Dövlət idarəçiliyində islahatlar və son dəyişikliklər

Dövlət idarəçiliyi XXI əsrin ikinci rübünə keçid dövründə fundamental transformasiya mərhələsindən keçir. Qlobal tendensiyalar göstərir ki, gələcəyin idarəetmə modeli çeviklik, proqnozlaşdırma, etik məsuliyyət və rəqəmsal çevrilmə kimi əsas sütunlar üzərində qurulacaqdır. Bu istiqamətlər dövlətin yalnız struktur deyil, həm də dəyərlər və idarəetmə fəlsəfəsi səviyyəsində yenilənməsi zərurətini gündəmə gətirir.  Azərbaycan Respublikasında dövlət idarəçiliyinin hüquqi əsaslarını müəyyən edən mühüm sənədlərdən biri “Dövlət qulluğu haqqında” Qanundur. Bu normativ hüquqi akt dövlət orqanlarında çalışan əməkdaşların hüquqi statusunu, vəzifə və məsuliyyətlərini, peşə fəaliyyətinin prinsiplərini, eləcə də dövlətin kadr siyasətinin əsas istiqamətlərini tənzimləyir.  “Dövlət qulluğu haqqında” Qanun 2000-ci il 21 iyul tarixində Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilmiş və 2001-ci il 1 sentyabr tarixindən qüvvəyə minmişdir. Qanunun başlıca məqsədi dövlət qulluğu sisteminin hüquqi bazasını formalaşdırmaq, dövlət qulluqçularının fəaliyyət prinsiplərini, sosial təminatlarını və vəzifə səlahiyyətlərini aydın şəkildə müəyyən etməkdir. Bu qanun Azərbaycan Respublikasının Konstitusiyasına uyğun hazırlanmışdır və dövlət qulluqçularının hüquqlarının müdafiəsini təmin etməklə yanaşı, onların peşəkarlıq səviyyəsinin artırılmasına və dövlət idarəçiliyinin effektivliyinin yüksəldilməsinə xidmət edir .

Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”

Strategiyanın əsas məqsədi dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır. Strategiya dövlət qulluğu sisteminin inkişafı məqsədilə institusional quruculuq, kadr siyasəti, dövlət qulluqçularının rotasiyası, onların peşəkarlığının və fəaliyyətinin səmərəliliyinin artırılması, dövlət qulluğunda səriştə (kompetensiya) və mütərəqqi motivasiya (həvəsləndirmə) modellərinin tətbiqi, dövlət qulluğunun informasiya təminatının yaxşılaşdırılması sahəsində və bir sıra əlaqəli sahələrdə əsaslı islahatlar aparılmasını nəzərdə tutur.

Dövlət idarəçiliyi sahəsində həyata keçiriləcək islahatların ümumilikdə ölkəmizdə dövlət idarəetməsinin inkişafı konsepsiyası ilə uzlaşmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafının aşağıdakı əsas prinsipləri müəyyən edilir:

-Meritokratiya: dövlət qulluqçularının seçilməsində, qulluqda yüksəlişində və dövlət qulluğu keçməsində bilik, bacarıq, dünyagörüşü və şəxsi keyfiyyətlərin əsas amil kimi rəhbər tutulduğu sistemin qurulması;

-Şəffaflıq və hesabatlılıq: dövlət qulluğu sahəsində islahatlar şəffaf həyata keçirilir, bütün tədbirlər barədə ictimaiyyət məlumatlandırılır;

-Sistemlilik və planlılıq: dövlət qulluğunun inkişafı üzrə tədbirlər yekun nəticəyə xidmət edən ardıcıl, məqsədyönlü və kompleks islahatlar formasında planlı şəkildə həyata keçirilir;

-Innovasiyaların tətbiqi: dövlət qulluğu sahəsində fəaliyyət dövlət idarəetməsində ən son yeniliklərin tətbiqi və innovativ yanaşma ilə həyata keçirilir;

-Səmərəlilik: dövlət qulluğunun inkişafı ilə əlaqədar tədbirlərə sərf edilən resurslar əldə edilməsi gözlənilən nəticələrə mütənasib olmalıdır;

-İstisnalara yol verilməməsi: dövlət qulluğunun inkişafına dair islahatların həyata keçirilməsi zamanı dövlət qulluqçularına subyektiv amillərdən çıxış edərək üstünlük verilməsi və ya onların hüquqlarının məhdudlaşdırılması yolverilməzdir.

2024-cü il dəyişiklikləri

2024-cü ildə qüvvəyə minən yeniliklər dövlət qulluğunda şəffaflıq və hesabatlılığın gücləndirilməsinə yönəlmişdir. Bu çərçivədə elektron təsdiq mexanizmi tətbiq edilmişdir. Bununla yanaşı:

Xidmətdə yüksəliş yalnız attestasiya nəticələri ilə deyil, həm də əməkdaşların fəaliyyət göstəriciləri əsasında müəyyən edilməyə başlanmışdır.Xidmət müddətinə görə verilən əlavə ödənişlərin qaydası yenidən tənzimlənmişdir.

Kadr ehtiyatına daxil edilmə meyarları daha konkret və şəffaf şəkildə müəyyən olunmuşdur.

2025-ci ildə edilən dəyişikliklər

2025-ci ildə aparılan dəyişikliklər əsasən dövlət qulluqçularının peşəkar inkişafı və rəqəmsal bacarıqlarının artırılmasına yönəlmişdir:

Rəqəmsal savadlılıq üzrə minimum tələblər müəyyən edilmişdir.

Dövlət qulluqçuları üçün illik onlayn təlim və sertifikasiya prosesi məcburi xarakter almışdır.

Regionlarda fəaliyyət göstərən dövlət qulluqçuları üçün əlavə stimullaşdırıcı ödənişlər tətbiq olunmuşdur.

2026-cı il dəyişiklikləri

Dövlət idarəçiliyində aparılan institusional dəyişikliklərin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev 2026-cı ilin 19 mart tarixində dövlət sektorunda əməkhaqqı sisteminin tənzimlənməsi ilə bağlı bir sıra fərmanlar imzalamışdır.

Yeni yanaşmaya əsasən, dövlət büdcəsi hesabına verilən kollektiv və fərdi mükafatlar ləğv edilmişdir. Bu dəyişiklik nəticəsində dövlət qulluqçularına əlavə təşviq ödənişləri dayandırılmış və əməkhaqqı sistemi daha vahid və şəffaf model əsasında formalaşdırılmışdır.

Ləğv edilən ödənişlərə həm kollektiv, həm də fərdi mükafatlar daxildir. Əvvəllər dövlət qulluqçularının mükafatlandırılması üçün dövlət büdcəsində onların aylıq vəzifə maaşının üç misli həcmində əlavə vəsait nəzərdə tutulur və bu vəsait əsasən bayramlar və fəaliyyət nəticələrinə görə ödənilirdi.

Yeni qanunvericilik dəyişiklikləri dövlət qulluğunda əməkhaqqı sisteminin daha müasir, sabit və balanslı əsaslar üzərində qurulmasına şərait yaradır. Bu yanaşma şəffaflığın və ədalətliliyin artırılmasına, həmçinin əməkhaqqı strukturunun daha aydın və nəticəyönümlü şəkildə formalaşmasına xidmət edir.

  Dövlət qulluqçusu idarəetmə prosesinin bir hissəsidir və onun fəaliyyəti birbaşa vətəndaşların rifahına təsir edir.Dövlət qulluqçusuna göstərilən etimad güclü motivasiya vasitəsidir.  Dövlət qulluqçusu peşə məsuliyyəti ilə işləməlidir.  Yüksək əməkhaqqı siyasəti təcrübəli kadrların dövlət sektorunda saxlanmasına xidmət edir. Müasir dövrdə özəl sektorun inkişafı dövlət qulluqçularına olan tələbatı artırır və bəzi şirkətlər onları daha yüksək maaşla cəlb etməyə çalışır. Bu baxımdan, rəqabətədavamlı maaşların tətbiqi peşəkar kadrların dövlət qulluğunda qalmasını təmin edə bilər.   “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişikliklər beynəlxalq təcrübəyə uyğunlaşdırılıb. Onun sözlərinə görə, bu yeniliklər vahid, sabit və şəffaf əməkhaqqı sisteminə keçidi təmin edəcək.  Yeni modelə əsasən, əməkhaqqı daha sistemli şəkildə formalaşdırılır və əsasən aşağıdakı komponentlərdən ibarət olur: vəzifə maaşı (baza hissə), ixtisas dərəcəsinə görə əlavə ödənişlər, əmək şəraitinə görə əlavələr və artıq iş saatlarına görə ödənişlər.

Beynəlxalq təcrübə göstərir ki, dövlət qulluqçularının stabil və yetərli gəlirə malik olması onların qanun pozuntularına meylini azaldır və idarəetmədə şəffaflığı gücləndirir. Yeni sistemin tətbiqi nəticəsində dövlət sektoruna gənc və peşəkar kadrların marağı artacaq, bu isə idarəetmənin keyfiyyətinə və ümumi effektivliyə müsbət təsir göstərəcək. “Dövlət qulluğu haqqında” Qanun yalnız dövlət qulluqçularının fəaliyyətini tənzimləməklə məhdudlaşmır, eyni zamanda cəmiyyətin ümumi idarə olunmasına mühüm təsir göstərən əsas hüquqi sənədlərdən biridir. Bu qanun dövlət idarəçiliyində şəffaflığın artırılması, məsuliyyətli fəaliyyətin təmin edilməsi və peşəkarlığın inkişafı məqsədi daşıyır. Vətəndaşların dövlət qurumları ilə əlaqələri birbaşa dövlət qulluqçuları vasitəsilə qurulduğundan, burada müəyyən edilən qaydalar ictimai məmnunluğun formalaşmasında mühüm rol oynayır. Qanun dövlət qulluqçularının etik davranış normalarını, vəzifə öhdəliklərini və məsuliyyətlərini aydın şəkildə müəyyən edir. Bu da onların fəaliyyətində qanunçuluğun əsas götürülməsini və vətəndaşların hüquq və maraqlarının qorunmasını təmin edir. Bununla yanaşı, ixtisas dərəcələri və vəzifə təsnifatı sistemi dövlət qulluğunda karyera inkişafına şərait yaradır, nəticədə daha peşəkar kadrların yetişməsi və idarəetmənin keyfiyyətinin yüksəlməsi təmin olunur. Qanunun cəmiyyət üçün əhəmiyyətli tərəflərindən biri də dövlət orqanlarında işləmək üçün bərabər imkanların yaradılmasıdır. Müsabiqə əsasında işə qəbul mexanizmi şəffaflığı artırır, korrupsiya,  neqativ halların qarşısını alır və ictimai etimadı gücləndirir. Bu baxımdan, qanun dövlətlə vətəndaş arasında sağlam və etibarlı münasibətlərin qurulmasına xidmət edən strateji vasitə kimi çıxış edir.

Bu qanunun tətbiqi nəticəsində:

Dövlət orqanlarında şəffaf və obyektiv işə qəbul sistemi formalaşır

Vətəndaş hüquqlarının müdafiəsi daha effektiv şəkildə təmin olunur

Dövlət idarəçiliyi peşəkar kadrlarla gücləndirilir

Hüquq pozuntularının qarşısı daha sistemli şəkildə alınır .

Nəticə etibarilə, “Dövlət qulluğu haqqında” Qanun Azərbaycanda dövlət idarəetmə sisteminin hüquqi əsasını təşkil edir və onun səmərəli, şəffaf fəaliyyətinin təminatçısı kimi çıxış edir. Qanunun mütəmadi olaraq yenilənməsi və müasir tələblərə uyğunlaşdırılması idarəetmənin daha çevik və effektiv olmasına imkan yaradır. Həm bu sahədə fəaliyyət göstərmək istəyən şəxslər, həm də ümumilikdə vətəndaşlar üçün bu qanunun mahiyyətini bilmək hüquqi savadlılığın artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. 2024–2026-cı illərdə edilən dəyişikliklər isə bu sistemin davamlı inkişaf etdiyini və yeniliklərə açıq olduğunu aydın şəkildə göstərir. Bu istiqamətlər Azərbaycanın dövlət idarəçiliyini yeni bir mərhələyə — bilik, etimad və innovasiya əsasında formalaşan idarəetmə mədəniyyətinə doğru aparır.Azərbaycan Respublikasında idarəetmənin müasir prinsiplərə əsaslanması, şəffaflığın və hesabatlılığın təmin olunması, elektron hökumət və rəqəmsal xidmətlərin geniş tətbiqi bu istiqamətdə aparılan islahatların əsas hədəfidir.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir ki, ölkəmizdə bütün sahələrdə müasir dövlət idarəçiliyi sistemi formalaşıb.

 

s.e.f.d., dos. Murtəza Həsənov

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının

Siyasi İdarəetmə fakültəsinin dekanı