Yaxın zamanlarda UNESCO-nun Ermənistana və Azərbaycana missiya göndərməsi ilə bağlı əldə edilmiş razılığı təqdir olunmalıdır. İşğaldan azad edilmiş ərazilərdə Ermənistan tərəfindən aparılmış etnik təmizləmə siyasəti, tarixi, mədəni və dini irsin tamamilə dağıdılması faktı göz qarşısındadır. Dağıntıların miqyasını, kütləviliyini nəzərə alsaq görərik ki, bu məhvetmə təsadüfi məsələ deyil, erməni işğalçı qüvvələri tərəfindən planlaşdırılmış məqsədyönlü siyasətin nəticəsidir. İkinci məsələ, Ermənistanda azərbaycanlıların mədəni irsinin dağıdılmasıdır. Zəngəzur rayonunun coğrafi, mədəni və tarixi cəhətdən Şərqi Zəngəzur və Qarabağ zonası ilə sıx bağlılığı var idi. Eyni zamanda, Göyçə gölünün ətrafları Gəncəbasar zonasına daha yaxın idi. İndiki Yerevanın özü haqda danışsaq, türk şəhəri olmuş İrəvanın tarixi ermənilər tərəfindən tamamilə silinib. Hətta saxtalaşdırdıqları bu tarixə bəzi ermənilərin özləri belə gülür.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai söyləyib.
Deputat bildirib ki, məsələnin digər tərəfi Azərbaycan ərazisində olan xristian irsidir. Artıq illərdir, hətta yüzilliklərdir ki, Ermənistan öz ərazisində olan Azərbaycan irsini məhv etməklə yanaşı, respublikamızın ərazisində olan xristian irsini erməniləşdirməklə məşğuldur. Azərbaycanın xristian abidələrində yazıların və emblemlərin onilliklər ərzində mütəmadi olaraq saxtalaşdırılması baş verirdi ki, bunu təmir adı ilə və ya müxtəlif bəhanələrlə edirdilər. Təəssüflə etiraf etməliyəm ki, biz də bu prosesə lazımi diqqəti vermirdik. Bu, təkcə Azərbaycanda baş vermirdi. Belə ki, Gürcüstanda da oxşar proseslər gedirdi, gürcülər 20 il əvvəl buna fikir verməyə başladılar. Bu da ona görə baş verdi ki, orada güclü pravoslav kilsəsi var.
“Ermənistan işğal altında saxladığı ərazilərdə törətdiyi dağıntıları gizlətmək üçün onilliklər ərzində bu ərazilərə UNESCO missiyasının səfərinin qarşısını alıb. Bu fakt UNESCO-nun 2005-ci ildə dərc etdiyi fəaliyyət hesabatında aydın şəkildə əks olunub. Bu baxımdan UNESCO-nun missiyasının işğaldan azad olunmuş ərazilərə səfərinin təşkili çox önəmli addımdır. Bu, bizim diplomatiyanın uğurudur. Qeyd etmək lazımdır ki, bu səfərdən ciddi nəticələr gözləmək olmaz. Çoxsaylı faktların olmasına baxmayaraq, UNESCO 30 ildir bu istiqamətdə heç bir iş görməyib. Amma Azərbaycan öz fikrində qətidir. Belə ki, bizim illərdir söylədiyimiz faktlara UNESCO və dünya ictimaiyyəti göz yuma bilməyəcək”, – deyə N.Arpadarai vurğulayıb.