“Bu gün Dünya Azərbaycanlılarının V Qurultayının nümayəndələrindən biri olmaq şərəfinə nail oldum. Bu, Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən ənənəvi tədbirdir. Dünyanın hər yerindən yüzlərlə azərbaycanlını bir məkanda birləşdirən qurultay diasporun qarşısına Azərbaycan mədəniyyətinin və tarixinin dünyada tanıdılması istiqamətində yeni təxirəsalınmaz məqsədlər qoyur”. Bu fikirləri “Diaspornews.az“a Dünya Azərbaycanlılarının V Qurultayında iştirak edən Rusiyada fəaliyyət göstərən “Odlar Yurdu” xalq rəqs ansamblının yaradıcısı və direktoru Səadət Qarayeva bildirib.
Səadət Qarayeva deyib ki, bu il 65 ölkədən 400 nümayəndə müharibədən sonrakı dövrdə Azərbaycan diasporunun qarşısında duran vəzifələri, eləcə də Azərbaycan diasporunun Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri müzakirə edib: “Azərbaycan mədəniyyətinin beşiyində – Şuşa şəhərində keçirilən ilk nümayəndəli toplantının iştirakçısı olduğum üçün xüsusi həyəcan və qürur hissi keçirirəm. 20 ildən artıqdır ki, mən Azərbaycana həsr olunmuş mədəni-tarixi layihələrlə məşğul olmuşam və bu gün ölkəmizin mədəniyyət paytaxtında – Ali Baş Komandanın rəhbərli ilə Azərbaycan ordusunun işğaldan azad etdiyi Şuşada nailiyyətlərimizi bölüşürəm.
Azərbaycanın Qarabağ bölgəsinin 30 illik işğaldan sonra zəngin mədəni irsinin bərpası, eləcə də bu bölgənin tarixi ilə bağlı bütün həqiqətlərin çatdırılması bu gün dünya azərbaycanlılarının qarşısında duran ən mühüm məqsəddir. 44 günlük Vətən müharibəsindən sonra hələ də yeni tarixi təftiş təşkil etmək və bu müharibənin nəticələrinə yenidən baxmaq istəyənlər var. Hesab edirəm ki, təkcə region üçün deyil, bütün dünya üçün bu çətin dövrdə dünya azərbaycanlılarının mədəni-maarif layihələri, informasiya layihələri ətrafında cəmləşməsi xüsusi əhəmiyyət kəsb edir. Bizim vəzifəmiz yeni tendensiyalarla ayaqlaşmaq, imkanlarımızı genişləndirmək və bütün dünyada yaşayan soydaşlarımız üçün yeni imkanlar yaratmaqdır. Yalnız bu yolla biz qarşıya qoyduğumuz məqsədlərə çata və bütün dünya üçün həmrəylik nümunəsinə çevrilə bilərik.
Mən Diasporla İş üzrə Dövlət Komitəsinə və şəxsən Prezident İlham Əliyevə hamımız üçün belə mühüm tədbirin iştirakçısı olmaq fürsətinə görə minnətdaram”.