdır.

 

Təhsilin səviyyəsində müşahidə olunan enişin qarşısını almağın yolu ilə bağlı fikri belədir: “Bir işdə uğur qazanmaq istəyirsinizsə, orda getməli olduğunuz yüksək bir hədəf müəyyən edəcəksiniz, ora çatmaq üçün çabalayacaqsınız. Təhsildə düşüş o zaman olur ki, onun taleyi belə yüksək hədəflər müəyyən etməyən insanlara həvalə olunur”. Baxın, necə də bu günkü Azərbaycan təhsilinin “boyuna biçilmiş” diaqnozdur. Böyük resurs pulları ilə inkişaf görüntüsü yaratmaqdan asan heç nə yoxdur. Hanı təhsili bataqlıqdan çıxarmaq üçün İoanna xanımın dediyi o yüksək hədəflər? Hanı ölkənin orta və uzunmüddətli təhsil strategiyaları, proqramları?. Beş ildir bu ölkədə tək bir Təhsil Nazirliyi üçün nəticəsi ölçülə bilən büdcə və hesabatlılıq mexanizmi, peşəkar işlənmiş, büdcəyə inteqrasiyası təmin edilmiş bir Strateji Plan sənədi hazırlaya bilmirlər. Müasir Avropa və köhnə rus təhsili arasında “hibrid sistem” çabalarına son verməyin vaxtı çoxdan çatıb. Dövlət büdcəsindən milyonlarla vəsaitin xərcləndiyi təhsil müəssisələrində keyfiyyət aşağıdır ki, insanlar xərc çəkib əlavə özəl (repetitor)təhsilə üstünlük verirlər.

Rasim Zeynalov,

pedaqoq, siyasi şərhçi