“COP29 sessiyasının ölkəmizdə keçirilməsi təsadüfi deyil və…”-Sadiq Qurbanov

Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib.

Kanal32.az həmin möhtəşəm tədbirdə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun çıxışının tam mətnini təqdim edir:

– Azərbaycan adlı məmləkət nə qədər mövcuddursa, Heydər Əliyevin yaratdığı səhifə tariximizlə birgə yaşayacaqdır. Bu da XX əsrin ikinci yarısında Azərbaycanın milli, mənəvi, mədəni, siyasi, iqtisadi həyatında Heydər Əliyevin dönüş, xüsusi inkişaf perspektivləri yaratdığı tarixdir. Bu mənada Heydər Əliyev siyasətinin fəlsəfi mahiyyətini açıb göstərmək olduqca vacib və əhəmiyyətlidir.

Hörmətli Prezidentimiz İlham Əliyevin böyük ehtiramla söylədiyi və diqqət çəkən bu qiymətli sözləri daim öz yüksək dəyərini saxlayacaqdır: “Heydər Əliyevin düşündüyü ideyalar indi də yaşayır. Onun siyasəti davam etdirilir, fəlsəfi fikirləri müasir Azərbaycanımızın qüdrətlənməsi proqramının əsas istiqamətlərini göstərməkdədir”.

Heydər Əliyev şəxsiyyətinin böyüklüyü həm də onda idi ki, o, dövlət quruculuğu prosesinin ardıcıllığını təmin edəcək əsasları xüsusi ustalıqla formalaşdırdı, eyni zamanda möhtərəm İlham Əliyevin şəxsində Azərbaycanın müstəqilliyini, ölkəmizin yüksəlişinin daimiliyini, dönməzliyini təmin edəcək siyasi varisini də müəyyənləşdirdi. Ötən 20 ildə Azərbaycanın hər bir uğuru göstərir ki, Prezident İlham Əliyev Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısıdır.

Onun elmə əsaslanan və təcrübədən uğurla çıxan innovativ dövlət idarəçiliyi, dünyada ilk dəfə tətbiq edilən yeni texnologiyaları ölkəni müasir inkişaf göstəricilərinə görə dünya liderləri sırasına çıxarmışdır. Bu fakt Davos Dünya İqtisadi Forumunun təsisçisi və əvəzsiz Prezidenti professor Klaus Şvabın dünya ölkələrinin inkişafının müqayisəli təhlilinə həsr olunmuş hesabatında da təsdiqini tapmışdır. Belə ki, bu hesabatda Azərbaycan Respublikası davamlı inklüziv inkişaf prosesində ehtiyatları dünyada ən səmərəli
idarə edən ölkə kimi təqdim olunmuşdur.

Hamımızın da bildiyi kimi bugünkü dünyamız iqlim dəyişmələri fonunda ciddi fəlakət qarşısındadır. İqlim dəyişmələrinin törətdiyi fəsadları qarşılamaq üçün milli və beynəlxalq səviyyədə bir çox tədbir həyata keçirilir. Bu tədbirlər arasında iqlim dəyişmələrinə aid olan BMT-nin Çərçivə Konvensiyasına 195-dan çox ölkə qoşulub və onlar mütəmadi olaraq bu mövzuya həsr olunmuş qlobal miqyasda konfranslar keçirdilər.

İqlim dəyişmələrinin qarşısının alınması və bu istiqamətdə baş vermiş təsirlərin yumşaldılması ilk növbədə istixana effektini törədən qazların atmosferə tullanmasını ya sıfır səviyyəsinə endirilməsini, ya da əhəmiyyətli dərəcədə azaldılmasını tələb edir. Xüsusi ilə qeyd etməliyik ki, ətraf mühitin və ekoloji tarazlığın qorunmasına həssaslıqla yanaşan Azərbaycan bununla bağlı qoşulduğu bir sıra beynəlxalq sazişlərin tələblərinə daim ciddi şəkildə riayət edir. Ölkəmiz qlobal iqlim dəyişmələrinə təsirlərin yumşaldılması təşəbbüslərinə özünün töhfəsi olaraq baza ili ilə (1990-cı il) müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qaz emissiyalarının 35 faiz, 2050-ci ildə isə 40 faiz azalma səviyyəsində saxlanılmasını hədəf kimi götürüb. Bu hədəflərə nail olmağın əsas istiqaməti bərpa edilməyən qazıntı enerji mənbələrindən (kömür, neft, qaz, torf və s.), bərpa olunan enerjiyə transformasiya etməkdir.

Dünya İqtisadi Forumu bu transformasiyanın 2014-2023-cü ildə necə getdiyini təhlil etmiş və dünya ölkələrinin Enerji Keçid (Transformasiyası) İndeksi hesablanmışdı. Tədqiqatlar göstərdi ki, bu siyahıya İsveç 75.5 indeksi ilə başçılıq edir. Azərbaycan Respublikasının indeksi 62-yə bərabərdir və bu göstərici ilə ölkəmiz dünyada 32-ci yerdədir.

İqlim dəyişməsi üçün önəmli olan enerji keçidi sahəsində Azərbaycan Respublikasının qazandığı üstünlüklər dövlət idarəçilik elmi və praktikasına gətirilən yeni texnologiyalar kompleksin tədbiqidir. Biz bu fundamental yanaşmaları çox dəyərli akademikimiz Urxan Ələkbərovun elmi tədqiqatlarında da görürük..
Enerji transformasiyanın digər vacib şərti enerji səmərəliliyidir. Azərbaycan Respublikası bu sahədə də yüksək nailiyyətlər əldə etmişdir. Dünya Bankının hesabatlarına əsasən, ölkəmizdə 2003-cü ildə bir vahid enerjinin istifadəsi nəticəsində dəyəri 4 ABŞ dolları olan ÜDM istehsal olunurdusa indi bu rəqəm 11,6 ABŞ dolları təşkil edir, yəni son 20 ildə ölkədə enerji səmərəliliyi təxminən 3 dəfə artıb.

Enerji keçidi (transformasiyası) indeksinin hesablanmasında istifadə edilən digər göstərici atmosferə karbon qazının (CO2) emissiyasıdır. Enerji səmərəliliyi ölkədə artdığından 2000-ci illə müqayisədə karbon qazının emissiyası da 5 dəfəyə qədər azalıb.
Ümumiyyətlə, qeyd edilməlidir ki, enerji keçidinə xidmət edən bütün istiqamətlərdə ölkəmiz sürətlə irəliləyir. Azərbaycan Respublikasının enerji transformasiya sahəsində lider olması bu fəaliyyətlərin kompleks şəkildə həyata keçirilməsinin nəticəsidir. Bu səbəbdən COP29 sessiyasının ölkəmizdə keçirilməsi təsadüfi deyildir və ölkədə innovativ olan vahid inkişaf strategiyasının nəticəsidir.

Azərbaycan Respublikası son illərdə bir çox uğura imza atıb. Davos Dünya İqtisadi Forumunun dərc etdiyi hesabata əsasən, ölkəmiz dünyada ən müasir inkişaf göstəricisi olan inklüziv inkişaf sahəsində dünyada 25-ci yerdədir. Nəzərə alınsa ki, ölkə iqtisadi imkanlarına görə dünyada 83-cü yerdədir, aydın olur ki, bu nailiyyətlərin arxasında mükəmməl dövlət idarəçiliyi durur.

Bütün bunlar onu deməyə əsəs verir ki, qazanılan uğurların kökündə dövlət idarəetməsinin səmərəliliyi vacib komponentdir. Dövlət idarəçilik strukturunda Birinci vitse-prezident aparatının formalaşması, bu vəzifədə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın məqsədyönlü və uğurlu fəaliyyəti yeni dövlət idarəçilik texnologiyalarının vacib elementidir.
COP29 ölkənin beynəlxalq səviyyədə keçirdiyi növbəti tədbirdir və onun uğurlu olacağına şübhə yoxdur.

Çünki dünyada elə bir praktika yoxdur ki, bir dövlət özünün 200 ildən artıq olan problemini cəmi 44 gündə həll etsin.

212 gündə Füzuli aeroportu kimi aeroport istismara versin.
424 gündə Ağalı kimi “ağıllı” kəndində yaşayışı təmin etsin.
515 gündə Zəngilan aeroportu kimi böyük layihəni həyata keçirtsin.
İnklüziv inkişafda dünyada 83-cü iqtisadi imkanla 25-ci yerdə olsun
23 saat 51 dəqiqəyə Azərbaycan kimi tam suverenliyini bərpa etsin.

Prezident İlham Əliyevin yeni inkişaf strategiyasına uyğun olaraq dövlət idarəçiliyi sahəsində həyata keçirilən çoxşaxəli islahatlar, təkmilləşdirmə tədbirləri sayəsində əldə olunan uğurlar onu deməyə əsas verir ki, ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN müəyyənləşdirdiyi ideoloji kurs davam etdikcə, qədirbilən xalqımız ONUN siyasi irsini yaşatdıqca, fəlsəfəsini dərk edərək siyasi varisliyi qoruyub saxladıqca bu uğurlar hələ son olmayacaq.

Bizim sizinlə keçirdiyimiz tədbir müddətində cənab Prezident İlham Əliyev Laçın rayonunda “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyalarının (KSES) açılışında iştirak edib, Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub, birinci xanım Mehriban Əliyeva ilə birlikdə Susada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində, eyni zamanda birinci yaşayış kompleksinin və Mamayı məscidinin bərpadan sonra açılışında daha sonra Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış olub, bu yolda inşa edilmiş birinci tunelin açılışında iştirak edib. Budur Azərbaycanın reallığı. Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir.

Sonda nakam şairimiz Muşviqin sözləri ilə çixışımı bitirmək istəyirəm.

Mənim könlüm deyir ki,
Hələ bunlar nədir ki…
Böyük günlər, şanlı günlər, şən günlər,
Yoluna düşən günlər
Hələ qarşımızdadır
!