COP29-la bağlı üzərimizdə hansı öhdəliklər var?-Komitə sədrindən açıqlama

“Bu qanun layihəsinin qəbulu Azərbaycanın BMT ilə əməkdaşlıq səylərini gücləndirmək və iqlim dəyişikliyi ilə mübarizədə qlobal öhdəliklərini yerinə yetirmək məqsədi daşıyır”.

“AzPolitika” xəbər verir ki, bunu Milli Məclisin pelnar iclasında Təbii ehtiyatlar, energetika və eklologiya komitəsinin sədri Sadiq Qurbanov “Azərbaycan Respublikası Höküməti ilə birgə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişimləri üzrə Çərşivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfrasının on doqquzuncu sessiyası, Paris Sazişinin Tərəflər Görüşünün altıncı sessiyası və Köməkçi Orqanların sessiyaları haqqında Saziş” layihəsinin təqdimatında deyib.

Layihəni təqdim edən komitə sədri qeyd edib ki, BMT Baş Assambleyasının 1985-ci ildə qəbul etdiyi A/RES/40/243 saylı qətnaməyə uyğun olaraq, ev sahibi ölkələrin beynəlxalq konfransların keçirilməsi zamanı məsuliyyətlər müəyyən edilib: “Azərbaycan Hökuməti də bu tələblərə uyğun olaraq, COP29 tədbirinin keçirilməsi ilə əlaqədar təşkilati və təhlükəsizlik məsələlərini yüksək səviyyədə təmin edəcək. Sazişdə Azərbaycan Respublikası, ən az inkişaf etmiş ölkələrin, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin, Afrika Qrupunun, 77-lər Qrupunun və Çinin sessiyaqabağı görüşlərinin keçirilməsi və əlavə razılaşdırılmış görüşlərə ev sahibliyi etmək öhdəliyini qəbul edib. Hökumətimiz, iştirakçıların insan hüquqlarını və bərabər hüquqlarını qorumağa sadiq olduğunu bir daha təsdiqləyib”.

S.Qurbanov əlavə edib ki, Sazişə əlavə edilmiş öhdəliklər çərçivəsində konfransın təşkilində müxtəlif xidmətlər, o cümlədən, media, maliyyə, iaşə, tərcümə və nəqliyyat xidmətləri də təmin olunacaq. “Bu tədbir Azərbaycan üçün iqtisadi, diplomatik və ekoloji sahələrdə yeni imkanlar yaradacaq və ölkəmizin nüfuzunu daha da artıracaq”, – deputat vurğulayıb.

Komitə sədrinin sözlərinə görə, COP29 konfransı Azərbaycan üçün yalnız bir beynəlxalq tədbir deyil, həm də davamlı inkişaf strategiyamızın bir hissəsi və iqlim dəyişikliyi ilə mübarizədə lider ölkələrdən biri olmaq üçün bir platformadır: “Biz, ev sahibi ölkə kimi, bu tədbirin yüksək səviyyədə keçirilməsini təmin edəcək və qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizəyə öz töhfəmizi verəcəyik. Bütün dünyanın diqqəti bu dövrdə Bakıya yönələcək və ölkəmiz, ekoloji problemlər və iqlim dəyişiklikləri ilə bağlı müzakirələrin mərkəzində dayanacaq”.

Millət vəkili daha sonra bildirib ki, sessiyaqabağı görüşlər 5-10 noyabrda, COP29 Konfransı isə 11-22 noyabr tarixində Bakı Mərkəzi Stadionunda keçiriləcək.

Sadiq Qurbanov daha sonra Sazişin əsas məqamları ilə bağlı danışıb: “Birinci növbədə, konfransın keçirilməsi üçün razılaşmaya əsasən, Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Katibliyi arasında imzalanmış sazişin əhəmiyyətini vurğulayaraq bu razılaşmanın Azərbaycan Respublikasının beynəlxalq öhdəliklər çərçivəsində öz məsuliyyətlərini yerinə yetirdiyini göstərir.

Hökumətimiz bu tədbir çərçivəsində zəruri infrastrukturun, texnologiyanın və təhlükəsizlik tədbirlərinin təmin edilməsi üçün məsuliyyət daşıyır. Konfrans zamanı iştirakçıların hər cür ehtiyacı, o cümlədən rabitə, media və digər təşkilati məsələlər yüksək səviyyədə təmin olunacaqdır”.

Komitə sədri qeyd edib ki, bu beynəlxalq tədbirdə dünyanın müxtəlif ölkələrindən dövlət nümayəndələri, müşahidəçi təşkilatlar, beynəlxalq media, qeyri-hökumət təşkilatları, özəl sektor və digər beynəlxalq nümayəndələr iştirak edəcəklər. “Azərbaycan bu tədbir vasitəsilə iqlim dəyişikliyi ilə mübarizədə fəal rol oynadığını bir daha sübut edəcək”, – o əlavə edib.

“Ekoloji Davamlılıq və Təbii Sərvətlərin Qorunması ilə bağlı onu deyə bilərik ki, Azərbaycan hökuməti bu konfransın dayanıqlılığını təmin etmək və ətraf mühitə mənfi təsirlərin qarşısını almaq üçün xüsusi tədbirlər həyata keçirəcək. İstixana qazlarının emissiyalarının azaldılması, resursların səmərəli istifadəsi və davamlı inkişaf prinsipləri ilə bu tədbir təşkil ediləcəkdir. Biz həmçinin, beynəlxalq iqlim hədəflərinə töhfə verməklə yanaşı, ətraf mühitin qorunması istiqamətində yeni layihələrə dəstək verəcəyik”, – millət vəkili vurğulayıb.

S.Qurbanov bildirib ki, Sazişə əsasən, Azərbaycan tədbir zamanı tibbi yardım və təhlükəsizlik təminatını yüksək səviyyədə təşkil edəcək. Onun sözlərinə görə, pandemiya və ya digər qlobal sağlamlıq problemləri üçün əlavə tədbirlər nəzərdə tutulub və hər hansı fövqəladə vəziyyətə cavab verilməsi üçün bütün hazırlıqlar görüləcək.

Deputat qeyd edib ki, Azərbaycan hökuməti tərəfindən COP29-da iştirak üçün qeydiyyatdan keçmiş tərəflərə UNFCC onlayn qeydiyyat sistemi vasitəsilə ödənişsiz “COP29 xüsusi viza” xidmətləri təklif olunur: “COP29 xüsusi vizanı həm rəsmi elektron viza portalı, həm də Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə əldə etmək mümkündür”.

Sadiq Qurbanov onu da deyib ki, konfrans iştirakçıları üçün münasib qiymətli otellər və nəqliyyat xidmətləri təşkil ediləcək: “İnkişaf etməkdə olan ölkələrdən gələn nümayəndələrə xüsusi güzəştlər tətbiq olunacaq. Həmçinin, konfrans məkanı ilə otellər arasında nəqliyyat xidmətləri fasiləsiz olaraq təmin ediləcək”.

Komitə sədri çıxışının sonunda vurğulayıb ki, COP29 konfransının Azərbaycanda keçirilməsi, iqlim dəyişikliklərinə qarşı qlobal mübarizədə ölkəmizin liderliyini nümayiş etdirmək üçün əvəzsiz bir imkandır. “Biz, bir tərəfdən iqlim siyasətimizi dünyaya nümayiş etdirəcək, digər tərəfdən isə, qlobal iqlim məsələləri ilə bağlı yeni təşəbbüslərə imza atacağıq. Eyni zamanda, bu tədbir Azərbaycan iqtisadiyyatına və turizminə müsbət təsir göstərəcək və ölkəmizə beynəlxalq diqqət cəlb edəcək”, – o əlavə edib.

Sadiq Qurbanovun sözlərinə görə, bu konfrans Azərbaycanın ekoloji siyasətində əhəmiyyətli bir mərhələdir: “Biz, dövlət olaraq, bu məsuliyyəti layiqincə yerinə yetirməliyik. İqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığı daha da möhkəmləndirmək və ekoloji davamlı inkişafı təmin etmək üçün bu tədbir bizim üçün yeni imkanlar yaradacaq. Sonda isə vurğulamaq istərdim ki, COP29 konfransı Azərbaycana yeni iqtisadi və diplomatik imkanlar açacaq, qlobal səviyyədə ölkəmizin nüfuzunu daha da artıracaqdır. Biz, parlament olaraq, bu konfransın müvəffəqiyyətlə keçirilməsi üçün lazım olan dəstəyi göstərməliyik”.

 

“AzPolitika.info”

COP29-la bağlı üzərimizdə hansı öhdəliklər var?-Komitə sədrindən açıqlama