Hər bir insanın soy-kökü gen daşıyıcıları bütün həyatı boyu onun davranışına təsir edən ən böyük amildir. İnsan sövqi-təbii öz geninə sadiq qalır. Bu mənada cəmiyyətdə vacib mövqe tutan şəxslərin genetik göstəriciləri maraq doğurur. Deputatlığa namizəd Sadiq Qurbanovun siyasi fəaliyyətinin aktuallığını nəzərə alaraq onun soy-kökü haqqında “Sədaqət və cəsarət kredosu” kitabından (2022) olan seçməni qısa ixtisarla Sizlərə təqdim edirəm.
Qurbanov Sadiq Haqverdi oğlu etnik mənşəyi etibarı ilə türk xalqlarının ən geniş yayılmış qollarından biri olan Oğuz soyundandır. Ata nəslinin bizə məlum olan ulu babası Şərur rayonu, Təzəkənd kəndindən olan Həzrətqulu kişinin 2 övladı olmuşdur. Haqverdi və Tarqulu. Tarqulunun Əmir, Bəbir, Yunis adlı 3 övladı, Bəbirin Nazir, Yunis, Şahlar, Kamilə adlı 4 övladı, Yunisin isə Vəkil, Həlimə, Xatun adlı üç övladı olmuşdur. Həzrətqulunun oğlu Haqverdinin isə Yusif adlı oğlu, Münəvər, Səkinə, Xavər adlı üç qızı olmuşdur. Yusifin oğlu Haqverdi Qurbanov Sadiq Qurbanovun atasıdır. O, Ərəbyengicə kəndinin sayılıb-seçilən kişilərindən olan Cəfər Yediyarovun qızı Leyli xanımla ailə qurmuş, bu nigahdan Sadiq, Xaliq, Hətəm, Yusif adlı övladları dünyaya gəlmişdir. Haqverdi Qurbanov kran sürcüsü işləyərək övladlarını halal zəhmətlə böyütmüşdür. Haqverdi Qurbanov Şərur rayonunun Ələkli kəndində yaşamışdır. Aşağıda geniş bəhs edildiyi kimi Sadiq Qurbanov 11 ayılq olarkən Şərur rayonu Ərəbyengicə kəndində yaşayan ana babası Cəfər Yediyarovun ailəsinə verilmiş, onun övladı kimi böyümüşdür. O, dünyaya gözünü açandan babasına “Cəfər dədəm”, nənəsinə isə “Məsmə anam” demişdir. Odur ki, burada əsas vurğu Sadiq Qurbanovun böyüdüyü kənd kimi Ərəbyengicə kəndi, böyüdüyü ailə kimi isə Cəfər Yediyarovun ailəsi götürülmüşdür.
ƏRƏBYENGİCƏ YURD YERİ
Sadiq Qurbanovun yaşadığı Şərur Rayonu Ərəbyengicə kəndi Çar Rusiyası dönəmində bir müddət Naxçıvan xanlığının tərkibində olmuş, bir müddətdən sonra İrəvan Quberniyasının tərkibinə verilmişdir. Çar Rusiyası Naxçıvan və İrəvan xanlıqlarını işğal etdikdən sonra Qafqaz canişinin general Paskeviçin tapşırığı ilə farnsız əsilli rus səyyahı İvan İvanoviç Şopen İrəvan və Naxçıvan əhalisinin siyahıya alınmasını həyata keçirmişdir. Dəyərli araşdırıcı Nazir Əhmədli son illər nəşr etdiyi İrəvan mahalının kameral təsviri Sadiq Qurbanovun böyüdüyü Yediyarlılar ailəsinin nəsil şəcərəsinin dəqiqləşdirməyə imkan vermişdir. Araşdırma nəticəsində Sadiq Qurbanovun “Cəfər dədəm” dediyi bəy nəslinə mənsub olan Cəfər Yediyarovun Abbas adlı ulu babasını müəyyənləşdirmək mümkün olmuşdur. İrəvan Quberniyasının kameral təsviri və Cəfər Yediyarlının ailə üzvlərindən dəqiqləşdirdiyimiz məlumatları sizə təqdim etməklə bərabər hesab edirik ki, gələcəkdə bu ailənin nəsil şəcərəsinin daha təkmil şəkildə öyrənilməsi önəmlidir. Yediyarlılar ailəsi ayrı-ayrı subyektləri olan Hacı Süleyman bəy və Cəfər Yediyarlılar ayrıca tədqiqat obyekti kimi araşdırılması vacibliyini də qeyd etməliyik. Belə ki, Cəfər Yediyarlının əmisi Hacı Süleyman bəyin Azərbaycanın əfsanəvi qaçağı, Azərbaycan qaçaqçılıq hərakatının ən parlaq siması Qaçaq Kərəmlə yaxın dostluq əlaqələri və Qaçaq Kərəm Naxçıvan ərazisində Cənubi Azərbaycan ərazisinə keçərkən dəfələrlə Ərəbyengicə kəndində Hacı Süleyman bəyin qonağı olması ictimai-tarixi əhəmiyyəti nəzərə alınmaqla ayrıca araşdırılmalıdır. Həmçinin Cəfər Yediyarlının anti-sovet görüşlərinə görə sürgün həyatı yaşaması da bu iki şəxsiyyətin ayrılıqda öyrənilməsini zəruri edən amillərdən hesab edilməlidir…
Qayıdaq Yediyarlılar ailəsinin nəsil şəcərəsinin sonrakı qohumluq əlaqələrinə. Sadiq Qurbanovun himayəsində böyüdüyü Cəfər Yediyarlının bizə məlum olan ulu babası Abbas kişinin oğlu Kərbəlayi Ələkbər, onun oğlu Əlinin oğlu Yediyar, onun oğlu Əli, onun oğlu Cəfər Yediyarlı 1885-ci il tarixdə Şərur rayonu Ərəbyengicə kəndində doğulub. O, dövrün bütün kişiləri kimi Cəfər Yediyarlının da bir neçə xanımla nigah münasibətləri olmuşdur. Onun Məsmə xanımla evliliyindən çoxlu sayda övladları olsa da, 5 oğlu (Həsən, Hüseyn, Hatəm, övladlığa götürdüyü qardaşı Bəhlulun oğlu Cəbrayıl, bir uşaq isə doğulan kimi öldüyü üçün adı qoyulmayıb) bir qızı vaxtsız vəfat etmişdir.
Cəfər Əli oğlu Yediyarlı – 1936-cı ildən 1943-cü ilədək anti-sovet görüşlərinə görə əvvəlcə Sibirə sürgün edilib, sonra isə oradan Qazaxıstana göndərilib.
Cəfər Yediyarov: “Bizim dövrümüzdə bəyin nökəri qovurma yeyirdi, sovet hökümətinin bəyi qarğıdalı ununa möhtacdır”.
Cəfər Yediyarov sovet hökümətinin ağır repressiya dövrü olan otuzuncu illərin əvvələrində yaşadığı kənddə insanların aclıq keçirdiyini, qarğıdalı unu yediklərini görüb yuxarıdakı fikirləri səsləndirməsi onun sovet höküməti ilə ideoloji düşmən hesab edilərək sürgün edilməsinə səbəb olmuşdur.
C.Yediyarlı 1943-cü ildə sürgündən sonra yenidən Naxçıvana qayıdıb. 1945-ci ildə Şərur rayonun Təzəkənd kəndindən Səməd kişinin qızı Məsmə xanımla nigaha girmişdir. Bu nigahdan onun Leyli, Nəzakət, Xumar, Lətifə, Tamam adlı qızları olmuşdur. C.Yediyarlı 1947-ci ilə kimi Ərəbyengicə kəndində yaşamışdır. 1947-ci ildə oğlu Hətəmi II Dünya müharibəsində itirməsindən təsirlənərək Stalinə məktubla müraciət edərək könüllü şəkildə sərhədi keçərək Cənubi Azərbaycan ərazisində yaşamağına şərait yaradılmasını istəmişdir. Onun bu müraciətini əsas gətirərək yenidən Cəfər Əli oğlu Yediyarlını ailəsi ilə birlikdə Azərbaycan SSRİ daxilində sürgün edərək Qasım İsmayılov rayonun (hazırkı Goranboy rayonuna) Dəliməmmədli qəsəbəsinə göndəriblər. Bu səbəbdən Cəfər Yediyarovun bütün övladları Goranboy rayonun Dəliməmmədli qəsəbəsində doğulub. Stalinin ölümündən sonra- 1954-cü ildə Cəfər Yediyarlı bəraət almışdır. Cəfər Yediyarlı 1963-cü ildə yenidən öz doğma yurdu Şərur rayonunun Ərəbyengicə kəndinə qayıdıb və ömürünün qalan hissəsini burada yaşayıb.
Yediyarlılar nəslinin məhək daşlarından sayılan Hacı Süleyman bəy barəsində yuxarıda söz açmışdıq. Nəslin qan yaddaşında bu şəxsiyyətin rolu danılmazdır. Hacı Süleyman bəy Sadiq Qurbanovun himayəsində böyüdüyü Cəfər Yediyarlının əmisi olmaqla bərabər özünə örnək hesab etdiyi şəxsiyyətdir. Beləliklə, Sadiq Qurbanovun şəxsiyyətinə vurğunluq duyduğu, özünə ən böyük örnək saydığı Cəfər Yediyarlı şəxsiyyəti nə qədər önəmlidirsə, Hacı Süleyman bəy şəxsiyyəti də bir o qədər önəmli sayılmalıdır.
DÜŞMƏNİ SEVİNDİRMƏYİN!
Hacı Süleyman bəy Yediyarlı ilə bağlı çox xarakterik bir hadisə söylənilir…
Hacı Süleyman bəy ölüm ayağında olduğu vaxtda onun ötkəm və sözü üzə deyən adam olması ilə bağlı bunu sevməyən “dostları” onu yataqda ziyarət edib, “çox da qürrələnmə görürsən yerdən dura bilmirsən”, söyləmək üçün “eşitmişik Hacı Süleyman bəy xəstələnib ona baş çəkmək istəyirik”, deyə evinə sifariş yollayır. Hacı Süleyman bəy bu şəxslərin gələcəyini eşidib ev əhlinə deyir ki, bu yatağı yığışdırın qoy “dostlarım” məni yataqda görməsin. Ev əhli Hacı Süleyman bəyin belə vəziyyətdə durub otura biləcəyinə inanmasalar da, onun tapşırığını yerinə yetirir. “Dostlar” gəlir ki, Hacı Süleyman bəy oturub öz köhnə halında çay içir. Hacı Süleyman bəy yerdə yatılı vəziyyətdə görüb tənə edəcəklərinə ümid bəsləyən “dostlar” pərişan olur, hal-əhvaldan sonra durub gedirlər. “Dostlar” getdikdən sonra Hacı Süleyman bəy ev əhlinə yatağı salmağı tapşırır və onlara deyir: “Heç vaxt razı olmayın ki, düşmən sizin halınıza sevinsin”. Bundan sonra Hacı Süleyman bəy canını tapşırır. Kəndə yayılır ki, Hacı Süleyman bəy rəhmətə gedib, “dostları” təəccüb qalır ki, kişi bir az əvvəl bizimlə çay içirdi necə rəhmətə gedib? Bu hadisə ailənin yaddaşında önəmli yer tutur.
Cəfər Yediyarlının yaxın münasibət saxladığı dostluq elədiyi akademik Abbas Zamanov onun üçün intellektual insan nümunəsi imiş. O, övladlarına, o cümlədən Sadiq Qurbanova “oxuyun, Abbas Zamanov kimi savadlı olun” söyləyirmiş.
QAÇAQ KƏRƏM MEHMANDARI
Yediyarovlar nəslinin ağsaqallarından biri Hacı Süleyman bəyin əfsanəvi şəxsiyyət Qaçaq Kərəmlə dost olması nəsilin gen yaddaşında dostluq münasibətlərinə dərindən bağlı olmasını özündə ehtiva edir.
Çar Rusiyası dönəmində Qaçaq Kərəm kimi hökümət düşməni ilə dostluq etmək o qədər də sadə məsələ deyildi. Qaçaq Kərəm Cənubi Azərbaycana keçərkən dəfələrlə Ərəbyengicə kəndində Hacı Süleyman bəyin qonağı olmuşdur. Cəfər Yediyarlı azyaşlı övladı Sadiqə Qaçaq Kərəm barəsində danışarkən “onun adını eşidən rus əsgərləri sərhəddə silahı qoyub qaçırdı”, söyləməsi- Sadiq Qurbanovun uşaq yaddaşında bu şəxsiyyətə maraq oyatmışdır.
QAÇAQ KƏRƏM YADİGARI
Yediyarlılar ailəsinin Qaçaq Kərəmlə dostluğunun bir nişanəsi olan Cəfər Yediyarlıya bağışladığı gümüşü işləməli başı dairəvi şəkildə olan əsa səksəninci illərin sonuna qədər ailədə qorunub saxlanmışdır. Sonradan Sadiq Qurbanov babasının “qaçaq yadigarı” adlandırdığı gümüşü işləməli əsanı və gümüş kəmərini Şərurda müzeyə hədiyyə etmişdir.
Səməd Vəkilov