Qoçuluq XX əsrin ortalarında Bakıda neft sənayesinin inkişafı ilə bağlı yaranmış və yayılmışdır. İri neft maqnatları var-dövlətlərini mühafizə etmək üçün qoçuların imkanlarından istifadə edirdilər. Bəzi məlumatlara görə, Nobel qardaşları da özlərini və əmlaklarını qorumaq üçün silahlı qoçu dəstələrindən istifadə ediblər. Bu da həmin dövrdə varlıların polislərə bir o qədər güvənməmələri ilə bağlı idi. Onlar qoçulara həm arxalanır və həm də onlardan çəkinərdilər. Yalnız Murtuza Muxtarov xaric. Çünki o qoçuların qənimi idi. Onun bir qoçunun başına açdığı oyun bütün qoçular üçün həmişəlik dərs olmuşdu. Bəlkə buna görə idi ki, camaat onu “Qoçular Qoçusu” adlandırırdı.
“O olmasın, bu olsun” filmində Üzeyir Hacıbəyli qoçu Əsgərin timsalında qoçunun tipik formasını tam şəkildə göstərməyi bacarıb. Kinoda nümayiş olunduğu kimi, o dövrdə qoçular o dərəcədə harınlamışdılar ki, küçədə çəkinmədən insanları təhqir edir, alçaldır, mauzerləri ilə məzlum insanlara atəş açır, onları qorxu altında saxlamağa çalışır. Bəzən isə tam əksinə, o qədər qorxaq olurdular ki, polis görəndə qaçıb gizlənir, mübahisələri kəsib susurdular.
Bakı qoçularını iki qrupa bölmək olardı. Birinci qrup qoçular həm varlı, həmdə hədsiz qəddar idilər. Belələrinə məşhur qoçu Nəcəfqulunu, Teymur bəy Aşurbəyovu, Kəblə Hacı Balanı, Ağa Kərimi, novxanalı Məşədi Hacı oğlunu, Şiruyəni, kürdxanalı Adili, Malbaş Yusifi və başqalarını göstərmək olar. Bunlar bəzən boş bir şeyin üstündə günün günorta vaxtı şəhərin küçələrində atışmağa başlardılar. Məsələn, Novxanalı qoçu Məşədi Hacı oğlu günün günorta vaxtı şəhərin adlı-sanlı ruhani atası Axund Molla Ruhullanın mənzilinə girərək, onu namaz qıldığı yerdə öldürmüşdü. Bu hadisə 1912-ci il yanvar ayında olmuş və bütün şəhər əhlini ayağa qaldırmışdı. Başqa belə bir hadisə 1918-ci il yanvarın 15-də qoçu Nəcəfqulu ilə Teymur bəy Aşurbəyov arasında olmuşdu. Bu atışma zamanı qorodovoylar qorxularından özlərini bilməməzliyə qoyub, daldey küçələrə çəkilmişdilər. Atışma yalnız Aşurbəyov sinəsindən yaralanandan sonra kəsilmişdi. Küçələrdə isə neçə nəfərin qana bulanmış meyiti qalmışdı. Bundan əlavə adam oğurlamaq da bu qrupa daxil olan qoçular arasında dəb düşmüşdü. Pula ehtiyacları olan zaman şəhərin varlılarını və ya övladlarını tez-tez oğurlayır, külli pul aldıqdan sonra onları buraxırdılar. Hətta milyonçu Musa Nağıyev də iki dəfə oğurlanmışdı. Onun oğurlanması təsadüfi deyildi. Nağıyev xəsis olduğu üçün qoçu saxlamazdı. Qoçular da bundan xəbərdardılar və buna görə də fürsət axtarıb, onu oğurlayırdılar. Nağıyevi ikinci dəfə oğurlayanlarsa, Stalinin adamları idi. Partiya xəzinəsi boşaldığı üçün bolşeviklər belə bir tədbirə əl atmışdılar. Məhəmməd Əmin Rəsulzadə «Stalinlə ixtilal xatirələri» kitabında bu əhvalatdan danışaraq, yazırdı: “…quldur dəstələri zənginləri təhdid edərək para çəkir, bəzilərini çalıb-çapır, aldıqları girov pulun müqabilində buraxır, çox zaman böyük firmalara göndərdikləri təhdid məktubları ilə bunları xəraca bağlayırdılar.
İkinci qrup qoçular isə daha çox icraçı idilər. Bunlar adlı-sanlı qoçuların həndəvərində dolaşan buyruq qulları idilər. Bazar bütün günü belə qoçularla dolu olardı. Başlarına çal papaq qoyar, ayaqlarına bir qayda olaraq, uzunboğaz çəkmə geyər, şalvarlarının balaqlarını da çəkmənin içinə salardılar. Bellərinə
pencəyin altından gümüş belbağı bağlardılar. Bığları da həmişə yağlı və burum- burum olardı.
Əlbəttə, qoçuluq Bakının ictimai həyatında qara ləkə idi. Lakin qoçuların üzərinə pis bir qüvvə kimi tamam xətt çəkmək də düzgün olmazdı. Çünki ağır faciəli günlərdə qoçular həmişə xalqın köməyinə çatmışdılar. Əlabbas Müznib “Bakıda millət müharibəsi” adlı yazısında 1918-ci il mart soyqırımı zamanı özünümüdafiə dəstələrinə rəhbərlik edən bəzi qoçuların adlarını çəkərək yazırdı: “Düşmənlər Kərpicbasana çəkilmişdilər. Qayət, qırğın bir hal kəsb edən bugünkü davada şəhər atıcılarından Nəcəfqulu Rzaqulu oğlu, Məhəmmədli kəndindən Şiruyə, novxanılı Məhəmməd Hüseyn öz dəstələrilə iştirak edirdi. Əsir türk zabitləri də onların yardımına bulunurdu. Axşamüstü müsəlmanlara məşğətlilərlə (maştağalılar ) kürdəxanılılar köməyə gəlmişdilər. Kürdəxanılıların başında məşhur Qaçaq Adil duruyordu”. [bax: “Azərbaycan Xalq Cümhuriyyəti – 80”. Sənədlər və mənbələr toplusu. Bakı, 1998., s. 50]. Hətta özünümüdafiə dəstələrinə başçılıq edənlərin çoxunun bu hadisədən əvvəl düşmənçilik münasibətlərinin olmasına baxmayaraq, onlar Bakının türk-müsəlman əhalisini xilas etmək üçün birləşdilər. Bununla bağlı olaraq, Nəcəfqulu Rzaqulu oğlunun (Qoçu Nəcəfqulunun) nəvəsi Nailə Rzayeva tərtib etdiyi “Qoçu Nəcəfqulu” haqqında (Bakı, 2008) kitabda yazır : “Həmin gün Bakının və bakılıların taleyi həll olunurdu. Və tarixin bu acı dönəmində bütün yükün ağırlığı el arasında heç də həmişə müsbət qarşılanmayan qoçuların çiyninə düşmüşdü. Səhərə yaxın sursat tükənmək üzrə idi. Nəcəfqulu son və qəti sıçrayışa hazır idi. Elə bu zaman çoxdankı rəqibi Qoçu Teymur bəy Aşurbəyovun onlara çatdırdığı patronlar camaatın qanının arasına yaman girdi. Küçənin hər iki tərəfində ölənlərin sayı-hesabı yox idi. Qoçu Nəcəfqulu özü bir neçə yerdən güllə yarası almışdı. Amma anası Güldəstə namaz üstəymiş deyə, yaraları o qədər də ağır deyilmiş” .
Düşmənə qarşı öz dəstəsi ilə Qoşa qala qapısı ətrafında vuruşan qoçulardan biri də Məşədi Hilal Kazımov olmuşdur. Bu hadisələrdən 1 il sonra onun ö z dilindən dedikləri, Əlabbas Müznibin redaktorluğu ilə 1915-1916-cı illərdə nəşr olunmuş “Babayi-əmir” satirik jurnalının 15-ci sayına aid 4 eyni 5-ci səhifənin ağ qalmış arxa tərəfində köçürülmüş və orada belə qeyd olunmuşdur: Məşədi Hilal Kazımov hadisə baş verən anda silahını (Avstriya mauzerini) götürüb küçəyə çıxır və Müsavatın firqə idarəsinə gəlir. Burada ona Nikolayevski (Parlaman) küçəsində mövqe tutub düşmənin qarşısını almağı tapşırırlar. O gün axşamüstü saat 5-dən səhəri gün saat 4-dək dəstəsilə düşmənin hücumlarının qarşısını alır. Sonra ailəsindən xəbər tutmaq üçün döyüş yoldaşlarından izin alıb evə gedir. Geri dönərkən ermənilərin “Açıq söz” qəzeti redaksiyasına qədər irəlilədiyini və səngərdə duranlardan bir neçəsinin geri qaçdığını görüb deyir: “Nərəyə qaçırsınız? Bundan böylə evinizdə olsanız sizi öldürəcəklər. Qaçmaq degil, müdafiə vəqtidir. Halbuki, o adamlar daima “bənəm-bənəm” deyüb dalaşan adamlardandı”. Düşmənlə iki saat vuruşda döyüş yoldaşlarından Aslan, daha sonra Mehdi həlak olur. Düşmənin qat-qat üstün olmasına baxmayaraq, onların İçərişəhərə daxil olmasına imkan vermirlər. Məşədi Hilal nökəri Kərbəlayi Səfərə döyüşün ən gərgin anında geri getməsini bildirir: “Kərbəlayi Səfər, neçün durmuşsan, get! Artıq mən buradan çıxacaq deyiləm”. Bu zaman üç tərəfdən düşmən ara vermədən atəş açdığı vaxt Kərbəlayi Səfər: “Hərgiz mən səni böylə mövqedə yalqız buraxıb, namussuzlar kimi gedəməm” deyir. Döyüşün ən ağır məqamında Qoçu Əlabbas Babayevin qardaşı Kərbəlayi Əbdülhəmid gəlib çıxır və Məşədi Hilal ondan yardım istəyir. Çox çəkmir ki, o, iki türk əsgər, iki şahsevən, iki şağanlı və bir neçə nəfər içərişəhərlilərdən toplayıb gətirir. Nəhayət, mətnin sonunda Məşədi Hilal bildirir: “Axşama qədər müdafiədə bulunduq. Düşməni sükuta məcbur etdik. Onların mənəviyyatını tamamilə qırdıq. Artıq atışmaya cəsarət edəmədilər”.
Digər bir hadisə Bakı sakini Dadaş Rzazadənin dilindən adı bəlli olmayan digər bir katib tərəfindən qələmə alınmışdır. Mətində söyləyici qanlı hadisənin eyni vaxtda – “1918-ci sənədə mart ayının 18-də axşam saat 5 radələrində” şəhərin başqa bir məhəlləsində başlandığını qeyd edir. Döyüşlər şəhərin hal-hazırkı Beşmərtəbə adlanan ərazisində baş verir. Dadaş Rzazadənin dediyindən belə məlum olur ki, şəhərin müsəlman əhalisi, o cümlədən, Dadaş Rzazadənin özü də həmin anda atışmanı kimin başladığından xəbərsiz olurlar. Əvvəl belə başa düşürlər ki, “bolşeviklərlə müsəlmanların davası başlamışdır”. Dadaş Rzazadə daha sonra söyləyir: “Bir qədər atışdıqdan sonra düşmənlərin bolşeviklər deyil, ermənilər olduğunu bildik” .
O, Mixaylov xəstəxananın yaxınlığında dostu Əlixanla mövqe tutub döyüşü davam etdirir. Dadaş Rzazadə vəziyyətin çox təhlükəli olduğunu görüb silahdaşı Əlixana ailəsini götürüb oradan uzaqlaşmağı təklif edir. Əlixan cavabında: “Mən səni tək qoyub gedə bilmərəm. Əgər düşmənlər bizə qalib gəlsələr, əvvəl ailəmi, sonra da özümüzü öldürərlər. Mən səndən ayrılası deyiləm, ölsən, mən də ölləm, qalsan, mən də qallam”, deyir. Onlar üç gün-üç gecə vuruşurlar. Üçüncü gün tərəflər martın 21-də axşamüstü barışığa razılaşırlar.
Dadaş Rzazadə mart hadisələrindən sonra da düşmənlə döyüşü davam etdirir. Əvvəlcə bir müddət Novxanıda qalıb qanlı mart günlərində aldığı yaralarını müalicə etdirir. Burada eşidir ki, ermənilər Quba yolunda müsəlman kəndlərini qarət edirlər, on beş nəfər adam götürüb yolları erməni quldurlarından təmizləyə-təmizləyə Dəvəçiyə gəlib çıxır, Dəvəçidən sonra isə Şamaxıya yollanır. Burada Bakıya qayıtması ilə əlaqədar məktub alıb yola düşür. Bakıya gəlib 4-5 gün keçdikdən sonra bir gecə üç atlı – kürdəxanılı Qaçaq Adil, Mövsüm Səlimov və daha bir nəfərlə görüşüb, oradan Mərəzəyə getməyi təklif edirlər. O, Mərəzəyə gəlir və sonra Müsavatın liderlərindən Məhəmmədhəsən Hacınski, Abbasqulu Kazımzadə və qeyriləri ilə birlikdə Qobuya gəlirlər.
Bir sözlə desək, 1918-ci ilin mart hadisələri zamanı nizami döyüş dəstələri, lazımi qədər silah-sursatı olmayan, köməksiz qalmış azərbaycanlıların müdafiəsi uğrunda gedən döyüşlərdə qoçular əvəzsiz xidmətləri olmuşdur. Hər nə qədər zəif, gücsüz insanları qorxudub, mallarını əllərindən alaraq onları incitsələr də, təhlükəli məqamlarda Azərbaycan xalqını qorumağa çalışmış və arxasında olmuşlar. Azğınlaşmış erməni dəstələri onların üzərinə hücuma keçən zaman canları və qanları bahasına onların müdafiəsinə qalxmışlar.
Orxan Hüseynov,
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşı