Şotlandiya🏴 Parlamenti Böyük Britaniyadan🇬🇧 müstəqillik üçün yeni referendum keçirilməsini dəstəklədi. 72 millət vəkili Londona çağırışın lehinə, 55 millət vəkili isə əleyhinə səs verdi. Çağırış referendumun təşkili səlahiyyətinin Şotlandiya Parlamentinə verilməsidir.
Təşəbbüs Şotlandiyanın birinci naziri, bölgənin Böyük Britaniyadan ayrılmasını müdafiə edən Şotlandiya Milli Partiyasının (SNP) lideri Con Svinni tərəfindən irəli sürülüb.
Təşəbbüs təsadüfi deyil. Belə ki, may ayının əvvəlində SNP ardıcıl beşinci müddətə Şotlandiya Parlamentində ən böyük siyasi qüvvəyə çevrildi və 58 yer qazandı. Daha sonra Svinni seçkilərin nəticələrini partiyanın müstəqillik gündəliyinə dəstəyin təsdiqi adlandırdı. Yəni əslində bu addımın atılacağının mesajını öncədən vermişdi.
Şotlandiya ilk dəfə deyil ki, Birləşmiş Krallıqdan ayrılmaq istəyir. 2014-cü ildə ayrılmaq barədə ilk referendum keçirilsə də, seçicilərin 55 faizi status-kvonun saxlanmasına səs verdi. Rəsmi London məsələni bir nəsil üçün bağlı elan etsə də, Mühafizəkarlar Partiyasının rəhbərliyi altında Böyük Britaniyanın Avropa Birliyindən🇪🇺 ayrılması qərarı olan “Brexit” müzakirələri ilə yenidən açıldı.
Millətçi liderlər Şotlandiyanın 2016-cı il Brexit referendumunda səs çoxluğu ilə blokun bir hissəsi olaraq qalmağa səs verdiyini və Edinburqda Şotlandiya Milli Partiyasının çoxluğunun təkbaşına hərəkət etmək üçün bir mandat təşkil etdiyini vurğuladılar. Lakin 2022-ci ildə Böyük Britaniya Ali Məhkəməsi müstəqilliklə bağlı yeni referendumun yalnız Böyük Britaniya hökumətinin razılığı ilə keçirilə biləcəyini təsdiqlədi.
Svinni hazırda düşünür ki, Şotlandiyaya 2029-cu ildə keçiriləcək növbəti Böyük Britaniya ümumi seçkilərindən əvvəl müstəqillik verilməlidir. Bütün bunlara baxmayaraq şəxsən mən yaxın perspektivdə Şotlandiyanın Böyük Britaniyadan ayrılmasını real görmürəm. Amma bir reallıq var ki, bu məsələ Edinburq üçün bağlanmayıb. Hətta Brexit qərarından sonra əlavə motivasiya mənbəyinə çevrilib.
Hazırda əsas problem hüquqi məsələdir. Yəni Şotlandiya parlamenti təkbaşına müstəqillik referendumu keçirə bilməz. Bunun üçün Londonun razılığı lazımdır. Britaniya hökuməti isə indiki mərhələdə buna qarşı çıxır. Buna görə də siyasi dəstək olsa belə, prosesin başlanması mərkəzi hakimiyyətin mövqeyindən asılı qalır.
Digər tərəfdən, Şotlandiyanın krallığın bir parçası kimi qalmasını istəyən əhəmiyyətli bir zümrə var. Eyni zamanda iqtisadi risklər, valyuta məsələsi və gələcək beynəlxalq statusla bağlı qeyri-müəyyənliklər də ciddi tərəddüd yaradır.
Ona görə də yaxın perspektivdə ən real ehtimal tam ayrılıq deyil, daha çox Londonla Edinburq arasında səlahiyyətlərin genişlənməsi və siyasi gərginliyin davam etməsidir. Müstəqillik isə hələ uzunmüddətli və qeyri-müəyyən bir proses olaraq qalır.
Müəllif: Turan Rzayev