Azərbaycanın keçmiş baş prokuroru İxtiyar Şirinov vəfat edib.
Kanal32.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılıb. Qeyd edək ki, İxtiyar Şirinov 24 iyul 1952-ci ildə Beyləqan rayonunda anadan olub. 1972-1977-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil alıb. AXC hakimiyyəti dövründə əvvəlcə dövlət müşaviri olub. Sonra baş prokuror (1992–1993-cü illərdə) vəzifəsində çalışıb. İxtiyar Şirinov Gəncədə baş verən qiyam zamanı girov götürülmüş və Əbülfəz Elçibəyə qarşı qərar qəbul etmişdi. Daha sonra vəzifədən kənarlaşdırılan İxtiyar Şirinov siyasi fəaliyyətlə məşğul olmuşdu və Milli Konqres Partiyasını yaratmışdı.
2003-cü il oktyabrın 15-də keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində Şirin İxtiyar Əlibala oğlu Prezidentliyə namizəd kimi qeydə alınmışdı.
Qeyd edək ki, İxtiyar Şirinov Azərbaycan Ali Sovetinin 4 dəfə deputatı olmuş məşhur pambıq ustası, Sosialist Əməyi Qəhrəmanı Əlibala Şirinovun (1903-1973) oğlu, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin qayınıdır.
Xatırladaq ki,Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 14 sentyabr 1993-cü il tarixli № 765 qərarı ilə İ. Ə. Şirinovun həqiqi dövlət ədliyyə müşaviri rütbəsindən məhrum edilib.