Balakəndə narkomanlığa qarşı mübarizə və “Külə dönmüş arzular”-FOTOLAR

Balakən rayonunda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Balakən rayon Komissiyasının təşkilatçılığı ilə 26 iyun- “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının birinci müavini, Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Balakən rayon komissiyasının sədri Turan Dibirov narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri barədə ətraflı məlumat verib, narkomaniyanın və onun törədə biləcəyi fəsadların qarşısının alınmasında gənclərin üzərinə düşən ictimai vəzifələr barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Tədbirdə iştirak edən Vətən Müharibəsi Qəhrəmanı Fərid Əliyev, rayon prokurorunun köməkçisi Qabil Əlizadə, Qabaqçöl polis bölməsinin rəisi, polis polkovnik leytenantı Vilayət Allahverdiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinin zabiti Niyazi Şirinov, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Balakən rayonu üzrə sektor müdiri Rasim Paçalov mövzu ətrafında çıxış edib, narkomanlığa qarşı mübarizənin hər bir vətəndaşın bilavasitə vəzifəsi olduğunu vurğulayıblar.

Daha sonra tədbir iştirakçılarına rayon Mədəniyyət Mərkəzi tərəfindən təqdim olunan “Külə dönmüş arzular” tamaşası təqdim olunub. Tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.

Sonda “Külə dönmüş arzular” tamaşasının iştirakçılarına “Təşəkkürnamə” və hədiyyələr təqdim olunub.