Eldar Həsənovun həbsində qisasçılıq izi-DİQQƏTÇƏKƏN AÇIQLAMA

Vəkil Cavad Cavadov özünün “Facebook” səhifəsində məhbus dövlət xadimi Eldar Həsənovun açıqlamasını yayıb.

 

Kanal32.az xəbər verir ki,  həbs olunduğu gündən Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılan Eldar Həsənovun Baş Prokurorluğun onun haqqında yaydığı məlumatla bağlı açıqlamasında deyilir:

“13 avqust 2020-ci  il tarixdə saxlanılmağımın  növbəti günü Bakı şəhər  Səbail rayon məhkəməsində ilk və sonuncu dəfə ifadə vermişəm: “Baş verənlər bir anlaşılmamazlıqdı, aparılan cinayət işi ilə bağlı bütün məsələlərin ölkə daxilində, hüquqi müstəvidə, obyektiv və ədalətli araşdırılmasına ümid edirəm, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ədalətinə inanıram .

 

Həbsimin və verilən ittihamların qanunsuz, əsassız, qərəzli və sifarişli olmasına etiraz olaraq bü günə qədər ifadə verməmişəm.

 

Prokurorluğunun mətbuata verdiyi qərəzli məlumatla bağlı ilk dəfə olaraq bildirirəm ki, həbsimin əsl səbəbi qətiyyən həmin məlumatda göstərilənlər deyil. Həbsimin həqiqi  səbəbi əslində güya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım  kimi   ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olmuşdur.
Həqiqətən mən XİN-nin qapalı iclaslarında, o cümlədən 02 fevral 2020-ci ildə Brüssel şəhərində Avropada Azərbaycanı təmsil edən səfirlərin iştirakı ilə keçirilən qapalı iclasında, həmçinin yazdığım məktublarda dövlətimizin apardığı siyasətə xələl gətirən, zərər verən laqeyd münasibəti tənqid etmişəm. Amma məsuliyyətli məmur kimi onları heç vaxt,  heç bir yerdə ictimailəşdirməmişəm. Çıxışlarımın stenoqramları və məktublarımın hər biri müvafiq dövlət qurumlarında saxlanılır.

 

Məqsədyönlü şəkildə həqiqətə uyğun olmayan məlumatların hazırlanıb aidiyyati üzrə ötürülməsini, son 2 ildə müxtəlif kütləvi informasiya vasitələrində tirajlanmasının təşkilatçıları mənə məlumdur. Zərurət yarandıqda, yalan və uydurmalar əsasında mənim, hətta xarici ölkədən yalan məlumatlar göndərilməsinə, həbsimə nail olan, özünü ölkə rəhbərliyinə yaxın hesab edən və bundan öz şəxsi maraqlarına sui-istifadə edən hər iki insanın adını və səbəblərini açıqlayacam.

 

Yeri gəlmişkən, saxlanıldığım ilk gündən etibarən bu şəxslərdən birinin bütün imkan və vasitələrlə işin obyektiv araşdırılmasına birbaşa mane olmasına dair müvafiq dövlət qurumuna rəsmi müraciət etmişəm. Lakin bu müraciətlərimin yekun  ünvana çatmasından belə  əmin deyiləm.

 

İstintaqın müxtəlif  mərhələlərində  mənə adlarını açıqlamaq istəmədiyim şəxslərə qarşı müəyyən ifadələr verməyimi və bunun müqabilində ertəsi gün azadlığa buraxılmağımın təmin edilməsinə dair çoxsaylı təklif və cəhdləri  rədd etmişəm. Birmənalı olaraq bildirmişəm ki, satqınlıq nə xasiyyətimdə və nə də mənsub olduğum nəsil-nəcəbatda olmayıb və bundan sonra da olası deyil.

 

Bir daha bəyan edirəm ki,  27 ildə mənim yolum Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin siyasəti olub. Bunu məni tanıyanlar, yaxınlar və bu illərdə, hətta ən ağır illərdə əməli fəaliyyətim, gördüyüm işlər təsdiqləyir. Azacıq şübhəsi olanlar son 27 illik fəaliyyətimi, vicdan və ədalət çərçivəsində, təhlil və təftiş edə bilərlər.

 

O ki, qaldı mətbuata verilmiş məlumatın mahiyyətinə,  birmənalı şəkildə bildirirəm ki,  verilmiş ittihamlar heç bir mötəbər sübuta, dəlilə, hüquqi və prosessual əsaslara yox, mülahizə və ehtimallar əsasında sifarişli, qərəzli, qisas almaq niyyətinən başqa bir şey deyildir.

 

İfadə verməkdən imtina etməyimin əsas səbəblərindən biri də verilən ittihamların uydurma olması ilə yanaşı provokasiya xarakterli (məni ifadə verməyə məcbur edib bu ifadələrdən sui-istifadə etmək məqsədi güdülməsi), hətta dövlətimizin imicinə, bəzi hallarda isə dövlətlər arası münasibətlərə  zərər vurması ilə nəticələnə bilməsindən ehtiyat etməyim olmuşdur.

 

İstintaq isə çəkinmədən hətta ittihama mənim heç vaxt, heç bir halda, müdaxilə etmək  belə niyyətim, səlahiyyətim və  imkanım olmadığı Heydər Əliyev Fondu ilə bağlı layihələri salmış, belə humanitar layihələrə, yerində birbaşa rəhbərlik etmək məqsədi ilə xidməti pasport verilərək uzunmüddətli (yeddi il) ezam olunnmuş, artıq həyatda olmayan, öz  işini layiqincə, vicdanla və yüksək peşəkarlıqla yerinə yetirmiş  memar Eldar Hüseynovun adının cinayət əlaqəsində qeyd etməsi ağlasığmaz qanunsuzluq və haqsızlıqla yanaşı bir provokasiyadır.

 

Bu səbəbdən  məhkəmədə ən azı özümü müdafiə etmək, həqiqətəri  söyləmək üçün ifadə vermək məcburiyyətində qalacam və bununla  belə  mənə qarşı olan bu qədər haqsızlıqlara baxmayaraq  yenə də dövlətimin maraqlarını hər şeydən üstün tutmağı düşünürəm. Mənim həbs sifraşimi düşmənçilik məqsədi ilə verənlər isə bunu qəsdən edirlər, çünki  içlərində olan qisasçılıq  hər şeyin üstündən xətt çəkibdir.

 

Digər tərəfdən isə, son illərdə əziyyət çəkdiyim səhhətimin ciddi formada ağıırlaşması, həbs müddətində prokurorluğun qərəzli münasibəti səbəbindən ixtisaslaşmış həkim müayinəsi, əməliyyat və həkim  müalicəsindən məhrum olunmağım kimi layiq olmadığım, amansız, qəddar  münasibətə məruz qalmağım, belə münsibət nəticəsində ducar olduğum ağır xəstəlik də, heç şübhəsiz ki, başqa  qanunsuzluqlarla yanaşı  mənə mənəvi-psixoloji əzab verir. Faktiki olaraq fiziki məhvimə yönələn sifarişi verən və icra edənlər ilk növbədə Böyük Allahdan qorxmalıdırlar.

 

Baş Prokurorluğun ölkənin Baş Prokuroru olmuş bir şəxsə qarşı bu cür sifarişli və qərəzli davranışını görmək olduqca acınacaqlıdır və sözsüz ki,  bu münasibət prokurorluğun tarixində qara ləkə olaraq qalacaqdır.

 

Bütün ədalətsizliklərə, haqsızlıqlara, mərhumiyyətlərə, ağır xəstəliklərə duçar qalan  insan kimi özümə təsəllini yalnız onda tapıram ki, 30 ilə yaxın işğal altında olan tarixi torpaqlarımız qəhrəman Ordumuzun və Müzəffər Ali Baş Komandanımızın cəsarəti və sücayəti nəticəsində işğaldan azad olunmuşdur.

 

Sadəcə  olaraq inana bilmirəm ki, etibara və inama söykənən, sınaqlar-sınağından keçmiş  uzun illərin münasibətlərinə baxmayaraq, qisas almaq məqsədi  ilə verilmiş yalan və uydurma məlumatlara möhtərəm Prezident İlham Əliyev nədən, niyə inandı, mənə qarşı bu ədalətsizliklərə  razılaşdı?

 

Mənim vicdanım Azərbaycan Dövlətinin, Azərbaycan Respublikasının Prezidentinin, yanında təmizdir. Bunu tarix də, zaman da, ilahi ədalət də göstərəcəkdir.
Allah böyükdür!”

 

Xatırladaq ki, sabiq səfir E.Həsənov barəsində Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işinin istintaqı avqustun 16-da tamamlanıb. Artıq cinayət işi üzrə məhkəmənin vaxtı müəyyən edilib. Belə ki, məhkəmənin hazırlıq iclası avqustun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək. Prosesə hakim Əfqan Hacıyevin sədrlik edəcək.