Deputat: Avropanın Azərbaycan ərazilərinin işğalına laqeydliyi yeni münaqişələrə yol açdı

Otuz il ərzində Azərbaycan əraziləri qonşu ölkə, Avropa Şurasının (AŞ) digər üzvü olan Ermənistan tərəfindən işğal altında saxlanıldı. Bu işğalın tam dağıdılmış infrastruktur və minalar kimi nəticələri ilə hələ də mübarizə aparırıq. Qaçqınların geriyə dönməsi üçün yeni evlər tikilməlidir.

Bu işğal Avropa İttifaqı (Aİ) sərhədlərindən kənarda baş verdi və bir çoxları bunu uzaq bir problem kimi qiymətləndirdi. Avropanın rolunu düzgün başa düşməməsi, səhv yanaşması sonrakı münaqişələrə yol açdı. Qarabağın işğalı bu münaqişələrdən birincisi idi, Avropanın bunu dayandıra bilməməsi daha çox münaqişələrə və işğallara gətirib çıxardı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Nigar Arpadarai qurumun yaz sessiyasında Avropa Şurası ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair müzakirələr zamanı söyləyib. Deputat bildirib ki, təhlükəsiz Avropa, mövcud xoşagəlməz hadisələrin bir daha baş verməsinə imkan yaratmamaq və mövcud işğalların nəticələrini aradan qaldırmaq üzərində daha çox çalışılmalıdır. Beynəlxalq hüququn ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı kimi prinsipləri daha da möhkəmləndirilməli və onlara baxılmalıdır. Avropada tez-tez münaqişə və müharibə üçün bəhanə kimi istifadə edilən hərbiləşdirilmiş və təcavüzkar separatizmlə mübarizə məqsədilə real mexanizm yaradılmalıdır. Bunun üçün daha güclü Avropa Şurası, daha güclü ATƏT lazımdır. Avropa İttifaqının (Aİ) və NATO-nun genişləndirilməsi ilə kifayətlənmək olmaz.

N.Arpadarai vurğulayıb ki, Lissabon prinsiplərinin əhəmiyyətinə xələl gətirmədən bu mühüm balans Aİ institutları ilə Avropa Şurası arasında münasibətlərdə nəzərə alınmalıdır.

Milli Məclisin deputatı qeyd edib ki, Aİ ilə Avropa Şurası arasında əməkdaşlıq və strateji tərəfdaşlıq tamamilə təbiidir. Avropa qitəsində Aİ dominant iqtisadi qüvvədir və Avropa Şurası insan haqları və demokratiyanı təşviq edən ən qədim təşkilatdır. Avropanın üzləşdiyi əsaslı dəyişikliklər və çağırışlar fonunda Avropa Şurasının Avropa İttifaqının institutları ilə möhkəm inteqrasiyası son dərəcə vacibdir. Güclü Aİ daha təhlükəsiz Avropa deməkdir. Azərbaycanın Aİ üzvü və ya üzvlüyə namizəd olmamasına baxmayaraq, bunu aydın şəkildə başa düşür və yüksək qiymətləndiririk.

ATƏT, Avropa Şurası, Avropa İttifaqı və NATO kimi təşkilatlardan, onların mövqelərindən, birləşməsinin, bir-birini tamamlamasının mümkünlüyündən söz açan azərbaycanlı deputat gələcəkdə təhlükəsiz və dinc Avropa üçün yeganə yolun bərabərhüquqlu üzvlərdən ibarət vahid Avropa olduğunu bildirib. O, həmçinin Avropa Şurası, ATƏT kimi təşkilatların öz missiyalarını həyata keçirməkdə üzləşdikləri çətinliklərdən də söz açıb. Bu təşkilatların islahatlara ehtiyacları olduğunu deyib. Bildirib ki, üzv dövlətlər bərabərhüquqlu üzvlər olaraq əsas Pan Avropa təşkilatları üçün yenilənmiş mandatla bağlı razılığa gəlməlidirlər. Keçmiş səhvləri düzəltmək, prinsiplərə sadiq qalmaq, onları tətbiq etmək üçün işlək və ədalətli mexanizmlər yaratmalıdırlar.