Deputat: Moskva Bəyannaməsi regionumuzun yeni reallıqlarını özündə ehtiva edir

Moskvada Rusiya ilə Azərbaycan arasında imzalanan müttəfiqlik Bəyannaməsi son dərəcə əhəmiyyətlidir, noyabr Bəyanatı və Şuşa Bəyannaməsi ilə birlikdə regionumuzun yeni reallıqlarını, ölkəmizin bu prosesdə rolunu özündə ehtiva edir. Bəyannamə elə tərtib olunub ki, tərəflərin digər strateji müttəfiqlik razılaşmaları ilə ziddiyyət təşkil etmir. Həmçinin sənəddə Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinə nə birbaşa, nə də dolayısı yolla kölgə salınmır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai söyləyib.

Deputat bildirib ki, sənədin digər mühüm xüsusiyyəti Azərbaycanı hərbi-siyasi bloklara, məsələn KTMT-nə cəlb etməməsidir. Məlumdur ki, Rusiya KTMT-də liderdir və hətta digər üzvlərin fikirləri nəzərə alınsa belə, onlar regionda əsas hərbi qüvvə kimi rəsmi Moskvanın dominant rolunu qəbul edirlər. Bu mənada Rusiya ilə ikitərəfli təhlükəsizlik sazişlərinin olması, heç şübhəsiz, blokda iştirakdan daha faydalıdır.

“Bu gün faktiki olaraq beynəlxalq təhlükəsizlik və beynəlxalq hüquqi təminatlar sistemi dağılmış vəziyyətdədir. Bunu Avropaya da aid etmək olar. Çünki missiyası Avropada təhlükəsizliyi təmin etmək olan ATƏT sisteminin yalnız adı qalıb. BMT də öz rolunu səmərəli şəkildə yerinə yetirə bilmir. Bu o deməkdir ki, dövlətlər özləri ikitərəfli və regional razılaşmalarla öz təhlükəsizliklərini təmin etməlidirlər. Sadə dillə desək, hazırda hər kəs öz qeydinə qalmalıdır. Şimalda dünyanın ən böyük ordularından birinə sahib dövlətin olması və bu dövlətlə təhlükəsizlik müqaviləsinin olmaması böyük səhv olardı”, – deyən N.Arpadarai bildirib ki, bu gün Azərbaycan artıq Türkiyə və Rusiya ilə belə razılaşmalar bağlayıb. Bütün bunlar Azərbaycanı regional təhlükəsizlik sisteminin yaradılması baxımından regionda ən qabaqcıl ölkəyə çevirir.

Onun sözlərinə görə, bütün bu hadisələrin fonunda Ermənistan dövlətinin və hökumətinin baş verən prosesləri dərk etməməsi diqqət çəkir. Regional və ikitərəfli təhlükəsizlik təminatına hamıdan çox ehtiyacı olan ölkə məhz Ermənistandır. Bu baxımdan, ilk növbədə, Ermənistan üçün belə bir razılaşmanın zəruri olduğu ölkə məhz Azərbaycandır. Azərbaycan öz tərəfindən belə bir razılaşmanın işlənib hazırlanmasına hazır olduğunu dəfələrlə bəyan edib. Ölkəmizin məqsədləri də kifayət qədər aydındır – bizə proqnozlaşdırıla bilən region lazımdır ki, iqtisadi inkişaf proqramımızı, infrastrukturun tikintisini və tranzit marşrutlarını risklər olmadan davam etdirə bilək. Azərbaycan Ermənistanla qarşılıqlı faydalı sülh bağlamağa hazırdır. Ermənistanın işğalçı ordusunun Qarabağda və Zəngəzurda tam və biabırçı şəkildə məğlubiyyətə uğramasına və yaxın gələcəkdə erməni hərbi maşınının bərpası üçün heç bir vəsaitin olmamasına baxmayaraq, Azərbaycan öz tərəfindən niyyətini açıq ifadə edib.

N.Arpadarai diqqətə çatdırıb ki, noyabrın 8-də olduğu kimi, danışıqlar masası arxasında yenidən prezidentlər İlham Əliyev və Vladimir Putin yer alıblar. Bəyannamənin mətni Azərbaycanla Rusiya arasında münasibətləri tənzimlədiyi üçün birbaşa Ermənistanı nəzərdə tutmasa da, bu, rəsmi İrəvan üçün tarixi şansını növbəti dəfə itirdiyinə dair açıq siqnaldır.

Deputat bildirib ki, Azərbaycan Bəyannamə çərçivəsində istədiyini nail oldu. Azərbaycanın seçimi bəlli idi – indi Rusiya ilə toqquşan Qərblə həmrəylik nümayiş etdirmək, ya da bu çəkişməyə qarışmadan və iştirak etmədən Rusiya ilə münasibət qurmaq. Azərbaycan ikincini seçir və bu, düzgün seçimdir. Çünki Qarabağ müharibəsi zamanı Qərb bizə və beynəlxalq hüquqa bariz şəkildə laqeydliyini nümayiş etdirdi. Amma buna baxmayaraq, biz Qərblə əməkdaşlığı və dialoqu davam etdiririk və bunu Rusiya ilə eyni prinsiplər əsasında aparmalıyıq. Bizim üçün münasibətlərin qurulmasının əsasını müstəqillik və milli maraqlar təşkil edir. Diplomatiya və beynəlxalq siyasət məhz bu yanaşmalar əsasında fəaliyyət göstərir.

“Azərbaycan Prezidenti bu gün beynəlxalq aləmdə ən təcrübəli, ən müdrik siyasətçilərdən biridir. Fəxrlə deyə bilərik ki, dövlətimizin başçısı bütün dünya üçün örnəkdir. Prezident İlham Əliyev bir daha öz xalqının və dövlətinin uzunmüddətli maraqlarından, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi ideyasından çıxış edərək müdrik seçim etdi. Belə ki, Bəyannamədə milli maraqlarımıza zidd olan bir bənd belə yoxdur.

Beynəlxalq siyasət qəddar bir oyundur ki, onun iştirakçıları olan kiçik dövlətlər çox vaxt xoşagəlməz reallıqlara dözməli olurlar. Azərbaycanın bu gün öz milli maraqlarına tam riayət etməklə böyük dövlətlərlə beynəlxalq müqavilələr bağlamaq gücünə və səlahiyyətinə malik olması xalqımızın tarixi nailiyyətidir ki, bu, bir çoxları üçün əlçatmaz arzudur.

Əldə olunan razılaşmalar son nöqtə deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz mühüm və müsbət rolunu oynamaqla bərabər, keşməkeşli dövrümüzdə həyati əhəmiyyət kəsb edən yeni regional təhlükəsizlik sisteminin qurulması yolunu da davam etdirəcəkdir”, – deyə Nigar Arpadarai vurğulayıb.