Dünya, nə qəribə qonaqların var!

Dünya, nə qəribə qonaqların var!

 

Dünya nə qəribə qonaqların var?!

Hər sifətdə insan gördüm burada.

Hərə bir məsləkdə, bir əqidədə.

Hər xislətdə insan gördüm burada.

 

Birinə yaxşılıq etmək istədim,

Üzünə insanca gülmək istədim,

Dar gündə əlindən tutmaq istədim,

Məni candan vuran gördüm burada.

 

Güvənib etibar etdiyim oldu,

Yoldaşca bir yolu getdiyim oldu,

Azıb yollarında itdiyim oldu,

Mənə tələ quran gördüm burada.

 

Özüm kimi bilib məsum ürəklə,

Təmiz arzu ilə, gözəl diləklə

Kimə yanaşdımsa güllə-çiçəklə,

Mənə tikan qıran gördüm burada.

 

Kimə eylədimsə güzəşt işində,

Elə bil ki şirə qaldı dişində.

Sui-zənlə istifadə peşində

Mənə qarşı duran gördüm burada.

 

Gözəl nənəm o vaxt mənə deyərdi:

“İnsan oğlu elə çiy süd əməndi.

İtlə dost ol, çomaq vermə, amandı!

Fürsət tapıb tutan gördüm burada!”

05.11.2022

 

 *********************************   

 

Gəl dünyanı biz ikimiz dəyişək!

 

Gəl dünyanı biz ikimiz dəyişək!

Birgə kimin gücü çatmaz, əzizim?

İkimizin dəyişdiyi dünyaya

Yerin-göyün gücü çatmaz, əzizim.

 

Təmiz dilək, təmiz niyyət, təmiz söz.

Çətinliyə sinə gərib təmiz döz!

Hiylələnmiş düyünləri təmiz çöz,

Düz insana məkr batmaz, əzizim!

 

Bu savaşda mən qılıncam, sən qalxan.

Kükrəyib bir coşğun dəniztək çalxan,

Səbəbi vulkandan dalğası qalxan

Dəryanın qəzəbi yatmaz, əzizim!

 

Dəyişdirək gözəlləşsin dünyamız,

İrfanımız, imanımız, həyamız.

Gerçəkləşsin şirin-şirin röyamız.

Gözəlliyə ləkə olmaz, əzizim!

11.12.2022

 

 *********************************   

Gül

Toyada gül, bayrama gül, seyrana gül,

Yasa da gül, vüsala gül, hicrana gül,

 

Qızlara gül, nişana gül, örpəyə gül,

Gəlinə gül, anaya gül, körpəyə gül,

 

Təbrikə gül, görüşə gül, gülzara gül,

Ölüyə gül, diriyə gül, məzara gül…

Müəllif:Şahnzaxanım Şükürzadə

Dünyanə qəribə qonaqların var!