Doğum günündə torpağa tapşırılan Şəhid-VİDEO+FOTOLAR

DOĞUM GÜNÜNDƏ TORPAĞA TAPŞIRILAN ŞƏHİD HÜSEYN MAİS OĞLU XANMƏMMƏDOV ANTİTERROR ƏMƏLİYYATLARI ZAMANI ŞƏHİDLİK ZİRVƏSİNƏ İLK UCALANLARDANDIR.

Hüseyn Xanməmmədov 1985-ci ilin 20 sentyabrında Zaqatala rayonu Qımır kəndində dünyaya göz açıb. Hüseyn həqiqi hərbi xidmətdən sonra könüllü olaraq MAXE kimi hərbi xidmət sıralarəna qayıdıb. 1993-2004-cü illərdə Qımır kənd tam orta məktəbində təhsil alıb. 2004-2006-cı illərdə Mingəçevir şəhərindəki “N” saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət ticarət obyektlərində fəhlə işləyib. 2016-cı ildə MAHHXHQ kimi hərbi xidmətə başlayıb.

Evləndikdən sonra ailəsi və iki oğlu ilə birlikdə Mingəçevirdə yaşayıb.15 yaşlı oğlu Mingəçevir 6 nömrəli məktəbin 10-cu sinif şagirdidir.Bir oğlu isə hələ kiçik yaşlıdır. Vətən Müharibəsində aktiv döyüşlərdə iştirak edib və Talış kəndi və Suqovuşanda olduğu zaman ağır yaralanıb, qulağının pərdəsi deşilib. Vətən Müharibəsi bitənə kimi hospitalda müalicə alıb. Daha sonra 2023-cü ilin iyun ayında qulağı eşitmədiyindən əməliyyat edilib. Qismən sağalan kimi yenidən xidmətə qayıdıb.

20 sentyabr 2023-cü ildə Xankəndiyə yollanan maşın karvanı Ağdam rayonu Sırxavənd kəndi yolunda yağı düşmən tərəfindən mərmi atəşinə tutulub. Və Hüseyn Xanməmmədovun sürdüyü zirehli texnika da vurulub, ilk beş hərbiçimiz həmin vaxtı şəhid olub.

Bu günlərdə Mingəçevirdə şəhidin yaşadığı küçədə onun xatirə bulağının açılış mərasimi olacaq. Bizdə fürsətdən istifadə edib şəhidin valideyinləri ilə görüşdük. Onlar şəhidin ata-anası Zaqatala rayonunda yaşayır. Qarabağda həyata keçirilən antiterror tədbirləri zamanı şəhid olan əsgər Hüseyn Mais oğlu Xanməmmədov Zaqatalada dəfn edilib. O, öz doğum günündə torpağa tapşırılıb. Müddətli həqiqi hərbi qulluqçumuzun anası Gülnar xanım deyir ki, Hüseyn ilə sonuncu telefon danışığında “ hər şey yaxşıdır” deyib“ amma sonradan oğlunun şəhid xəbəri gəldiyini deyir ana:” Mənim oğlum uşaqlıqdan çox sakit, ağıllı və tərbiyəli olduğuna görə hər yerdə, məktəbdə, məhəlləmizdə böyük hörmət sahibi idi, onu hamı çox istəyirdi. İki övladım var idi bir qız,bir oğul. Oğlum vətən uğrunda canından keçdi. Evimin tək oğlu idi. Həm də Hüseyn işğal altında olan sonuncu ərazilərimizin azad olunmasında iştirak edən qəhrəman şəhidlərimizdəndir”.

Qeyd edək ki,Şəhid Xanməmmədov Hüseyn Mais oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla 29-12-2020-ci ildə Suqovuşanın azad olunmasına görə medalı, 18-12-2020-ci ildə Cəsur Döyüşçü medalı, 07-11-2023-cü ildə isə Vətən Uğrunda medalı və “3-cü dərəcəli Vətənə Xidmətə görə ordeni ilə təltif olunub.

Esmira Hidayətova,

Mingəçevir

Doğum günündə torpağa tapşırılan Şəhid-VİDEO+FOTOLAR