Daşların dilində – Fərman İmamquliyev-FOTO

 Fərman  İmamquliyev – 100

Azərbaycan memarlığı minilliklər boyu formalaşaraq ölkənin coğrafi mövqeyi,  iqlimi,  ictimai-siyasi  həyatı  və  mədəni  əlaqələri  ilə  sıx  şəkildə  bağlı olub.  Ulu  Şeyx  Nizami  yurdum  olan  qədim  Gəncəm  isə  memarlıq  tarixinin təxminən  4  min  ildən  artıq  bir  dövrünü  əhatə  etməklə  şəhərin  siyasi,  iqtisadi və  mədəni  həyatındakı  dəyişikliklərlə  birbaşa  bağlılığını  əks  etdirir.  Hər  zaman qədim  Gəncəm  Şərq  və  eləcə  də  Qərb  memarlıq  ənənələrinin  qovuşduğu mühüm mərkəz olaraq diqqət mərkəzində olub. Gəncənin ərazisində aparılan arxeoloji  qazıntılar   bir  daha  sübut  edir  ki,  burada  hələ  tunc  dövründən  belə yaşayış   məskənləri  mövcud  idi.  Hətta  Antik  dövrdə  Gəncə  Böyük  İpək  Yoluna yaxın   yerləşdiyindən   şəhər  tipli  planlaşdırma  formalaşmağa  başlayıb.  Bu  dövrdə   Gəncə   Qafqaz   Albaniyasının   mühüm   şəhərlərindən   biri   hesab  edilirdi.  Şəhərin   memarlıq   nümunələrində  möhkəmlilik,  sadə  formalar  və  qalın  divarlar  əsas  xüsusiyyətlərindən  hesab  edilirdi.  Məhz  təsadüfi  deyil  ki,  bu  mərhələ  Gəncənin  memarlıq  tarixində  qızıl  dövr  kimi  hesab  olunurdu.  Xüsusi  olaraq  qeyd  etmək  lazımdır  ki,  Gəncənin  memarlıq  tarixi  şəhərin  taleyi  kimi  mürəkkəb  və  zəngindir.  Qədim   yaşayış  məskənlərindən  tutmuş  müasir  urbanistik  layihələrə qədər  Gəncə  memarlığı  Azərbaycanın  tarixi-mədəni  inkişafının  canlı  aynasıdır.

Əməkdar memar, Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü, uzun illər Gəncə şəhərinin baş memarı kimi tanınan Fərman İmamquliyevin  isə  Gəncənin  memarlıq  tarixində  xüsusi  yeri  var.  Məhz  bu  il Fərman  İmamquliyevin  anadan  olamsının  100  ili  tamam  olur.

Fərman  Həsənqulu  oğlu  İmamquliyev  1926-cı  il  fevral  ayının  23-də Gəncə şəhərində qulluqçu ailəsində anadan olub. 1943-cü ildə Gəncə şəhər 3 nömrəli  Beynəlmiləl  orta  məktəbini  bitirib.  Həmin  ildə  Tbilisi  Dəmiryol Nəqliyyat  Mühəndisləri  İnstitutunun  inşaat  fakültəsinə  daxil  olub  və  1944-cü ildə  memarlıq  sənətinə  böyük  həvəsi  nəzərə  alınaraq,  köçürmə  yolu  ilə Azərbaycan   Sənaye   İnstitutunun  memarlıq-inşaat  fakültəsinə  keçirilərək  təhsilini   burada  davam  etdirib. 1946-cı  ildə  II  kurs  tələbəsi  olarkən  “Sumqayıt  şəhərinin  giriş  darvazası”  adlı  müsabiqədə  3-cü  yeri  tutub.  1951-ci  ildə  isə  Gəncə  şəhərinin  baş  memarı  təyin  olunub.

Gəncə   şəhərinin  baş  planına  əsasən,  Yeni  Gəncə,  Gülüstan,  Mahrasa  bağı və digər qəsəbələrin layihə müəllifi olaraq həmçinin, şəhərin Şimali-Şərq (Alüminium zavodu) və Qərb (Maşınqayırma, Çini qablar, Sənaye-Rabitə müəssisələri,  Billur  zavodu  və Qənnadı fabriki) sənaye qovşaqlarının yaranmasında yaxından iştirak edib. Hacı Vaqifin türbəsi, Univermaq, Xatirə parkının (indiki Heydər Əliyev parkı) salınması, şəhərdə ağ su bulaqlarının tikilməsi,  “Mirzə  Şəfi  Vazeh”,  “Füzuli”,  “Fərhad”  heykəllərinin  müəlliflidir. Məhz   Fərman   İmamquliyevin   böyük  zəhməti  sayəsində  1961–70-ci  illərdə  Şah  Abbas  məscidi  ətrafında,  şəhər  istirahət  parkında,  inzibati  meydanın  yenidən  qurulması, abadlaşdırılmasında, Univermaq, “Bakı” kinoteatrı, “Kəpəz” mehmanxanası  binalarının,  Qənnadı  fabrikinin,  Çini  qablar,  Əlvan  metal  və çörək  məmulatları  zavodlarının,  ət  kombinatının,  “Nizami”,  “28  May”  küçələri və  körpülərin  şəhərin  baş  planına  uyğun  tikilməsinə  nail  olunub.  Onun  ən böyük   layihəsi   hesab   edilən   Gəncə   şəhərinin   simvolu  sayılan  Nizami  Gəncəvi  məqbərəsinin  tikintisi  1991-ci  ildə  başa  çatdırılıb.

Xüsusi  olaraq  qeyd  etmək  vacibdir  ki,  Fərman  İmamquliyev  daha  çox memar  kimi  tanınsa  da,  onun  memarlıq  layihələrində  əsasən  Gəncənin  tarixi və  mədəni  məkanlarında   memarlıq-heykəltəraşlıq  estetik  elementlərinə  daha  çox  rast  gəlmək  mümkün  idi.  Məhz  Fərman  İmamquliyevin  fəaliyyətinə  sırf “memar”  prizmasından  baxsaq  onun  yaradıcılığını  bir  qədər  məhdudlaşdırmış oluruq.  Belə  ki, əslində  o, məkanla  formanın,  konstruksiya  ilə  plastik  ifadənin sərhədlərində  işləyən  sənətkarlarından  hesab  edilirdi. Onun  layihələrində memarlıq   və   heykəltəraşlıq   bir-birini   inkar  etmir,  əksinə,  bir-birini  tamamlayan  estetik  dillər  kimi  çıxış  edirdi.  Bu  sintez  xüsusilə  Gəncənin  tarixi və  mədəni  məkanlarında  daha  aydın  sezilirdi.

Qeyd  etmək  lazımdır  ki,  İmamquliyevin  memarlığında  bina  yalnız funksional  obyekt  deyil,  o  həm  də  vizual  obraz,  bəzən  isə  simvolik  mətn  kimi qurulurdu. Fasadların plastikasında, həcm-kompozisiya həllində heykəltəraşlıq düşüncəsi açıq-aydın hiss olunurdu. Kütlələrin bir-birinə nisbəti, çıxıntı və girintilərin  ritmi,  səthlərin  işıq-kölgə  oyununa  açıq  şəkildə  modelləşdirilməsi memarlıq  obyektini  statik  quruluşdan  çıxarıb,  demək  olar  ki,  “heykəlsayağı” bir  formaya  çevirə  bilirdi.  Bu  yanaşma  klassik  memarlıq  anlayışından  fərqli olaraq  binanı  baxılan,  seyr  edilən  obyekt  kimi  təqdim  etməklə  ətraf  mühitlə dialoq  aparan  canlı  plastik  forma  hesab  edilirdi.

Gəncə  kimi  qədim  şəhərdə  işləmək  memardan  təkcə  peşəkarlıq  deyil, həm  də  tarixi  yaddaşla  işləmək  bacarığı  tələb  edirdi.  İmamquliyevin layihələrində  heykəltəraşlıq  elementləri  məhz  bu  yaddaşın  vizual  ifadəsinə çevrilə  bilirdi. Ornamentlər,  şərti  relyeflər,  monumental  detallarda  milli-mədəni kodlar   açıq  şəkildə  hiss  olunmaqla  eləcə  də  bu  elementlər  bəzək  xatirinə  deyil,  məkanın  mənəvi  yükünü  daşımaq  üçün  istifadə  edilirdi.  Xüsusilə  tarixi məkanlarda  onun  memarlıq  həlləri  keçmişlə  bu  gün  arasında  körpü  rolunu oynayırdı. Burada heykəltəraşlıq üslubu memarlığı ağırlaşdırmır, əksinə, ona emosional  dərinlik  qatırdı.  Binalar  sanki  susaraq  daşın,  betonun  və  formanın dili  ilə  danışırdı. Qeyd  etməliyəm  ki,  Fərman  İmamquliyevin  memarlıq  dilində xəttdən   çox   həcm   önəmli   idi.   Bu  isə  sırf  memarlıqdan  daha  çox  heykəltəraşlıq  düşüncə tərzinin  göstəricisi  kimi  hesab  edilirdi.  Onun  layihələrində   forma  əvvəlcə  həcmi   ilə   qavranılır,   daha  sonra  detal  səviyyəsində  oxunurdu.  Məhz  onun  yaradıcılıq  aspektində  bu  cür  yanaşma   tərzi   memarlığı  vizual  olaraq  gücləndirməklə  ona  monumental  xarakterlilik  bəxş  edirdi.  Həmçinin  Fərman İmamquliyevin yaradıcılığında memarlıq və heykəltəraşlıq  sərt  sərhədlərlə  ayrılmırdı.  Onun   Gəncədəki   layihələrində  bu  iki  sahə  estetik  sintezə  girərək şəhər mühitinə həm funksional, həm də bədii dəyər qazandırırdı. Bu   baxımdan   İmamquliyevin  memarlığı  yalnız  tikili  deyil, həm  də  məkanda  donmuş  plastika, yəni  “yaşayan  heykəl”  təsirini  bağışlamış  olurdu.

Eləcə  də  qeyd  etməliyəm  ki,  Fərman  İmamquliyev  ən  çox  memarlıq layihələri   ilə  yadda  qalmışdır.  Bu  kontekstdə  onun  sənətkar  kimi  baxışı  yalnız tikinti  strukturlarını  deyil,  eyni  zamanda  publik  sənət  abidələri  ilə  şəhər məkanının  bədii  uyğunluğunu  da  nəzərdə  tuturdu.  İmamquliyevin  yaradıcılıq fəlsəfəsində şəhər passiv fon deyil, aktiv iştirakçıya çevrilirdi. O, memarlıq strukturlarını  tək-tənha  obyektlər  kimi  deyil,  ətrafdakı  meydan,  küçə,  park  və tarixi  qatlarla  birlikdə  düşünürdü.  Publik  sənət  abidələri  bu  kontekstdə  əlavə bəzək  deyil,  şəhər  dramaturgiyasının  mühüm  “aktyorları”  olaraq  təqdim  edilirdi. Onun  memarlıq   layihələrində  tez-tez  rast  gəlinən  açıq  məkanlar — meydanlar, giriş  zonaları,  vizual  oxlar — məhz  abidə  və  ya  plastik  elementlərin yerləşdirilməsi  üçün  əvvəlcədən düşünülmüş estetik platformalar təsiri bağışlayırdı.  Bu,  memarın  heykəltəraşlıqla   dialoqa   açıq  düşüncə  tərzindən  xəbər  verirdi.  İmamquliyevin  baxışında  publik  sənət  abidəsi  şəhər  məkanını  “ram edən”  dominant  obyekt  demək  deyildi.  Əksinə,  o,  memarlıqla  insan  arasında   vasitəçi  rolunu  oynayırdı.  Beləliklə  də  abidənin  ölçüsü,  plastikasının  istiqaməti,  yerləşmə  nöqtəsi  memarlıq  həcmləri  ilə  rəqabət  aparmır,  onların ritmini  tamamlayırdı.  Bu   yanaşma   xüsusilə   Gəncə  kimi  çoxqatlı  tarixi  olan  şəhər  üçün  əhəmiyyətli  faktorlardan  hesab  edilirdi. Burada  abidə  nə  tarixi  mühiti  kölgədə  qoymalı,  nə  də  müasir  memarlıqla  ziddiyyətə  girməli  idi. İmamquliyevin  estetik  balans  axtarışı  bu  incə  xətti  hər  zaman  qorumağa yönəlirdi.  Xüsusi  ilə  Fərman  İmamquliyev  memarlıq  fəaliyyətini  tikinti praktikası  kimi  deyil,  kompleks  bədii  strategiya  kimi  dərk  edirdi.  Onun  üçün bina, abidə və şəhər mühiti ayrı-ayrı obyektlər deyil, vahid estetik sistemin elementləri  hesab  edilirdi.  Xüsusi  olaraq  şəhərin  tarixi  abidələri  ilə  işləyərkən əsas təhlükə ya ifrat modernizm, ya da saxta tarixiləşdirmədir. İmamquliyevin yanaşması isə bu iki ifrat arasında balansı qura bilirdi. O, heykəltəraşlıq elementlərini   tətbiq   edərkən  tarixi  abidəni  kölgədə  qoymamağa  çalışmır,  əksinə,  onun   plastikasını  vizual  olaraq  “dinləyirdi”.

İmamquliyevin  yaradıcılığında  heykəltəraşlıq elementi heç vaxt sırf dekorativ  məqsəd  daşımırdı.  Əksinə  plastik  çıxıntılar,  relyefvari  səthlər,  həcm keçidləri  eyni  zamanda  funksional  zonaları ayırmaqla məkan axınını tənzimləyirdi. Bütün bunların fonunda Fərman İmamquliyevin yaradıcılığı memarlıqla heykəltəraşlıq arasındakı sintez ənənəsinin çağdaş davamı kimi qiymətləndirilə  bilər.  Onun  işi  hər  zaman  sübut  edirdi  ki,  tarixi  abidələrə hörmət  yalnız  keçmişi  qorumaqla  deyil,  onun  estetik  məntiqini  anlayaraq  yeni məkanlar yaratmaqla mümkündür. Məhz İmamquliyevin memarlığında məkan donmuş  struktur  deyil,  plastik,  yaşayan  formadır.  Məhz  bu  keyfiyyət  onun işlərini   şəhərin  tarixi  qatları  ilə  uyğunlaşdırır  və  onları  süni  deyil,  təbii  davam kimi  qəbul  etdirməyə  imkan  yaradırdı.  Belə  memarların  işi  sadəcə  estetik  deyil, o,  həm  də   mədəni  yaddaşın  qorunması,  həm  klassik,  həm  də  müasir  memarlıq dili  ilə  milli  kimliyin  ifadəsi  kimi  dəyərləndirilə  bilərdi.

Qeyd  etmək  lazımdır  ki,  mədəni  yaddaş  abstrakt  anlayış  deyil,  o,  konkret məkanlarda, daşda, həcmlərdə, şəhər planında yaşayır. Bu cür memarların yanaşmasında  bina  bir  dövrün  texniki  məhsulu  olmaqdan  çıxaraq  yaddaş obyektinə çevrilir. Klassik memarlıqdan gələn nisbət anlayışı, ritm, sakit monumentalizm  müasir  konstruktiv  üsullarla  birləşdirilərək  zamanlararası körpünü  yarada  bilir. Bu  baxımdan  onun  yaradıcılığında  təqdim  edilən  klassik elementlər  sitat  kimi  deyil,  yaddaşın izləri  kimi  təqdim  olunurdu. Bu  isə memarlığa  saxta  tarixilikdən  uzaq,  səmimi dərinlik qazandırırdı. Bu kimi memarlıq  yanaşması ikili dildə danışır. Bir tərəfdən klassik memarlığın tanış ölçüləri,  sakit   simmetriyası   və   plastik  nizamı  var,  digər  tərəfdən  isə  müasir dövrün  sadələşdirilmiş  formaları,  açıq  konstruksiyaları  və  funksional  düşüncəsi geniş  formada  təqdim  edilirdi.

İmamquliyev yaradıcılığında əsas xətt konseptual nizamdır. Onun layihələrində  forma  heç  vaxt  özünü  nümayiş  etdirmək  üçün  qabardılmırdı. Əksinə,  forma  funksiyanın,  məkanın  və  şəhər  kontekstinin  məntiqindən  doğurdu.  Bu,  onu  plastik-ekspressiv  memarlıqdan fərqləndirir və heykəltəraşlıqdan   müəyyən   məsafədə  saxlayırdı.  Lakin  bu  təmkin  estetik  yoxluq anlamına gəlmir. Əksinə, şəhər miqyasında qurulan kompozisiyalar, kütlələrin  balansı  və  açıq  məkanların   ardıcıllığı  memarlığın   sakit,  lakin  təsirli  bədii  dilini yarada  bilirdi.  İmamquliyevin  rolu  tək-tək  binalardan  daha  çox  şəhər  strukturu  ilə  bağlıdır.  O,  memarlığı  şəhərsalmanın  bir  elementi  kimi  görürdü.  Bu    yanaşma   nəticəsində   estetik  təsir  fərdi  obyekt  səviyyəsində  deyil,  bütöv  məkan təcrübəsi səviyyəsində formalaşırdı. İmamquliyevin heykəltəraşlıqdan  məsafəsi  təsadüfi  deyil,  bu,  onun  bir  növ  memarlıq  etikası  hesab  edilirdi.  O,  memarlığı   özünü  göstərən  sənət  yox,  xidmət  edən  sənət  kimi  qəbul  edirdi.  Bu  yanaşma  şəhər   mühitində  vizual  təvazökarlıq  yaradır   və  tarixi,  mədəni  kontekstin  ön  plana  çıxmasına  şərait  yaratmış  olurdu.  Məhz İmamquliyevin  işləri  sənət  və  mədəniyyət  məkanında  dolayı  təsir  göstərir,  onun memarlığı  sərgi  salonları,  mədəniyyət  ocaqları,  ictimai  binalar  vasitəsilə  sənətin təqdim  olunduğu  mühiti  formalaşdırırdı. Bu mühit isə sənətin qavranmasına birbaşa  təsir  edirdi.  İmamquliyevin  memarlığının  estetik  təsiri  ani  deyildi. Əksinə  onun  layihələri  zamanla  açılır,  gündəlik  istifadədə  mənalandırılırdı.  Bu,  modernist  səssizliklə milli  memarlıq  ənənəsinin  sintezindən  doğan  xüsusiyyətlərdən  hesab  edilirdi.

Məhz Fərman İmamquliyevin Azərbaycan memarlıq və şəhərsalma tarixindəki  rolu  onun  heykəltəraşlıqla  nə  qədər  yaxın  olmasında  deyil,  memarlığı  mədəni  mühit  yaradan  sistem  kimi  qurmasında  idi.  O,  estetik  təsiri birbaşa  forma  ilə  deyil,  məkanın  daxili  harmoniyası  ilə  yarada  bilirdi. Bu səbəbdən  də  İmamquliyevin  işi  bədii  baxımdan  səssiz,  amma  mədəni  baxımdan təsirli,  formal  olaraq  təmkinli,  amma  yaddaşda  qalıcı  idi.  Məhz  bu  keyfiyyətlər onu  Azərbaycan  memarlıq  tarixində  mühüm  əhəmiyyət  kəsb  edən  sənətkar  kimi  dəyərləndirməyə  əsas  verir.

Anar  Ərtoğrul  Burcəliyev,

teatrşünas-tənqidçi

Daşların dilində - Fərman İmamquliyev-FOTO