BMT Baş Assambleyasının 81-ci sessiyası-TƏHLİL  

Dünyanın müxtəlif bölgələrində müharibə və qarşıdurmaların davam etdiyi, beynəlxalq təhlükəsizlik arxitekturasının ciddi sınaqlarla üzləşdiyi bir vaxtda BMT Baş Assambleyasının 81-ci sessiyasında qlobal münaqişələr müzakirə olunur. İkinci Dünya Müharibəsinin bitməsindən sonra dünya nizamında köklü dəyişikliklər baş verdi.  Ənənəvi avrosentrizmin süqutu ilə ABŞ və Sovet İttifaqı dünyanın ən güclü iki ölkəsi kimi ortaya çıxdı. Soyuq müharibə dövründə dünya nizamı ikiqütblü qarşıdurma ilə xarakterizə olunurdu. XX əsrin ortalarında dünya siyasəti böyük dəyişikliklərə səhnə oldu. Soyuq müharibənin bitməsindən sonra BMT yeni imkanlar və çətinliklərlə üzləşdi. Təşkilat böhranlar qarşısında nə dərəcədə effektivdir və nə edilməlidir? İkinci Dünya Müharibəsi bəşəriyyətin yaddaşına silinməz izlər buraxdı, milyonlarla insan həyatını itirdi, şəhərlər dağıldı və xalqlar dərin fəlakətlə üz-üzə qaldı. Müharibənin yaratdığı bu dəhşətli mənzərə dövlətləri gələcəkdə oxşar faciələrin qarşısını almaq üçün beynəlxalq əməkdaşlıq mexanizmi qurmağa sövq etdi. Bu məqsədlə 1945-ci ildə dünyanın aparıcı ölkələri bir araya gələrək Birləşmiş Millətlər Təşkilatının (BMT) təməlini qoydular. İkinci Dünya Müharibəsindən qalib çıxan böyük dövlətlərin rəhbərliyi altında qurulan qlobal bir təşkilat olan Birləşmiş Millətlər Təşkilatı (BMT), 20-ci əsrin birinci yarısında yaşanan müharibələrin və sülhə təhdidlərin təkrarlanmasının qarşısını almaq və beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq üçün yaradılmışdır. BMT-nin məqsədlərinə beynəlxalq sülh və təhlükəsizliyin qorunması, ölkələr arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi, iqtisadi, sosial, mədəni və humanitar xarakterli beynəlxalq problemlərin həlli istiqamətində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi və insan hüquqları və əsas azadlıqlara hörmətin təşviq edilməsi daxildir.

BMT Baş Assambleyasının 81-ci sessiyası 9 sentyabr 2026-cı ildə açıldı və ilk sessiyasına Xəlilur Rəhmanın sədrliyi ilə baş tutdu. Banqladeşin xarici işlər naziri Rəhman 2 iyun 2026-cı ildə Baş Assambleyanın prezidenti seçildi və and içdikdən sonra 9 sentyabr səhəri vəzifəsinə başladı. Bir dəqiqəlik sükutla başlayan açılış iclasında çıxış edən Rəhman ədalət, müstəqillik və dürüstlük prinsiplərinə uyğun olaraq vəzifələrini yerinə yetirəcəyinə söz verdi. Rəhman çıxışında bildirdi: “BMT tez-tez gözləntiləri doğrulda bilməyib. Münaqişələr böyük insan əzablarına səbəb olmağa davam edir. İnkişaf nailiyyətləri zəif və kövrək olaraq qalır. İqlim təsirləri güclənir. Bütün bu çətinliklər çoxtərəfliliyə etimada böyük təzyiq göstərib.” Artan etimad boşluğunun beynəlxalq qurumlara və kollektiv fəaliyyətə etimadı sınadığını qeyd edən Rəhman sözünə davam etdi: “Bu boşluğu dialoq, yenilənmiş əməkdaşlıq və nəticəyə yönəlmiş iş yolu ilə aradan qaldırmalıyıq. Həqiqətən də, etimad əldə etdiyimiz hər bir anlaşmanın, imzaladığımız hər bir razılaşmanın və qəbul etdiyimiz hər bir qətnamənin arxasındakı səssiz qüvvədir.” BMT 1945-ci ildə 51 təsisçi üzvlə təsis edilib və zamanla üzvlərinin sayı 193-ə çatıb. Müşahidəçi statusuna malik Vatikan (Müqəddəs Taxt) və Fələstin Dövləti, eləcə də müşahidəçi üzv statusuna malik Avropa İttifaqının da Baş Assambleyada səs hüququ var.

BMT-nin təsis müqaviləsi olan BMT Nizamnaməsi 26 iyun 1945-ci ildə San Fransiskoda Türkiyə də daxil olmaqla 50 ölkə tərəfindən imzalanmışdır. Daha sonra Polşa da Nizamnaməni imzalayaraq təsisçi üzv dövlətlərin sayını 51-ə çatdırdı. BMT Nizamnaməsində nəzərdə tutulduğu kimi, BMT Təşkilatı, BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) beş daimi üzvü də daxil olmaqla, BMT üzv dövlətlərinin əksəriyyətinin Nizamnamənin təsdiq prosesini başa vurmasından sonra, 24 oktyabr 1945-ci ildə rəsmi olaraq fəaliyyətə başlamışdır. O vaxtdan , 24 oktyabr hər il BMT Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının əsas orqanları Baş Assambleya, Təhlükəsizlik Şurası (BMT TŞ), İqtisadi və Sosial Şura (ECOSOC), Qəyyumluq Şurası, Beynəlxalq Ədalət Məhkəməsi və BMT Katibliyidir. Baş Assambleya: Bütün üzv dövlətlərin təmsil olunduğu əsas müzakirə və tövsiyəverici orqandır.Təhlükəsizlik Şurası: Beynəlxalq sülh və təhlükəsizliyə cavabdehdir; 5 daimi (veto hüquqlu) və 10 qeyri-daimi üzvü var. İqtisadi və Sosial Şura (ECOSOC): İqtisadi, sosial və ətraf mühit məsələləri üzrə əməkdaşlığı və siyasəti əlaqələndirir.Qəyyumluq Şurası: Müstəqillik qazanmayan ərazilərə nəzarət etmək üçün yaradılıb, 1994-cü ildən fəaliyyətini dayandırıb. Beynəlxalq Ədalət Məhkəməsi: Niderlandın Haaqa şəhərində yerləşən əsas məhkəmə qurumudur.   BMT Katibliyi:  İnzibati işləri yerinə yetirir, quruma Baş katib rəhbərlik edir.BMT    Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyası, mövcud beynəlxalq sistemin kövrəkliklərinin və BMT-nin təsis edildiyi dövrdə qarşıya qoyulan beynəlxalq sülh və təhlükəsizliyə nail olmaq dilemmasının dərinləşdiyi bir vaxtda toplanır. 22-28 sentyabr tarixləri arasında üzv ölkələrin dövlət və hökumət başçıları “Etimadın yenidən qurulması, transformasiyanın idarə olunması: Hamı üçün nəticələr verən Birləşmiş Millətlər Təşkilatı” mövzusunu müzakirə etmək üçün bir araya gələcəklər.  81-ci sessiyanın gündəliyi yalnız siyasi və təhlükəsizlik məsələləri ilə məhdudlaşmır. BMT-nin rəsmi proqramına əsasən, sentyabrın 18-də Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş xüsusi tədbir keçiriləcəkdir. Soyuq Müharibə dövründə BMT Baş Assambleyası əsasən diplomatlar və xarici işlər nazirləri üçün platforma idi. Sonrakı illərdə dövlət və hökumət başçılarının Baş Assambleyada iştirakı getdikcə daha çox yayıldı. Beləliklə, illik görüşlər liderlərin öz ölkələrinin siyasətlərini dünya ictimaiyyətinə izah etmələri üçün sadəcə bir platformadan üzbəüz görüşlər keçirdikləri geniş diplomatik toplantıya çevrildi. BMT-nin gələcəyi təsis edildiyi zaman müəyyən etdiyi məqsəd və prinsiplərdən imtina etməkdə deyil, mövcud güc dinamikası və ortaya çıxan qlobal təhdidlər qarşısında bu prinsipləri daha məsuliyyətli və tətbiq edilə bilən mexanizmlərlə yenidən əlaqələndirməkdədir. BMT Nizamnaməsinin 1-ci maddəsində deyilir ki, təşkilatın məqsədləri beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq, dövlətlər arasında dostluq münasibətlərini inkişaf etdirmək, beynəlxalq iqtisadi, sosial, mədəni və humanitar problemlərin həllində əməkdaşlığı təmin etmək və bu ortaq məqsədlərə çatmaqda dövlətlərin hərəkətlərini əlaqələndirən mərkəz olmaqdır.

BMT-nin  ədalətə zidd olan strukturu ilə bütün dünyanın ortaq iradəsini həqiqətən təmsil etməməsi bir həqiqətdir. Bundan əlavə, zaman keçdikcə BMT-nin müharibələr, işğallar, humanitar böhranlar və beynəlxalq hüququn pozulması hallarında beynəlxalq sülhün, təhlükəsizliyin və dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi kimi əsas vəzifələrini yerinə yetirməkdə  yetərsiz olduğu da bir həqiqətdir. BMT-nin əsas güc arxitekturasının əhəmiyyətli bir hissəsinin hələ də 1945-ci ilin şərtlərini əks etdirməsi qəbuledilməzdir. Çünki BMT 1945-ci ildə 70 üzv dövlətlə təsis edilib. Hazırda BMT üzv dövlətlərinin sayı 193-ə çatıb. Həqiqətən də, o vaxtkı dünya ilə indiki dünya arasında böyük fərqlər var. İkinci Dünya Müharibəsinin qalibləri tərəfindən qurulan güc balansları ilə formalaşan beynəlxalq sistem artıq bu gün eyni qlobal reallığı əks etdirmir.

18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası az sonra – 1992-ci ilin 2 mart tarixində BMT-nin üzvlüyünə qəbul edilmişdir. BMT üzvlüyü Azərbaycana bərabərhüquqlu üzv kimi beynəlxalq ictimaiyyətə qovuşmaq və Təşkilatın Nizamnaməsində əks olunmuş mexanizmlərdən istifadə edərək, öz təhlükəsizliyi və rifahını təmin etmək və eləcə də beynəlxalq sülh və inkişafa töhfə vermək üçün əməkdaşlıq etmək imkanını açmışdır. Azərbaycan BMT TŞ-yə üzvlüyü dövründə beynəlxalq sülh və təhlükəsizliyə aid mühüm qərarların qəbul olunmasında yaxından iştirak etmiş və bu sahədə beynəlxalq konsensusun möhkəmlənməsinə öz töhfələrini vermişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirakı ilə Azərbaycan Respublikası ilə BMT arasında məzmunlu tərəfdaşlığın əsası qoyulmuşdur. Azərbaycan BMT çərçivəsində siyasi dialoq və praktiki əməkdaşlıqda fəal iştirak edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərək bildirib ki,  uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam. Xanımlar və cənablar, Azərbaycan qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyur. Biz təbii fəlakətlərdən, münaqişələrdən və səhiyyə sahəsində böhranlardan zərər çəkən ölkələrə yardım göstəririk. Azərbaycan COVID-19 pandemiyasına qarşı cavab tədbirləri istiqamətində 80-dən çox ölkəyə qoruyucu avadanlıqlar, tibbi cihazlar və vaksinlər ianə edib və maliyyələşdirib.Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq.Otuz ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən iyirmi faizi Ermənistanın hərbi işğalı altında qaldı. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salındı. Onların fundamental insan hüquqları kobud şəkildə pozuldu. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olundu. Təəssüf ki, bu qətnamələr heç vaxt icra edilmədi. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığı üçün qətnamələrə nümayişkaranə şəkildə məhəl qoymadı.

Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq.Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur. Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır. Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti “çoxvektorlu” yanaşma, milli maraqların qorunması, təhlükəsizlik, enerji resurslarının səmərəli istifadəsi, strateji tərəfdaşlıqların möhkəmləndirilməsi dünyada Azərbaycanın beynəlxalq nüfuzunu artırmış, ölkəni regionun aparıcı siyasi və iqtisadi güc mərkəzinə çevirmişdir.

 

s.e.f.d., dos. Murtəza Həsənov 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin dekanı