“BBC”: İranda qərarları kim verir?

İranda hakimiyyət böhranı və region üçün görünməyən təhlükə İranla bağlı son analizlər artıq adi xəbər deyil. Bu, regionun gələcəyini müəyyən edə biləcək dərin proseslərin siqnalıdır. BBC-də dərc olunan “Who is making decisions in Iran?” (İranda qərarları kim verir?) adlı məqalə bu baxımdan sadəcə analitik yazı yox, açıq xəbərdarlıqdır. Məqalənin müəllifi BBC Persian-ın redaktoru Amir Azimidir. Sual sadədir, amma cavabı təhlükəlidir: İranda kim qərar verir? Formal cavab var. Müctəba Xamenei ali rəhbərdir. Amma reallıq fərqlidir. Məqalədə açıq şəkildə qeyd olunur: “But in practice, the picture is far murkier” (Praktikada vəziyyət daha qeyri-müəyyəndir) Bu artıq sadəcə anlaşılmazlıq deyil, idarəetmə böhranıdır. İran siyasi modelində liderlik yalnız qərar vermək deyil, həm də siqnal verməkdir. Amma bu siqnal yoxdur.

“BBC” yazır: “Mojtaba Khamenei has not been seen in public” (Müctəba Xamenei ictimaiyyət qarşısına çıxmayıb) Bu isə sistemin mərkəzinin görünməməsi deməkdir. Mərkəz görünməyəndə periferiya güclənir və qərarvermə parçalanır. ABŞ prezidenti Donald Trump bu vəziyyəti qısa və sərt ifadə edir: “fractured leadership” (parçalanmış rəhbərlik) Bu, artıq emosional fikir deyil, geosiyasi diaqnozdur. Ən vacib məqam isə real gücün harada cəmləşməsidir. “BBC” açıq yazır: “decisions over Hormuz sit with the IRGC” (Hörmüzlə bağlı qərarlar SEPAH-ın əlindədir) Yəni əvvəl hərbi qərar qəbul olunur, sonra siyasi izah verilir. Bu isə klassik dövlət modelindən çıxmaq deməkdir. Məqalənin ən kritik nəticəsi isə budur: “The system is functioning, but not coherently directed” (Sistem işləyir, amma vahid şəkildə idarə olunmur) Bu, ən riskli modeldir. Çünki belə sistemlər nə sabitdir, nə də çökmüş. Onlar aralıq vəziyyətdə — idarə olunan kimi görünən, amma əslində koordinasiya problemi yaşayan sistemlərdir. Bu vəziyyətin təhlükəsi ondadır ki, mərkəzləşmiş sistemlər proqnozlaşdırıla bilər, parçalanmış sistemlər isə spontan qərarlar verir. Yəni sabah nə baş verəcəyini heç kim dəqiq deyə bilməz.

“Reuters”, “New York Times” və digər Qərb mənbələri də eyni xətti təsdiqləyir: qərarvermə mərkəzləri parçalanıb, hərbi strukturlar güclənib, siyasi rəhbərlik isə zəifləyib. Bu artıq fərdi fikir deyil, ümumi analitik konsensusdur. İran bu gün nə sabit dövlətdir, nə də çökmüş sistem. O, daha təhlükəli mərhələyə daxil olub — idarə olunan xaos mərhələsinə. Bu qeyri-müəyyənlik regionun əsas güclərini də narahat edir və hər biri bu vəziyyəti öz maraqları prizmasından qiymətləndirir. Türkiyə üçün İran məsələsi balans məsələsidir. Ankara həm sabitlik istəyir, həm də İranın zəifləməsindən geosiyasi divident əldə edə bilər. Amma nəzarətsiz İran Türkiyə üçün risk deməkdir. Rusiya isə daha praqmatik davranır. Moskva üçün zəif, amma dağılmayan İran ideal variantdır. Belə İran həm Qərbə qarşı alət kimi istifadə olunur, həm də regionda tam nəzarətdən çıxmır. Ərəb ölkələri üçün əsas məsələ təhlükəsizlikdir. Onlar İranın zəifləməsindən çox, onun nəzarətsiz davranışa keçməsindən ehtiyat edir. Bu səbəbdən həm gərginliyin azalmasını istəyir, həm də İranın təsir imkanlarını məhdudlaşdırmağa çalışırlar.

Çin bu prosesə ən səssiz, amma ən hesablanmış yanaşmanı sərgiləyir. Pekin üçün əsas məsələ enerji təhlükəsizliyi və sabitlikdir. Nə zəif İran, nə də xaotik İran Çinə sərf edir. Hindistan İranı strateji tranzit və enerji tərəfdaşı kimi görür. Bu baxımdan onun dağılması Dehli üçün qəbuledilməzdir. Amma Hindistan da açıq mövqe tutmaqdan çəkinir. Pakistan isə ən həssas vəziyyətdə olan ölkələrdən biridir. İranla sərhəd qonşuluğu onu risklərin birbaşa içində saxlayır. Sabit İran onun üçün həyati əhəmiyyət daşıyır. İran daxilində də bu vəziyyət narazılıq doğurur. Xüsusilə nüfuzlu siyasi fiqurlardan biri olan islahatçı düşərgənin tanınmış simalarından, keçmiş prezidentliyə namizəd və siyasətçi Mehdi Karroubi bu məsələyə dolayı şəkildə diqqət çəkmişdi.

Onun əvvəlki çıxışlarında hakimiyyət daxilində qərarların qeyri-şəffaf şəkildə qəbul olunmasına və məsuliyyətin konkret mərkəzdə cəmlənməməsinə etiraz açıq hiss olunur. Bu kontekstdə İran siyasi dairələrində dolaşan və Qərb mənbələrində də əks olunan fikirlərdən biri belə səslənir: “No one knows anything about Mojtaba… he has no control over the war because he is not here.” (Heç kim Müctəba barədə dəqiq məlumat bilmir… o burada olmadığı üçün müharibəyə nəzarət etmir) (Wikipedia) Bu tip fikirlər artıq təkcə xarici analizlərin deyil, İran daxilində də mövcud olan şübhələrin göstəricisi kimi qiymətləndirilir. Yəni problem yalnız xaricdən baxanda görünən deyil — sistemin daxilində də bu qeyri-müəyyənlik açıq şəkildə hiss olunur. Bütün bu yanaşmalar bir həqiqəti göstərir: heç kim İranın çökməsini istəmir. Amma heç kim də onun güclü və tam müstəqil aktor kimi qalmasını arzulamır. Bu isə İranı ən təhlükəli nöqtəyə gətirir. Azərbaycan üçün bu məsələ kənar deyil. İran daxilində zəif koordinasiya sərhədlər boyunca gözlənilməz gərginlik yarada bilər, regionda qeyri-sabitliyi artırar və proksi fəaliyyətləri aktivləşdirə bilər.

Nəticə aydındır. Ən təhlükəli dövlət zəif dövlət deyil. Ən təhlükəli dövlət nəzarəti itirən, amma hələ də gücə malik olan dövlətdir. İran məhz bu mərhələyə daxil olur. Və əsas sual dəyişmir: İran idarə olunur, yoxsa sadəcə idarə olunduğu görüntüsü yaradılır? Bu sualın cavabı təkcə Tehran üçün yox, bütün region üçün həyati əhəmiyyət daşıyır.

Elbəyi Həsənli. Bakı

“BBC”: İranda qərarları kim verir?