Yaradıcı kollektiv növbəti Beynəlxalq Teatr Festivalına yollanır.
Gəncə Dövlət Milli Dram Teatrının yaradıcı kollektivi türk dramaturqu Əziz Nesinin “Toros canavarı” eyniadlı pyesi ilə növbəti Beynəlxalq Teatr Festivalında iştirak edəcək.
Kanal32.az–a bu barədə məlumatı Gəncə Dövlət Milli Dram Teatrının Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyev verib. Onun sözlərinə görə, Avrasiya Teatrlar Birliyinin və İstanbul – Maltepe Bələdiyyəsinin birgə keçirəcəyi Beynəlxalq Teatr Festivalına Azərbaycanla birgə İtaliya, İspaniya, Rumıniya, Serbiya, Portuqaliya, Özbəkistan, Qazaxıstan, Kipr və Ukraynanın Dövlət teatrları da qatılacaqlar. Anar Ərtoğrul Burcəliyev qeyd edib ki, “1 oktyabr tarixindən 1 noyabr tarixinədək bir ay ərzində keçirilməsi nəzərdə tutulan Beynəlxalq Teatr Festivalında Gəncə Dövlət Milli Dram Teatrının quruluşunda hazırlanan Əziz Nesinin “Toros canavarı” eyniadlı pyesinin tamaşası Festival səhnəsində 4 oktyabr 2024-cü il Bakı vaxtı ilə saat 21:00-da nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru İstanbulun Maltəpə teatrının baş rejissoru, Avrasiya Teatrlar Birliyinin (ATB) baş katibi Kubilay Erdelikara, rejissoru ATB-nin Azərbaycan təmsilçisi Yusif Cəfərov, quruluşçu rəssamı Mustafa Mustafayevdir. Tamaşada əsas rolları Əməkdar artistlər İlham Hüseynov, Sevda Orucova, Novruz Cəfərov, Ramiz Vəliyev, aktyorlar Günay Cabbarova, Samir Abbasov, Akif Səfərov, Emil Salmanov, Elmir Məmmədov və Həsən Cəfərov ifa edirlər” – deyərək Anar Ərtoğrul Burcəliyev bildirib.