Baş prokuror Türkiyə səfərindən danışdı

Türkiyəyə səfərimiz qardaş ölkənin Ali Məhkəməsinin sədri Mehmet Akarca və adıgedən qurumun Baş prokuroru Bekir Şahinin dəvəti əsasında baş tutub. Səfərin iki əsas istiqamətini qeyd etmək istərdim. Bunlardan birincisi, Türkiyə Ali Məhkəmə və Ali Məhkəmənin Baş Prokurorluğunun inzibati binalarının açılış mərasimi idi. Bildiyiniz kimi, açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Digər istiqamət isə yüksək instansiya məhkəmələrində mülki və cinayət işlərinə baxılması, eləcə də bu cinayət işlərinin baxılmasında prokurorluğun rolu mövzusunda beynəlxalq simpoziumda iştirak idi.

Kanal32.az xəbər verir ki, bu fikirləri Türkiyədə səfərdə olan Azərbaycanın Baş prokuroru Kamran Əliyev azərbaycanlı jurnalistlərə müsahibəsində deyib.

Bu tədbirlərdə dünyanın müxtəlif ölkələrinin nüfuzlu beynəlxalq təşkilatlarının nümayəndələrinin iştirak etdiyini xatırladan Kamran Əliyev deyib:

“Bu baxımdan səfər və tədbirlərdə iştirak Azərbaycan nümayəndə heyəti üçün çox mühüm və vacibdir. Bildiyiniz kimi, burada həm Azərbaycan Respublikası Baş Prokurorluğu, həm də ölkəmizin Ali Məhkəməsi təmsil olunur. Səfər əsnasında biz Türkiyə ilə ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi və təkmilləşdirilməsi istiqamətində müxtəlif görüşlər keçirdik. Bundan əlavə tədbirdə iştirak edən digər ölkələrin baş prokurorları, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri ilə də görüşlərimiz oldu. Bu görüşlərdə Azərbaycanda, eyni zamanda, ölkəmizin prokurorluq orqanlarında son zamanlar həyata keçirilən islahatlar barədə həmkarlarımızı məlumatlandırdıq”.