“CareerLAB” şəbəkəsi çərçivəsində İqtisad Universitetində mühüm görüş-FOTOLAR

“CareerLAB” şəbəkəsi çərçivəsində gənclər üçün idarəetmə sahəsində karyera planlaması üzrə panel müzakirə təşkil olunub

 Kanal32.az-a verilən məlumata görə Azərbaycan Dövlət İqtisad Universitetində gənclərin karyera planlamasına dəstək göstərilməsi və onların şəbəkələşməsini təmin etmək məqsədilə “İdarəetmə sahəsində karyera planlaması” mövzusunda panel müzakirə keçirilib.

Tədbirin açılışında Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev, ADİU-nun Karyera Mərkəzinin direktoru Sevinc Məcidova və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının üzvlərlə iş üzrə meneceri Bəxtiyar Quluzadə çıxış edərək, gənclər üçün karyera quruculuğu istiqamətində keçirilən layihənin faydasından söz açıblar.

Daha sonra panel müzakirələr başlayıb. Müzakirələrdə moderator qismində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəsi Jalə Həsənli, panelistlər qismində isə “Kapital Bank” ASC-nin Partnyor şəbəkəsinin idarə edilməsi departamentinin direktoru Mahmud Mahmudov, “Panda school” şirkətinin təsisçisi, sahibkar Elvin Dadaşsoy, “SAT Group” şirkətinin direktoru və həmtəsisçisi Azad Qəhrəmanov, “Səba ASC”nin İdarə Heyətinin sədri Faiq Hüseynov və İSO idarəetmə sistemləri üzrə ekspert Vüsal Mahmudov iştirak edib.

100-dən çox gənci əhatə edən panel müzakirədə “Düzgün və faydalı tərəfdaşlıqları qurmaq üçün diqqət edilməli məqamlar”, “Öz biznesini qurmaq istəyən gənclərin tələbəlik illərində fəaliyyəti”, “Müasir dünyada idarəetmə – Bazardakı imkanlar və reallıqlar” və “İdarəetmə sistemlərindən istifadənin əhəmiyyəti” mövzuları ətrafında bir sıra önəmli fikirlər səsləndirilib. Daha sonra gəncləri maraqlandıran suallar cavablandırılıb.

Məlumat üçün bildirək ki, həm Bakı, həm də region gəncləri üçün keçirilən “CareerLAB” şəbəkəsi bundan əvvəl Bakı Dövlət Universiteti, həmçinin BDU-nun Qazax filialı, UNEC-in Zaqatala filialı, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetində müxtəlif mövzular üzrə həyata keçirilib.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və üzv təşkilatları, həmçinin ali təhsil müəssisələrinin karyera mərkəzləri “CareerLAB” şəbəkəsinin əsas tərəfdaşlarıdır.

Kanal32.az