Bu icra hakimiyyətlərində HƏBSLƏR OLACAQ

Hesablama Palatasının hesabatı şok yeyinti faktlarını ortaya çıxarıb.

Hesablama Palatasının 14 yerli icra hakimiyyəti orqanında (Quba, Tərtər, İmişli, Qusar, Ağcabədi, Zaqatala, Lerik, Şabran, Gədəbəy, Ucar, Cəlilabad rayonları, həmçinin Mingəçevir, Lənkəran və Şəki şəhərləri) 2024-2025-ci illərdə yolların əsaslı təmirinə ayrılan dövlət vəsaitlərinin xərclənməsini əhatə edən analitik təhlili ciddi korrupsiya mexanizmlərini və maliyyə pozuntularını üzə çıxarıb.

KANAL32.az Palatanın hesabatına istinadla xəbər verir ki, yoxlamalar zamanı ayrılan milyonlarla manat vəsait qeyri-şəffaf xərclənib, iş həcmləri şişirdilib, sənədlər əvvəlcədən deyil, işlər bitdikdən sonra saxtalaşdırılıb.

Qüsur aktlarının real vəziyyəti əks etdirməməsi, söküntü və bərpa normalarına əməl olunmaması nəticəsində 14 icra hakimiyyəti üzrə ümumilikdə 1 078 610,9 manat məbləğində işlərin həcmi və dəyəri süni şəkildə artırılaraq podratçılara artıq ödəniş edilib. Aparılan araşdırmalar nəticəsində bu vəsait dövlət büdcəsinə tam bərpa etdirilib.

6 yerli icra hakimiyyəti tərəfindən isə həyata keçirilən 6 291 235,7 manatlıq təmir işlərində satınalma müqaviləsi bağlandıqdan cəmi 1-2 (bəzi hallarda 4) gün sonra işlərin başa çatmasına dair aktlar rəsmiləşdirilib. Bu, tenderlərin formal xarakter daşıdığını və işlərə əslində satınalma prosedurundan əvvəl başlanıldığını təsdiqləyir.

Bundan başqa, söküntü zamanı əldə olunan qiymətli tikinti materialları mədaxil edilməyib, podratçılarla qarşılıqlı hesablaşmalarda nəzərə alınmayıb. Eyni zamanda heç bir icazə olmadığı halda frezlənmə və söküntü materiallarının daşınması xərcləri qanunsuz olaraq smetalara salınıb.

Hesabatda qeyd olunur ki, yolların balansa götürülməməsi səbəbindən 2024-2025-ci illərdə dövlət vəsaiti hesabına yaradılmış və ya əsaslı təmir edilmiş 23 977 875,5 manat dəyərində yol aktivləri mühasibat uçotunda əks olunmayıb. Bu isə yerli icra hakimiyyətlərinin maliyyə hesabatlarını kobud şəkildə təhrif edib.

Sənəddə yer alan məlumatlara görə, podratçı şirkətlər tərəfindən icra təminatlarının gecikdirilməsinə və müqavilə öhdəliklərinin vaxtında yerinə yetirilməməsinə göz yumulub, cərimə mexanizmləri tətbiq edilməyib.

Hesablama Palatasının hesabatı şok yeyinti faktlarını ortaya çıxarıb.