Dövlətin təməl prinsiplərindən biri-GƏNCLƏR SİYASƏTİ

Müstəqillik dövrünün ilk illəri Azərbaycan gənclərinin sınaq ili,özlərini təsdiq etmə imkanı, cəmiyyətin aparıcı qüvvəsinə çevrilmə zamanı idi. Çoxsaylı gənclərimiz 91-93-cü illərdə silaha sarılaraq Qarabağda döyüşlərə qatıldı. Minlərlə gənc şəhidlik zirvəsinə ucaldı, sağlamlıqlarını, fiziki imkanlarını itirdi.İtkilərin çox olmasının səbəblərindən biri o zamankı hakimiyyət tərəfindən gənclərinin təşkilatlanmasını təmin edə bilməməsi, həmçinin onların mənəvi-psixoloji və ideoloji baxımdan formalaşmasına nail olmaması idi. Yaranmış qeyri-müəyyənliyinin və boşluğun aradan qaldırmasi üçün isə ilk növbədə siyasi iradəyə və zamana ehtiyac duyulurdu. Bəli,zaman yetişdi. Görkəmli siyasi xadim, böyük dövlət adamı Heydər Əliyev xalqın çağırışı ilə 15 iyun 1993-cü ildə Naxçıvandan Bakıya gələrək dövlətimizi düşdüyü uçurumun başından geriyə qaytara bildi. Bu təkcə dağılmaqdan olan bir ölkənin xilası deyildi. Bu həm də mövcud vəziyyətin dəyərləndirilərək yeni dövlət quruculuğu siyasətinin strateji planlar əsasında reallaşmasının əsasının qoyulması idi. Elə bu addımarın nəticəsi kimi Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Prezident Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi qarşıya hədəf qoymuşdu. Bu məqsədlə Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev şəxsən iştirak etdi.

1 Fevral 1997-ci il tarixdə isə forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev “2 fevral – Azərbaycan gəncləri gününün elan edilməsi haqqında” Sərəncam imzaladı. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Bugünəqədərki proseslərin təhili onu göstərir ki, bu, olduqca mühüm bir tarixi hadisə kimi xalqımızın, dövlətimiz həyatında müstəsna rola malik oldu. Əsası Ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin konseptual sənədlər, dövlət proqramları əsasında icrası 2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da geniş miqyas aldı. Çünki çox da uzaq olmayan dövrdə qarşıya qoyulan hədəflərə çatamalı idik. Bu hədəflərin ən yaxın və ən uzaq nöqtəsində dayanan üzərimizdəki ağır,amma şərəfli tarixi missiyanın yerinə yetirilməsi idi. Təbii ki, söhbət uzun illər işğala,terrora məruz qalan torpaqlarımızın azad olunmasından gedirdi. Həmin tarixi məqam, tarixi şərait yetişdi. 27 sentyabr 2020-ci il…Ermənistan silahlı birləşmələri müxtəlif istiqamətlərdən, müxtəlif növ silahlardan, artilleriyadan istifadə etməklə böyük təxribat törətmək, yeni ərazilər işğal etmək niyyəti ilə hücum etdi. Ordumuz işğalçıların hücumunun qarşısını qətiyyətlə aldı. Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı  – Vətən savaşı başladı.Bu haqq savaşının iştirakçılarının böyük əksəriyyəti isə gənclərdən ibarət idi. O gənclərdən ki, onlar məhz Azərbaycan dövlətinin apardığı məqsədyönlü siyasətin yetişdirdiyi, formalaşdırdığı gənclər idi. Torpaq,Vətən və Dövlət sevdalı, milli ruhlu gənclər…

Vətən müharibəsi başlayanda minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə rayon şöbələrinə müraciət etdi. Bu müraciətlər ayrılıqda da, vəhdətdə də vətənpərvərlik ruhunun Vətənə hesabatı idi. Gənclərimizin döyüş sevgisi, haqq sevgisi, torpaq sevgisi,döyüş əzmi, qələbə ruhu məhz 44 gündə kükrədi. Azərbaycan əsgəri isə döyüşün bütün nöqtələrində Azərbaycan gəncliyinin “nəfəsini kürəyində hiss etdi”… Vətən müharibəsində qazanılan qələbə, 2023-cü ilin sentyabrında suvernliyimizin tam şəkildə təmin olunması Azərbaycanın ən şanlı və bəşəri qələbəsi oldu. Bu qələbə həm də Prezident İlham Əliyevin rəhbərliyi altında inandığı,güvəndiyi Azərbaycan gəncliyinin qüdrəti kimi tarixləşdi…

GÜNÜNÜZ QUTLU OLSUN,AZƏRBAYCAN GƏNCLİYİ…!

 

Jalə Həsənova,

M.Ə.Sabir adına Yevlax şəhər 2 №-li tam orta məktəbin ibtidai sinif müəllimi,YAP fəalı

 

Dövlətin təməl prinsiplərindən biri-GƏNCLƏR SİYASƏTİ