Dünya İqtisadi Forumunun Azərbaycan üçün önəmi, strateji əhəmiyyəti, inkişaf perspektivləri

Dünya 2026-cı ilə inanılmaz hadisələrlə başladı. Dünya sürətlə bəşəriyyət tarixinin ən böyük dönüş nöqtələrindən birinə doğru gedir. Nəfəs kəsici dərəcədə sürətli texnoloji inkişaf dövründə, dəyişikliyi qabaqcadan görə bilən və bu prosesə uyğunlaşa bilən cəmiyyətlər müasir sivilizasiyalar səviyyəsinə çatmaq imkanı əldə edəcəklər. Hər il Dünya İqtisadi Forumu İsveçrənin Alp dağlarında yerləşən Davosda keçirilir. Forum dünyada böyük qarışıqlıqların hökm sürdüyü bir dövrdə baş tutur. 1971-ci ildə Davosda keçirilən ilk sammit biznes rəhbərlərinin görüşü kimi təşkil olunmuşdu. Lakin illər keçdikcə onun məzmunu və iştirakçıları genişləndi və forumda müzakirə olunan mövzular siyasi baxımdan da müzakirə olunmağa başladı.

Zirvə görüşü İsveçrə Alp dağlarında yerləşən Davos şəhərindəki konfrans mərkəzində keçirilir. Dağ-xizək  kurortu ilə məşhur olan Davosun əhalisi təxminən 10.000 nəfərdir. Davos, İsveçrənin Sürix şəhəri yaxınlığındakı təvazökar bir xizək kurortudur. Lakin onu məşhur edən bu deyil. Hər ilin yanvar ayında Davosda Dünya İqtisadi Forumunun (WEF) illik iclası keçirilir. İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum dünyanın iqtisadi mənzərəsinin yaradılmasında önəmli rol oynayır.  Dünya İqtisadi Forumunda irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir

Dünya İqtisadi Forumunun (WEF) təməli 1971-ci ildə iqtisadiyyat professoru Klaus Şvab tərəfindən qoyulmuşdur. 1938-ci ildə Almaniyanın Ravensburq şəhərində anadan olan Şvab, 1971-ci ildə WEF-in əsasını təşkil edən Avropa İdarəetmə Forumunu təsis edərkən Cenevrə Universitetində iqtisadiyyat professoru idi. Avropa İdarəetmə Forumunu yaratmaqda Şvabın məqsədi kifayət qədər yaxşı fəaliyyət göstərməyən Avropa şirkətlərinə Amerika üsullarını təqdim etmək idi. Klaus Şvab həmçinin yalnız səhmdarları deyil, həm də müştəriləri, işçiləri, şirkətin fəaliyyət göstərdiyi icmanı və hökuməti əhatə edən idarəetmə modeli olan “Maraqlı Tərəflərin İdarəetmə Yanaşması”nı hazırlamış və təşviq etmişdir. Şvab bildirir ki, İkinci Dünya Müharibəsi kontekstində uşaqlıq dövründə keçirdiyi hisslər onu dünyanın vəziyyətini yaxşılaşdırmağa yönəlmiş bir təşkilat yaratmağa ilhamlandırıb. İsveçrənin Davos xizək kurortunun həm təhlükəsizlik, həm də logistika baxımından dünya elitasını bir araya gətirmək üçün ideal yer olduğuna qərar verən Şvab,  WEF -in illik görüşlərini orada keçirir.

Qlobal biznes, hökumət, vətəndaş cəmiyyəti, media və akademik dairələrdən seçilmiş nümayəndələr günün ən aktual məsələləri ətrafında məhsuldar müzakirələrə başlamaq və nəticədə təsir yaratmaq üçün nəzərdə tutulmuş sessiyalarda iştirak etmək üçün İsveçrə şəhərində toplaşırlar.

Təxminən 1500 metr yüksəklikdə yerləşən Davos, İsveçrənin şərqindəki Qraubünden kantonunda yerləşir. Davosda biznes, hökumət və müxtəlif sahələrdən təxminən  dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 3 mindən çox nüfuzlu şəxs, o cümlədən 65 dövlət və hökumət başçısı, 55 iqtisadiyyat və maliyyə nazirinin, 33 xarici işlər nazirinin, 11 mərkəzi bank rəhbərinin   850 sədr və baş direktor iştirak edir.

Bu ilki mövzu “Dialoqun Ruhu”dur. 200-dən çox sessiyada geosiyasət, süni intellekt və iqlim dəyişikliyi də daxil olmaqla geniş mövzular müzakirə olunacaq.

Azərbaycanın Davos Forumunda ilk dəfə iştirakı 1995-ci ilə təsadüf edir. Həmin ilin 27-31 yanvar tarixlərində Ümummilli lider Heydər Əliyev ilk dəfə olaraq Forumda iştirak edib. Cənab Prezident İlham Əliyev Davos Forumunda fəal iştirak edərək Azərbaycanın maraqlarını yüksək səviyyədə təmsil edib.

Azərbaycan Prezidentinin iştirakı ilə keçirilən görüşlər və aparılan müzakirələr bir daha göstərir ki, Davos İqtisadi Forumunda Azərbaycana xüsusi önəm verirlər. Davos İqtisadi Forumu Azərbaycan üçün həmçinin xarici sərmayələrin cəlb edilməsi baxımından da vacibdir.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Davos İqtisadi Forumunda bir çox aparıcı, nüfuzlu şirkətlərin rəhbərləri ilə görüşür və onları işbirliyi üçün Azərbaycana dəvət edir.

ABŞ Prezidenti Donald Tramp Qəzza Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edərək, Azərbaycan Respublikasını təşkilata təsisçi üzv dövlət olmağa dəvət edib. Azərbaycan Trampın Sülh Şurasına təsisçi üzv olması dəvətini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında iştirak etmişdir.  Bu gün Azərbaycan təkcə xammal ixracatçısı deyil, həm də Avropanın enerji təhlükəsizliyinin qarantlarından biri kimi çıxış edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev səfər çərçivəsində yanvarın 20-də ölkə başçısı Davosda Avropanın aparıcı televiziya kanalı olan “Euronews” televiziyasına geniş məzmunlu müsahibə verib. Burada qeyd edilib ki, hazırda ölkələr artıq beynəlxalq hüquq normalarının dünya ictimaiyyətinin bütün üzvləri üçün mütləq görünmədiyi vəziyyətlə üzləşiblər. Bu gün Azərbaycanın atdığı hər bir addım, gördüyü hər bir iş – istər siyasi inkişaf, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğundur. Cənab Prezident İlham Əliyevin müsahibəsində bildirdiyi kimi: “Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik”. Günümüzün reallığı ondan ibarətdir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır. Buna görə də ölkələrin hər biri mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Ölkə başçısı cənab İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycan məhz buna nail olmuşdur.   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Davos çərçivəsində keçirdiyi görüşlər arasında ABŞ Prezidenti Donald Trampla görüşü xüsusi əhəmiyyət kəsb edir. Bu görüş son dövrlər Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələdən xəbər verməklə yanaşı, Azərbaycanın ABŞ üçün etibarlı strateji tərəfdaş kimi qəbul edildiyini təsdiqləyir və bu əməkdaşlığın təkcə ikitərəfli deyil, daha geniş regional və qlobal kontekst daşıdığını ortaya qoyur.

Davos İqtisadi Forumu Azərbaycan üçün mühüm beynəlxalq platformalardan biridir və ölkəmizin qlobal gündəmdə fəal iştirakına geniş imkanlar yaradır. Bu platforma Azərbaycanın iqtisadi potensialının, enerji siyasətinin və inkişaf strategiyasının beynəlxalq səviyyədə təqdim edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi müsahibədə qeyd olunan məqamlardan biridir. Bu mükafat 30 ildən artıq davam edən qanlı münaqişələrdən, müharibə və qarşıdurmalardan sonra Qafqazda sülhün bərqərar edilməsi istiqamətində göstərilən səylərə verilən yüksək beynəlxalq qiymət kimi təqdim olunub. Davosdan verilən bu müsahibə qlobal güc balansının dəyişdiyi bir dövrdə milli maraqlara söykənən, praqmatik və balanslı siyasətin real nəticələr verdiyini nümayiş etdirən konseptual baxış kimi dəyərləndirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Davos Ümumdünya İqtisadi Forumunda iştirakı, keçirdiyi görüşlər Azərbaycanın nüfuzunun, iqtisadi gücünün, beynəlxalq mövqeyinin möhkəmlənməsi baxımından çox əhəmiyyətli mərhələ sayılır.

 

S.e.f.d. dosent Murtəza Həsənov

Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə Fakültəsinin Dekanı

davosinqilabpresidentşirinli