Dövlət İdarəetməsində Yeni Perspektivlər : Elektron Hökumət və Rəqəmsal Transformasiya   

21- ci əsr informasiya və texnologiya əsri kimi ifadə olunur. Dünyada fərdlərin, qurumların, cəmiyyətlərin, sektorların, dövlətlərin və münasibətlərin daim dəyişərək inkişaf etdiyi bir proses mövcuddur. İKT-dəki dəyişikliklər və transformasiyaların təsiri altında elektron hökumətlə yanaşı, elektron/rəqəmsal idarəetmə və rəqəmsal dövlət kimi anlayışlar da ön plana çıxmışdır. Yeni texnologiyalar həyatımıza nüfuz etdikcə, vərdişlərimiz dəyişir və bu vərdişlər tələb və istəklərə çevrilir. 2000-ci illərdən başlayaraq, getdikcə artan bir templə həyatımızın ayrılmaz hissəsinə çevrilən idarəetmə, elektron hökumət (elektron hökumət) və mobil hökumət kimi məşhur anlayışlar gündəmimizdə əsas yer tutmağa başladı. Məlumdur ki, özəl sektor yaşanan bütün inkişaflara daha asan və tez uyğunlaşır. Azərbaycanda prioritet sahə hesab  edilən  informasiya və kommunikasiya texnologiyaları sahəsi daha dinamik inkişaf etməkdədir. Yeni texnologiyalar coğrafi məsafəni qət edən, düşüncə müxtəlifliyini artıran və vətəndaşların müzakirələrdə daha açıq fikirli və cəsarətli olmasına imkan verən “ünsiyyət”in dəyərini artırmşdır. Dövlət sektoru isə bu prosesə müxtəlif təsir səbəblərinə görə nisbətən gec uyğunlaşır. Effektiv, səmərəli, keyfiyyətli, sürətli və rasional mal və xidmətlər təqdim edə bilməyən dövlət və dövlət idarələri tez-tez və amansızlıqla tənqid olunur. Dövlət qurumları, xüsusən də xidmət göstərmə üsulları, bürokratik problemlər, israf və səbəb olduqları zərərlər, bahalı, yavaş və ağır quruluşlarla vətəndaşların şikayət etdiyi strukturlara çevrildi. İnformasiya cəmiyyəti əsri insanların həyatını sürətlə dəyişdirərkən, eyni zamanda qurumların, hüquqi şəxslərin və onların dövlətlərinin işləmə mexanizmlərini də dəyişdirir. İnformasiya və texnologiya sahəsindəki inkişaflarla paralel olaraq dövlət idarəçiliyində cəmiyyətlə dövlət arasındakı qarşılıqlı əlaqə, sağlam informatika əlaqələri və elektron hökumət tətbiqlərinin köməyi ilə sürətli, praktik, funksional və iqtisadi ola bilər. Bu, dövləti həm iqtisadi, həm də zaman yükündən xilas edəcək və cəmiyyəti dövlətdən daha çox məmnun edəcəkdir. Elektron hökumət quruluşu sənədləşmə işlərini ləğv etməklə, fərdi və korporativ əməliyyatların sürətli icrası, şikayət və problemlərə qısa müddət ərzində geribildirim verməklə, bürokratik əngəllərin aradan qaldırılmasında və xidmətdə səmərəliliyin meydana gəlməsində çox faydalı olmuşdur. Qloballaşan cəmiyyətdə həyatımızı informasiya kommunikasiya texnologiyaları olmadan təsəvvür etmək mümkün deyil. Bu gün internet ilə bir çox əməliyyatlarınızı asanlıqla edə bilirik. Əhəmiyyətli əməliyyatları bir neçə dəqiqə ərzində yerinə yetirmək mümkündür.İnformasiya və texnologiyanın inkişafı dövlət idarəçiliyində də öz əksini tapmış,  elektron hökuməti yaratmışdır. Elektron hökumət dövlət və vətəndaşların birləşmə mexanizmi olub, daha səmərəli, açıq və vətəndaşlar üçün əlçatan fəaliyyətdir. Eyni zamanda dövlət orqanlarının da bir-biri ilə əlaqəli fəaliyyətini təmin edir.Elektron hökumət bütün dünya üçün yeni bir anlayışdır və hər gün daha da təkmilləşməkdə davam edir.  Son illər inkişaf etmiş ölkələrdə demokratiyanı daha da inkişaf etdirən amillərdən biri “Elektron hökumət”in (ingilis dilində e-Government) formalaşdırılması hesab edilir.“Elektron hökumət” – müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və elektron xidmətlərin göstərilməsinə şərait yaradır. Yaradılan  imkanların əsas məqsədi sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən e-xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. Beynəlxalq təcrübəyə əsasən vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün “bir pəncərə” prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi e-xidmətlərin cəmləşdirildiyi “Elektron hökumət” portalı  tətbiq edilir .

XX əsrin sonlarında fərdi kompüterlərin ixtirası ilə sənaye cəmiyyəti informasiya cəmiyyəti ilə əvəz olundu. İnformasiya cəmiyyətinin formalaşması cəmiyyətin həyatında informasiya və biliyin rolunu artırdı. İnformasiya cəmiyyəti məlumatların yaradılması, yayılması və manipulyasiya edilməsinin ən əhəmiyyətli iqtisadi və mədəni fəaliyyətə çevrildiyi bir bir müddətdir.Vətəndaşın, təşkilat və iş yerlərinin gündəlik həyatında informasiya intensivliyinin yüksək səviyyədə olduğu bu cəmiyyət fərdi, sosial, təhsil və biznes fəaliyyətlərində müəyyən texnologiyalardan istifadə edərək və məsafədən asılı olmayaraq yerlər arasında rəqəmsal məlumatı ötürmək, qəbul etmək və mübadilə etmək bacarığına malikdir. İnformasiya cəmiyyətinin meydana gəlməsi həyatın bütün sahələrində, eləcə də dövlət orqanlarında informasiya kommunikasiya texnologiyalarından (İKT) istifadə olunmağa başlandı. Bu isə daha səmərəli bir idarəetməyə gətirib çıxararaq yeni bir anlayış olan “elektron hökumət”in meydana gəlməsinə səbəb oldu.    Son illər dövlət idarəçiliyində, İKT-lərin tətbiqi nəticəsində dövlət-vətəndaş-müəssisə və işçilər arasındakı əlaqələr yeni bir vəziyyət aldı. Bu mənada, elektron hökümət, hər cür xidmət və öhdəlikləri “rəqəmsal mühitdə” qarşılıqlı, davamlı və təhlükəsiz olaraq həyata keçirmək deməkdir .Elektron hökumət (və ya elektron hökumət) effektivliyi, şəffaflığı və vətəndaş iştirakını artırmaq məqsədi ilə hökumət funksiyaları və prosedurlarına informasiya və kommunikasiya texnologiyalarının (İKT) tətbiqidir. Bu tərif elektron hökumətin yaxşı idarəetmənin inkişafında dəstək vasitəsi kimi İKT-lərdən necə istifadə etdiyini göstərir. Elektron hökumətin müvafiq tətbiqi hökumət vəzifələrində effektivliyin və səmərəliliyin daha yüksək səviyyədə olmasına, proseslərin və prosedurların təkmilləşdirilməsinə, ictimai xidmətlərin keyfiyyətinin artırılmasına, qərarların qəbul edilməsi prosesində məlumatların istifadəsinin yaxşılaşdırılmasına və müxtəlif hökumət dairələri arasında kommunikasiya əlaqələrinin sürətləndirilməsinə səbəb olur.

Elektron  hökumətin məqsədi hökumət və vətəndaşlar arasında yeni dinamik bir əlaqə yaratmaqdır. Buna vətəndaşlar üçün daha sadə və daha çox iştirakçı olacağı bir dövr yaratmaq aiddir. Bu cür  yenilənmələrin katalizatoru İKT-lərdir.Son bir neçə il ərzində İKT-lərin istifadəsində əhəmiyyətli artım gündəlik prosedurları asanlaşdırmaq və daha səmərəli etməklə cəmiyyətin və iqtisadi fəaliyyətin müxtəlif aspektlərinə böyük təsir göstərmişdir. Elektron hökumət termini ilk dəfə 1993-cü ildə ABŞ prezidenti Bill Klintonun  və vitse prezident Al Gorenin həyata keçirdiyi islahatların nəticəsi olaraq yaranmışdır. Bu islahatların  əsas məqsədi “daha az xərcə daha çox iş görmək” idi.

Sözsüz ki, elektron hökumət terminin birdən-birə yaranmamışdır. Müasir vəziyyətə gələnə kimi müəyyən mərhələlərdən keçmişdir. Bu mərhələləri aşağıdakı kimi qeyd etmək olar:

Birinci mərhələ : İnternetdən informasiya paylaşmaq məqsədi ilə istifadə olunması (1993-1998). Hökumət elektron xidmətlərin göstərilməsində tamamilə passiv idi. İnternetdən sadəcə informasiya paylaşmaq məqsədi ilə istifadə olunurdu.

İkinci mərhələ : Onlayn olaraq əməliyyatların həyata keçirilməsi və xidmətlərdən istifadə (1998-2001). 90-cı illərin sonunda dövlət orqanlarına aid saytlarda artıq müəyyən əməliyyatlar yerləşdirilməyə başlanmışdır.Doğum, ölüm və nigah şəhadətnaməsi üçün müraciət, ovçuluq və balıqçılıq lisenziyası əldə etmək, sürücülük vəsiqəsinin yenilənməsi, səsvermədə qeydiyyatdan keçmə, tibbi informasiya əldə etmək, vergi və sığortaların ödənməsi, eyni zamanda bu xidmətlərlə bağlı elektron sənədlərin əldə edilməsi də bu mərhələdə mümkün idi .

Üçüncü mərhələ: İnteqrasiya (2001-…). 2001-ci ildən etibarən elektron hökumət xidmətləri daha məhsuldar və vahid şəkildə təklif edir. Rəqəmsal dövrdə artıq struktur bölmələr, dövlət orqanları, hətta dövlət və özəl sektor arasında daha çox əlaqə mövcuddur. Elektron hökumət bir hədəfə yönəlməlidir: Vətəndaşların problemlərinin həll edilməsi .

Birləşmiş Millətlər Təşkilatı və Amerika Dövlət İdarəçiliyi Dərnəyi tərəfindən edilən bir tətqiqatda isə elektron hökumət  mərhələləri beş yerə  ayrılmışdır:

Birinci mərhələ: elektron hökumətin meydana gəlməsi. Bu dövrdə rəsmi Hökumət saytları ortaya çıxıb.

İkinci mərhələ: İnkişaf mərhələsi. Bu dövrdə dövlətə məxsus internet saytlarınınsayı artır və dinamik bir hal alırdılar.

Üçüncü mərhələ: İnteraktiv mərhələ. İstifadəçilər dövlətə məxsus internet saytlarından bəzi formaları yükləyə və dövlət idarələri ilə qarşılıqlı əlaqədə ola bilirdi.

Dördüncü mərhələ: Əməliyyat mərhələsi. İstifadəçilər bəzi xidmətlərin ödənişlərini dövlət internet saytları vasitəsiylə ödəyə bilirdilər.

Beçinci mərhələ: Son mərhələ isə fasiləsiz inteqrasiya və ya problemsiz olaraq dövlət idarələrinin internet saytları və burada təqdim olunan dövlət xidmətlərinin bir-birinə bağlanmasıdır.

Amerika Birləşmiş Ştatlarından sonra Kanadada, Avropa ölkələrində, eləcə də dünyanın bir çox ölkələrində elektron hökumət tətbiq edilir. Dünyanın bütün ölkələrində elektron hökumətin tətbiq məqsədləri eynidir. Elektron hökumətin məqsədləri aşağıdakı kimi göstərmək olar:

  • Vaxta qənaət edilir
  • Az xərclə daha çox məhsuldarlıq əldə edilir
  • Vətəndaş məmnunluğu artır
  • İqtisadi inkişaf dəstəklənir
  • Həyat səviyyəsi artır
  • Fərdi iştirak artır
  • Kağızdan asılılıq və istifadə azalır
  • Vətəndaşlar onlara lazım olan məlumatları “bir nöqtədən” və doğru bir şəkildə əldə edir
  • Elektron hökumət həm dövlət, həm də vətəndaşlar üçün qərar vermə üçün rahatlıq və sürətini təmin edəcəkdir
  • Vətəndaşın istəyi ön plana çıxır
  • Dövlət-vətəndaş əlaqəsi inkişaf edir və vətəndaşın dövlətə etimadı artır
  • Korrupsiya və rüşvətxorluğu aradan qaldırır .

İnternetin yaranması, rəqəmsal əlaqələr, özəl sektorda formalaşmaqda  olan yeni e-ticarət modelləri dövlət sektorunu sərt, bürokratik və iyerarxik modellərini yenidən düşünməyə vadar etdi. Bu yeniliklər vətəndaşları, müştəriləri də bu innovasiyaların tətbiq olunduğu xidmətlərdən istifadə etməyə sövq etdi .

E-hökumət anlayışı bəzən”Ağıllı Dövlət”, “Rəqəmsal Dövlət” və ya “Ağıllı Hökumət” olaraq adlandırılmaqdadır. Bu anlayışa dövlətin öz fəaliyyəti nəticəsində ərsəyə gətirdiyi xidmətlərdə informasiya texnologiyalarından istifadə kimi tərif verə bilərik. E-hökumətin formalaşmasında 3 subyektin əsas rol oynadığını qeyd edə bilərik. Bunlar e-vətəndaş, e-təşkilat və e-qurum olaraq qeyd edilə bilər.E-hökumətin yaradılma məqsədinə nəzər salacaq olsaq bu modelin vətəndaşlara “müştəri”, dövlət idarəçiliyi fəaliyyətlərinin də “xidmət” gözü ilə baxdığını qeyd edə bilərik. Burada ödənişsiz və ya ən aşağı ödənişlə ən keyfiyyətli xidmətin göstərilməsi əsas meyar hesab olunur. Vətəndaş yaxud müştərilərin maksimum məmnuniyyəti və keyfiyyət idarəetməsi xüsusi önəm kəsb edir.  E-hökumət layihəsi öz inkişaf dövründə müxtəlif mərhələləri keçmişdir. Bu mərhələlərin ilki internetin məlumat paylaşımı  üçün istifadə olunması ilə bağlı idi. Burada dövlət qurumları öz fəaliyyətləri barədə məlumatları insanlara internet üzərindən çatdırılması ilə həyata keçirilirdi. İnteraktivliyin olmaması bu mərhələdə nəzərə çarpan cəhətlərdən idi.  Növbəti mərhələdə isə online xidmətlər göstərilməyə başlanıldı. Burada artıq dövlətlər öz e-hökumət layihələrinə transformasiya olmağa başlamışdılar. Son mərhələ isə sistemləşmiş e-hökumət layihələri hazırlandı. Bu mərhələdə G2G(government to government), G2C(government to citiezen), G2B(government to buisness) olaraq adlandıra biləcəyimiz əlaqələrin qurulduğu profesional vebsaytlar istifadəyə verildi. Bu proseslərə baxarkən istifadəçiləri e-hökumət layihələrinin inkişafında daha maraqlı hala gətirmək üçün inteqrasiya və koordinasiya olunmuş metodlardan istifadə olunduğunu görmək mümkündür.

E-hökumət layihəsinindən danışarkən onun faydalarını da qeyd etməliyik. Bu faydalara iqtisadi inkişafa təsiri, dövlət xidmətlərinin yaxşılaşdırılması, dövlət-vətəndaş münasibətlərinin inkişaf etdirilməsi, siyasətlərin hazırlanmasında köməkliyi və.s misal çəkə bilərik.Azərbaycanda  “Elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyəti üçün hüquqi baza yaradılıb.Azərbaycanda elektron hökumət XXI əsrin ilk onilliklərində formalaşmağa başlamışdır.  “Elektron Hökumət” – müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya vəelektron xidmətlərin göstərilməsinə şərait yaradır . Azərbaycan Respublikasında elektron hökumətin formalaşmasının əsasını ümumilli lider Heydər Əliyevin   17 fevral 2003-cü il sərəncamı ilə hazırlanmış “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyası (2003-2012-ci illər)” qoydu. 2003-2012-ci illəri əhatə edən Milli Strategiya çərçivəsində elektron hökumətin hüquqi bazası yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 21 oktyabr 2005-ci ildə “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında”(6) və 11 avqust 2010-cu ildə “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010 – 2012-ci illər üçün Dövlət Proqramı”nın (Elektron Azərbaycan)”(7), təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarını imzalayıb. 9 mart 2004-cü il  “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunuelektron imzanın və elektron sənədin istifadəsinin, onların elektron sənəd dövriyyəsində tətbiqinin təşkilati, hüquqi əsaslarını və əlaqədar subyektlərin hüquqlarım müəyyən edir, aralarında yaranan münasibətləri tənzimləyir . Bu qanunun nəticəsində fəaliyyət göstərən Sertifikat Xidmətləri Mərkəzi əhalinin müxtəlif təbəqələrinə, yəni adi vətəndaşlara, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə, həmçinin dövlət qulluqçularına xidmət göstərir. Elektron imza xidmətlərini operativ şəkildə təmin etmək məqsədilə Bakı şəhərinin əsas mərkəzi poçt şöbələri və filiallarında, həmçinin ölkənin regionlarındakı poçt şöbələrində Qeydiyyat Mərkəzləri təşkil olunmuşdur.Vətəndaşlara operativ şəkildə elektron imza xidmətlərini təşkil etmək, həmçinin onları maraqlandıran sualları cavablandırmaq məqsədilə Mərkəzin mütəxəssisləri tərəfindən www.e-imza.az saytı hazırlanmışdır .“Asan İmza” (Mobil ID) elektron xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyinizi təsdiqləmək üçün sizin mobil identifikasiyanızdır. “Asan İmza” (Mobil ID) Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.Asan İmza” (Mobil ID) vasitəsilə vergi, gömrük, maliyyə, təhsil və bir çox digər sahələrdə müxtəlif xidmətlərdən istifadə etmək mümkündür.  Elektron vergi bəyannamələrinin təqdimi, gömrükdə malların və nəqliyyat vasitələrinin bəyan edilməsi, əmək müqavilələrinə dair bildirişlərin elektron qeydiyyatı, ali təhsil müəssisələrinə qəbulun onlayn qeydiyyatı, internet və mobil bankçılıq kimi vacib elektron xidmətlər “Asan İmza” vasitəsilə icra edilir,
“Asan İmza” (Mobil ID) mütəmadi olaraq müxtəlif  beynəlxalq konfrans və sərgilərdə “Made in Azerbaijan” brendi altında təqdim olunur.
“Asan İmza” texnologiyasının üstünlüyü smart kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. Xidmətin istifadəsi üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir .23 may 2011-ci ildə Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün əhaliyə elektron xidmətlərin göstərilməsi üçün zəruri bir hüquqi sənəddir .Elektron hökumətin formalaşdırılmasında mühüm addımlardan biri də “ASAN xidmət” mərkəzlərinin yaradılması oldu. ASAN xidmət Mərkəzləri xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən,operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulan dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına xidmət edən, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçən qurumdur.Hazırda 28 mərkəz fəaliyyət göstərir. ASAN xidmətin 7-i Bakıda olmaqla, Sumqayıt, Gəncə, Bərdə, Sabirabad, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəki mərkəzləri fəaliyyət göstərir. Bu günə qədər “ASAN Xidmət”ə 92 milyona yaxın müraciət olunmuşdur.Prezident İlham Əliyevin 2013-cü ili ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan etməsi bu sahədə qarşıda duran vəzifələrin həyata keçirilməsini əhəmiyyətli dərəcədə sürətləndirmişdir. Eyni zamanda  “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya Texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nı təsdiq olunmuşdur. Həmin plan təşkilati tədbirlər, normativ hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi,informasiya-kommunikasiya texnologiyalarıpotensialının gücləndirilməsi, informasiya cəmiyyəti və insan potensialının inkişafı məsələlərini əhatə edirdi.Bütün bu tədbirlər həyata keçirilərkən ayrı-ayrı veb saytlar fəaliyyət göstərsə də vahid bir sistemə ehtiyac yaranırdı.“Elektron hökumət” portalı (e-gov.az) 2012-ci ilin aprel ayında fəaliyyətə başlamışdır.  Portal vətəndaşların dövlət orqanları ilə təmaslarını daha münasib şəkildə təşkili üçün “bir pəncərə” prinsipi əsasında təşkil edilmişdir. Portal dövlət orqanlarının göstərdikləri elektron xidmətləri kompeks şəkildə özündə cəmləşdirir.

Portalın fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

  • modulluq və miqyaslılıq – ciddi dəyişikliklər edilmədən portalın proqramtexniki komponentlərinin inkişaf etdirilməsi imkanının olması;
  • sərbəstlik – portalın tərkibinin və fəaliyyətinin ona qoşulmuş informasiya sistemlərində və ehtiyatlarında aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmaması;
  • sistemlilik – dövlət orqanları tərəfindən elektron xidmətlərin göstərilməsi məqsədi ilə mövcud olan və ya yeni yaradılan informasiya sistemlərinin və ehtiyatlarının qarşılıqlı əlaqələrinin və uzlaşmasının təmin edilməsi;
  • təhlükəsizlik – sertifikatlaşdırılmış proqram təminatından və proqram-texniki vasitələrdən istifadə edilməsi, məlumatlarla, o cümlədən fərdi məlumatlarla bağlı informasiya mübadiləsi zamanı qanunun tələblərinə riayət edilməsi, təşkilati, texniki, texnoloji tədbirlər həyata keçirməklə informasiyanın mühafizəsinin təmin edilməsi;
  • istifadə asanlığı – informasiya ehtiyatlarına bir dəfə daxil edilmiş məlumatlardan “bir pəncərə” prinsipi əsasında çoxsaylı istifadənin təmin edilməsi;
  • səmərəlilik – informasiya mübadiləsinin real vaxt rejimində həyata keçirilməsi, qarşılıqlı əlaqələrin optimallaşdırılması və bununla bağlı vaxt itkisinin və maliyyə məsrəfinin azaldılması;
  • şəffaflıq – sistem daxilindəki fəaliyyətin şəffaflığının və hesabatlılığının təmin edilməsi, həyata keçirilən prosedurların və onların nəticələrinin izlənilməsi üçün şəraitin yaradılması .

Portalda elektron xidmətlər,sahələr,ən çox istifadə edilən, yeni xidmətlər kimi bölmələr var ki, bunlarda vətəndaşların portaldan istifadəsini asanlaşdırır. Xidmətlərə elektron arayışlar, elektron ödənişlər, qeydiyyatsız xidmətlər, xüsusi razılıq (lisenziya) verilməsi, həyat hadisələri, bank və sığorta xidmətləri, yerli icra hakimiyyətləri, müraciətlər aiddir. Portalın istifadəçiləri tərəfindən verilən sualların operativ cavablandırılması, portalda baş verən yeniliklərlə bağlı vətəndaşların məlumatlandırılması məqsədi ilə Məlumat Hesablama Mərkəzi tərəfindən facebok , twitter və youtube sosial şəbəkələrində portalın müvafiq səhifələri yaradılmışdır, həmçinin portalın fəaliyyəti və inkişafı barədə analitik və statistik məlumatları özündə əks etdirən aylıq bülletenlər çap olunur.

“Elektron Hökumət”  dedikdə dövlət qurumlarının vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara yaxud da vətəndaşlığı olmayan şəxslərə göstərdiyi xidmətlərə müasir informasiya texnologiyalarını tətbiq etməsi başa düşülür. Bu layihənin əsas məqsədi kimi vətəndaş ilə dövlət qulluqçuları, işçiləri arasındakı məsafəni azaltmaq, daha az ödəniş və vaxt ilə ən keyfiyyətli xidməti göstərmək, vətəndaşın dövlətə olan inamını maksimuma qaldırmaq göstərilə bilər.

E – Hökumət inkişaf etmiş ölkələrdə inkişafın bir meyarı olaraq götürülür. Azərbaycan Respublikası da E – Hökumət portalını qurarkən beynəlxalq  təcrübədən istifadə etmişdir. Bunun üçün ilk addım kimi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə” 2010-2012-ci illər üçün Dövlət Programı haqqında sərəncamı misal göstərmək olar. Davamında e-hökumət üçün “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərman və digər normativ aktlarla hüquqi əsaslar yaradılmışdır. Sonrasında elektron imzalar üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılmıştır. Bu mərkəz vasitəsilə artıq dövlət qurumlarının informasiya sistemləri arasında təhlükəsiz məlumat mübadiləsini həyata keçirmək mümkün olmuşdur. Son nəticədə “Elektron Hökumət” portalı hazırlanaraq istifadəyə verilmişdir. Bütün dövlət qurumlarının bunlardan bəhrələnərək vətəndaşlara keyfiyyətli  elektron xidmətlər göstərməsi təmin edilmiştir.

Bütün bunlardan əlavə olaraq e-hökumət layihəsi ölkənin inkişafı üçün milli strategiyaya uyğun şəkildə hazırlanmış, və öz fəaliyyətində bəzi əsas prinsipləri rəhbər tutmuşdur:

  • Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əməl olunması;
  • İnformasiyalaşdırma siyasətinin həyata keçirilməsində dövlət maraqlarının mənafeyinin qorunması;
  • İstifadəçilərə təqdim olunan məlumatların tamlığı, aydınlığı, aktuallığı, o cümlədən məlumatların təhlükəsizliyinin təmin olunması;
  • Dövlər qurumları arasında səlahiyyət və məsuliyyət bölgüsünün səmərəli təşkili;

Elekton hökümətin yaradılmasının ölkənin innovativ inkişafı baxımından mühim əhəmiyyəti vardır. Belə ki, elektron xidmətlər bizə istifadəçinin sorğusuna əsasən məlumatların axtarılması və əldə edilməsinə sərf olunan vaxt itkisinin azaldılması, müraciətin məkanından aslı olmayaraq ölkənin bütün ərazisində təqdim olunan elektron xidmətlərdən istifadənin mümkünlüyü, elektron xidmətlər vasitəsilə istifadəçilərə təqdim olunan məlumatların həqiqiliyinin, tamlığının, etibarlılığının və sərbəst əldə olunmasının təmin edilməsi, elektron xidmətlər vasitəsilə istifadəçilərə təqdim olunan məlumatların həqiqiliyinin, tamlığının, etibarlılığının və sərbəst əldə olunmasının təmin edilməsinə kömək edir. Elektron hökumət dedikdə informasiya cəmiyyətinə məxsus dövlət idarəçiliyi başa düşülür. O, informasiya telekommunikasiya texnologiyalarının dəyərlərin və vətəndaş cəmiyyətlərinin istək və tələblərinə əsaslanır və şəffaflıqla xarakterizə olunur. Belə ki, vətəndaşların istəklərinə, iqtisadi dəyərlərə, vətəndaş nəzarəti üçün açıq olması və dəyişikliklərə yönəlik olması onun əsas xüsusiyyətlərindəndir. Dünyanın  inkişaf etmiş ölkələrindən olan ABŞ və Böyük Britaniyada e-hökumətə ümumilikdə dövlətin fəaliyyətinin keyfiyyətinin artırılmasına istiqamətlənmiş bir konseptual sənəd kimi baxılır. Başqa sözlə  e-hökumətin əsas mahiyyəti ondan ibarətdir` ki, müxtəlif səviyyəli dövlət qurumları müasir informasiya texnologiyalarında istifadə edərək vətəndaşlara şəffaf, qərəzsiz informasiya və xidmətlər təklif edir.

Azərbaycan Respublikasında həyata keçirilən e-hökumət layihələrinə bir neçə nümunə verə bilərik. Bunlar aşağıdakılardır:

  • Vətəndaş, dövlət və biznes qurumlarını vahid platformada birləşdirərək elektron xidmətlər göstərən “myGov” layihəsi
  • Covid-19 pandemiyası ilə bağlı karantin dövründə icazələrin alınması üçün hazırlanan “İcazələrin Alınması və Monitorinqi Sistemi”
  • Dövlət orqanları arasında təhlükəsiz məlumat mübadiləsinin həyata keçirilməsi üçün hazırlanan “ASAN Bridge” layihəsi
  • Respublikanın ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, əcnəbilərə və ya vətəndaşlığı olmayanlara elektron xidmətlərin göstərilməsi üçün, bir pəncərə prinsipi əsasında formalaşan “eGov Portalı”
  • Azərbaycana gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosesinin sadələçdirilməsi üçün hazırlanan “ASAN Viza” layihəsi
  • Ödənişlərin qısa zamanda təhlükəsiz formada ərsəyə gəlməsi üçün hazırlanan “ASAN Ödəniş” layihəsi

Əlavə olaraq ASAN Task, ASAN Login,  ASAN Finance, ASAN İndex və.s qeyd edilə bilər.Azərbaycan Respublikasında elektron hökumətin tətbiqi üçün ciddi hüquqi baza yaradılmışdır. Buna ən böyük addım kimi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” Sərəncamı qeyd edə bilərik. Ardınca Nazirlər Kabinetinin müəyyən olunmuş Sərəncamı ilə “Azərbaycan Respublikasında(AR) 2010-2011-ci ildə “E- hökumət”in qurulması üzrə Fəaliyyət Proqramı” təsdiqlənmişdir. Bu programın başlıca istiqamətləri aşağıdakı kimidir:

– hüquqi və metodoloji cəhətdən əsaslandırılmış verilənlər bazasının inkişaf etdirilməsi və tətbiqi,

– dövlət idarəçiliyi sahəsində müasir İKT-nin tətbiqi və informasiya sistemlərini idarə edə biləcək, inkişafına müsbət təsir göstərəcək savadlı kadrların önə çəkilməsi və öyrədilməsi;

– e-hökumət infrastrukturunun əsas hissələrinin müəyyənləşdirilməsi və inkişaf istiqamətlərinin və metodlarının seçilməsi;

– dövlət qulluqçularının, İKT ixtisası üzrə mütəxəssislərin işə hazırlıqları səviyyəsinin artırılması, daha yaxşı fəaliyyət göstərə bilmələri üçün şərait yaradılması, biliklərinin artırılması üçün müəyyən xarici ölkələrə səfərlərinin təşkil olunması;

– e-hökuməta layihəsinin struktur və informasiya sistemlərinin fəaliyyətinin təhlükəsizliyinin, şəxsi məlumatların gizliliyinin  maksimum dərəcədə təmin olunması;

– insan qrupları, regionlar arasında “rəqəmli fərqliliyin” minimuma endirilməsi, onların informasiya kommunikasiya texnologiyaları sferasında savadlılıq səviyyəsinin yüksəldilməsi, “e-hökumət” xidmətlərin çıxışının və rahatlığının təmin olunması.

Azərbaycanda E-hökumət layihəsinin hüquqi bazası Azərbaycan Respublikasının Konstitusiyasına, Puplik hüquqi şəxslər haqqında AR qanununa, Elektron imza və elektron sənəd haqqında AR qanununa, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa, “Dövlət sirri haqqında” qanuna, “Fərdi məlumatlar haqqında” qanuna, “İnformasiya əldə etmək haqqında” qanuna, “Kommersiya sirri haqqında” qanuna, “Vətəndaşların müraciətləri haqqında” qanuna, AR Prezidentinin fərman və sərəncamlarına, AR Nazirlər Kabinetinin sərəncam və qərarlarına və digər normativ hüquqi aktlara əsaslanır.

Hazırda e-hökumətin inkişaf üçün ölkəmizdə Elektron Hökumətin İnişafı Portalı yaradılmışdır. Bu portal elektron hökumətlə bağlı proseslərin inkişafı, tənzimlənməsi ilə məşğul olur və bu sahədə bir sıra beynəlxalq əməkdaşlıqları həyata keçirir. Bu mərkəzin fəaliyyəti vətəndaşlar arasında e-hökumət xidmətlərini təbliğ etmək, dövlətin iformasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, inteqrasiyası sahəsində kordinasiyanı həyata keçirməkdən ibarətdir.  EHİM-in son fəaliyyətinə “Rəqəmsal İdarəetmədə Suni İntellekt” mövzusunda keçirdiyi beynəlxalq konfransı qeyd edə bilərik.E-hökumət layihələrinin həyata keçirilməsi, inkişafı və ondan səmərəli nəticələrin əldə edilməsi hər zaman gözlənildiyi kimi olmur. Burada dövlətin qarşılaşa biləcəyi kifayət qədər problem və uğursuzluq riski mövcuddur. Odur ki, hazırda dünya təcrübəsinə nəzər salsaq e-hökumət layihələrinin əhəmiyyətli dərəcədə uğursuzluğa düçar olduğunu görə bilərik. E-hökumət layihələrinin tətbiqinə maneə törədə biləcək səbəblər aşağıdakı kimi sıralana bilər:

  • Uğursuzluq ehtimalı

E-hökümət layihələri ilə bağlı dünya təcrübəsinə baxsaq görərik ki, burada kifayət qədər uğursuzluq halları mövcuddur. Ümumiyyətlə inkişaf etməkdə olan ölkələrdə həyata keçirilən Elektron Hökumət layihələri uğursuzluq nisbəti olduqca yüksəkdir. İş o yerə çatıb ki, hətta bu layihələrin 35 faizinin tamamilə uğursuz olduğu, 50 faizinin isə qismən uğursuz olduğu məlumdur. Uğurlu hesab edilə bilən elektron hökumət layihələri yalnız qalan 15% -dir. Başqa sözlə, hər 20 Elektron Hökumət layihəsindən 17-si iflasa uğrayır.

  • İnternetlə və kompyuter texnologiyaları ilə əhatəliliklə bağlı çatışmazlıqlar, adaptasiya problemi.

Aydındır ki, ökləmizin hər tərəfindən internetlə və kompyuter texnologiyaları ilə əhatələnmə maksimum səviyyədə deyil. Yəni ucqar kəndlər yaxud texnologiyadan istifadə qaydasını bilməyən əhalinin mövcudluğunu misal göstərə bilərik. Müxtəlif faktorların təsiri ilə e-hökumət və vətəndaş arasındakı adaptasiya prosesisin müddəti dəyişir. Burada dövlət yaşı az olan təbəqəyə e-hökumətlə istifadə qaydası barədə təlimlər keçə bilər. Əhali arasında elektron hökumətin yaratdığı rahatlıq tanındıqca və xalq məlumatlandıqca insanların bundan istifadəsi də artacaqdır .

  • E-hökümət xidmətlərinin ödənişləndirilməsi.

Elektron hökumət tətbiqetmələri vasitəsi ilə təklif olunan məlumat və xidmətlər ödənişli olarsa, bu qiymətləri ödəyə bilməyən vətəndaşların ictimai məlumat və xidmətlərdən istifadə edə bilməmə ehtimalları var. Bu səbəbdən həmin məlumat və xidmətləri əldə etmək üçün fərqli xidmət kanallarının (paralel sistemlərin) açılması və bu kanalların bəzilərinin pulsuz olması mövcud problemin qarşısını ala bilər.

  • Təhlükəsizlik

Dövlət-vətəndaş münasibətlərinin düzgün, səmərəli qurulması üçün gərəkli ən vacib ünsür tərəflərin bir-birinə güvənməsidir. Vətəndaşın dövlətə inamının olmaması məlumatların internet üzərində mübadiləsinə mənfi təsir göstərə bilər.

Bu səbəbdən dövlət qurumları informasiya sisemlərinin internetə bağlı olduğunu və bununla birliktə yaranan təhlükələri nəzərdən qaçırmamalı və bu sahədə müvafiq tədbirlər görməlidirlər(Kızılyel, 2007: 69-70).

Azərbaycanda e-hökumət layihələrində əməkdaşlıq fəaliyyəti və dünya mövqeyində yeri

Azərbaycan Respublikası e-hökumət layihələrini həyata keçirərkən bir çox dövlətlər və onların təşkilatları ilə işbirliyi içərisində olur. Bu əməkdaşlıq nümunələrinə aşağıdakıları misal göstərə bilərik:

  • TÜRKSAT

Türkiyə Respublikası Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında yaradılmış TÜRKSAT öz peykləri vasitəsilə Avropadan Asiyaya qədər uzanan böyük bir ərazidə səs, internet, televiziya və radio daxil olmaqla yayım xidmətləri vasitəsilə İKT-nin inkişafına təsir göstərən Türkiyənin ən qabaqcıl şirkətlərindəndir. TÜRKSAT e-hökumət layihələrinin hazırlanması və tənzimlənməsi üçün ölkəmizlə əməkdaşlıq edir.

  • Birləşmiş Krallıq Rəqəmsal Hökumət Xidməti (GDS)

Nazirlər Kabinetinin bir hissəsi olan GDS, Hökumət Rəqəmsal Texnologiyalar üzrə Nazirlər qrupu, rəqəmsal, texnologiya və məlumat şöbə rəhbərləri tərəfindən idarə olunur. İstifadəçi araşdırması və istifadəçi rəyinə cavab sahələri üzrə ixtisaslaşmışdır.

  • TİKA

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Türkiyə Baş Nazirliyinin hökumət idarəsidir. TİKA, inkişaf etməkdə olan ölkələrə, əsasən, Türk dünyası ölkələri və icmalarına xüsusi diqqət göstərir və inkişaf etməkdə olan ölkələrə rəsmi inkişaf yardımının böyük bir hissəsinin təşkil edilməsindən məsuldur. TİKA əməkdaşlıqlarını daim inkişaf etdirməyə çalışır. Bunun üçün də inkişaf 150-dən çox ölkədə, o cümlədən ofislərinin yerləşdiyi ərazilərdə fəaliyyət göstərir. Şirkət TİKA vasitəsilə, Balkan yarımadasından Afrikaya, Yaxın Şərqdən Latın Amerikasına qədər olan ölkələrlə bilik və təcrübə paylaşır. Dünyada e-hökumət layihələrinin uğurla həyata keçirildiyi bir çox ölkə vardır. Bunlardan biri də Cənubi Koreyadır. Cənubi Koreya internetin gücündən istifadə edərək beynəlxalq arenada elektron hökumət vebsaytları arasında ilk yeri tutur.

Sinqapurun onlayn hökuməti SINGOV ​​“Dürüstlük, Xidmət, Mükəmməllik” şüarı ilə öyünür və bu sözlərə sadiq olduğunu sübut edir. Sinqapur, 1980-ci ildə Milli Kompüterləşdirmə Komitəsini quraraq, informasiya texnologiyalarını sistemli və planlı şəkildə ölkədə yaydı. Qurulan komitə beş illik bir plan hazırladı və ölkənin hər tərəfini kompüterdən istifadə etməyə təşviq etdi və öyrətdi. Kompüter texnologiyalarının sosial şəkildə geniş tətbiqi Sinqapuru dünyada bu sektorda istehsal edən bir ölkəyə çevirdi.

Qloballaşma, elektron iqtisadiyyatın yayılması və İnternetin işləmə tərzindəki dəyişikliklə Sinqapur daha da irəliləyib. 1999-cu ildə “XXI əsr üçün İnformasiya Cəmiyyəti Proqramı” adlı yeni proqramı qüvvəyə mindi. Proqramın bu dəfəki hədəfi dövlətin inkişaf etməkdə olan sürətli və simsiz rabitə texnologiyalarından istifadə etmək idi. Sinqapur başladığı informatika proqramı sayəsində bir çox sənayeləşmiş ölkəni (İngiltərə, Fransa, Almaniya kimi) geridə qoyaraq 21-ci əsrin informasiya cəmiyyətləri arasında hörmətli bir yer qazandı. Sinqapur nümunəsi göstərir ki, bir ölkədə uğurlu elektron hökumət təcrübələri güclü siyasi iradədən, möhkəm insan resurslarından, güclü Telekom infrastrukturundan və “elektron hökumət” prioritetindən asılıdır .

Elektron hökumətlə bağlı son sorğu 2020-ci ildə aparılmışdır. Bu sorğuda Azərbaycan olduqca yaxşı mövqelərdə qərarlaşmışdır. Bu araşdırmalar dünyanın 193 ölkəsində hər iki ildən bir aparılmaqdadır. Sorğuda dövlətlər elektron hökumətin inkişaf indeksinə görə 4 qrupa bölünürlər. Bunlar ən yüksək, yüksək, orta və aşağıdır. Azərbaycan burada yüksək qrupda 69 ölkə içərində 13-cü yeri tutur. Dənizə çıxışı olmayan və inkişaf etməkdə olan ölkələr içərisində isə ilk üçlükdədir. Hazırda Azərbaycanın E-government developing index(EDGİ) 0,71-dir. Bu indeks 0,78 olduqda artıq ən yüksək qrup hesab olunur. Beləliklə deyə bilərik ki, Azərbaycan ən yüksək qrup üçün real namizəddir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 14 iyun 2019-cu il tarixli “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” fərmanında dəyişiklik edib.Azərbaycanda dövlət idarəetməsi rəqəmsal texnologiyalara əsaslanan çevik və şəffaf proseslərlə təmin ediləcək, kağız daşıyıcılardan tamamilə imtina ediləcək və “rəqəmsal hökumət”ə keçid baş verəcək. Böyükhəcmli məlumatların təhlili, süni intellekt və bulud texnologiyaları kimi innovasiyalar tətbiq olunacaq. Prezident İlham Əliyevin təsdiqlədiyi “Rəqəmsal İnkişaf Konsepsiyası”nda öz əksini tapıb.Sənəddə qeyd olunur ki, Konsepsiya rəqəmsal texnologiyaların tətbiqi ilə dövlət idarəetməsinin təkmilləşdirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi və vətəndaşların həyat keyfiyyətinin artırılmasını hədəfləyir. Rəqəmsal hökumət, rəqəmsal iqtisadiyyat və rəqəmsal cəmiyyət prinsipləri əsasında hazırlanmış sənəd, ölkə vətəndaşlarının rifahını yüksəltmək, dövlət xidmətlərini modernləşdirmək və iqtisadiyyatın rəqəmsal transformasiyasını sürətləndirmək məqsədini güdür. Konsepsiyada rəqəmsal iqtisadiyyatın inkişafı üçün İKT infrastrukturunun təkmilləşdirilməsi, biznes və startap ekosistemlərinin gücləndirilməsi nəzərdə tutulur. Həmçinin, süni intellekt və blokçeyn kimi innovasiyaların tətbiqi əsas prioritetlərdən biridir. Prezident İlham Əliyev Fərmanına   əsasən, adında və 1-ci hissədə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf” sözləri ilə əvəz edilib.  Azərbaycanda son illər ərzində sosial sahədə rəqəmsallaşma üzrə mühüm işlər görülüb. Dövlət sosial xidmətlərinin innovativ yanaşmalar, müasir texnologiyalar üzərində qurulması, sosial sahədə vətəndaşlara şəffaf, çevik, keyfiyyətli, əlçatan və vətəndaş məmnunluğuna uyğun xidmətlər sisteminin formalaşdırılması sosial islahatlar proqramının əsas hədəflərindən biridir. Bu istiqamətdə “ASAN xidmət” modeli, DOST konsepsiyası, sosial xidmətlərin geniş miqyasda elektronlaşdırılması proqramı həyata keçirilib”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Elektron Hökumət İnformasiya Sistemi haqqında əsasnamə  2025-ci il 12 avqust tarixli Fərmanı ilə təsdiq edilmişdir.    Elektron Hökumət İnformasiya Sisteminin fəaliyyətinin təmin edilməsi və mərkəzi, yerli icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər büdcə təşkilatlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Fərman imzalayıb.  Bu Əsasnamə Elektron Hökumət İnformasiya Sisteminin (bundan sonra – EHİS) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

      Dövlət idarəçiliyində  Elektron və Rəqəmsal hökumətin əhəmiyyəti:

Rəqəmsal hökumət” virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir və  vətəndaşların dövlət idarəçiliyində fəal iştirak etməsini təmin edir.

  • müasir texnologiyaların tətbiqini genişləndirməklə həyata keçirilən fəaliyyətin səviyyəsinin yüksəldilməsi və onlardan istifadə imkanlarının sadələşdirilməsi;
  • Dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının işinin səmərəliyinin artırılması və təqdim olunan elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi;
  • İstifadəçilərə dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin optimallaşdırılması və yerinə yetirilmə prosedurlarının sadələşdirilməsi;
  • Elektron xidmətlər vasitəsilə istifadəçilərə təqdim olunan məlumatların həqiqiliyinin, tamlığının, etibarlılığının və sərbəst əldə olunmasının təmin edilməsi; İstifadəçinin sorğusuna əsasən məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxtın maksimum azaldılması;
  • İstifadəçinin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq ölkənin bütün ərazisində təqdim olunan elektron xidmətlərdən istifadənin mümkünlüyü.
  • “Elektron hökumət” virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir.Yeni əsri informasiya əsri, bu əsrin cəmiyyətini də informasiya cəmiyyəti olaraq adlandırıq. İki yüzillik arasında mövcud olan bu fərqlilik dövlətlərin, özəl sektorun və cəmiyyətin transformasiyasının əsas səbəbi olaraq göstərilir. Dövlət idarəçiliyinə informasiya sistemlərinin adaptasiya olması bu transformasiyanın nəticəsi sayıla bilər. Bu adaptasiyanın da ən nəzərə çarpan məhsulu elektron hökumət hesab olunur. İnformasiya cəmiyyətinin əhatə etdiyi müasir dövrdə dövlət- cəmiyyət münasibətlərin ön plandadır. Bu məsələnin həllində informasiya-kommunikasiya texnologiyalarından istifadə edilərək yaradılan və dövlət idarəçiliyinin yeni forması olan elektron hökumət mühüm rol oynayır.Yarandığı dövrdən etibarən bir neçə mərhələdən keçmiş və müasir vəziyyətini almışdır. Son illərdə müxtəlif dövlət qurumları elektron  hökumət layihələri  həyata keçirirlər və bu sahədə müəyyən naliyyətlər əldə olunmuşdur.  Azərbaycan Respublikasında bu sahədə kiyafət qədər layihələr həyata keçirilib, strategiyalar hazırlanmışdır. Həyata keçirilən layihələr ölkə vətəndaşları tərəfindən də rəğbətlə qarşılanmış və istifadə ilə bağlı adaptasiya problemləri demək olar ki öz həllini tapmışdır. Beləliklə, deyə bilərik ki, e-hökumət layihəsi Azəraycan Respublikasında uğur qazanıb və qazanmağa davam edir.  Bunu ölkənin e-hökumət indeksinin ildən-ilə artması da sübut edir.
  • s.e.f.d., dos. Murtəza Həsənoğlu,Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası,

    Siyasi İdarəetmə fakültəsinin dekanı

diainqilabmurtəzasiyasət