Tramp Ağ evdə kimlərlə gizli görüş keçirib?-MOSSAD hərəkətə keçdi

#İranda davam edən kütləvi etirazlar fonunda ölkənin gələcəyi ilə bağlı xaricdə də diqqət çəkən məqamlar yaşayır:
Birincisi, #ABŞ Prezidenti Donald Tramp mühafizəkar respublikaçı siyasətçi və jurnalist Hyu Hevitlə müsahibəsində Rza Pəhləvi ilə görüşmək ehtimalı haqda suala cavab verib. Tramp bildirib: “Mən onu görmüşəm, yaxşı insana bənzəyir. Ancaq onun bu mərhələdə rəhbərlik üçün doğru insan olduğunu düşünmürəm”.
Tramp İrana kimin rəhbərlik edəcəyinin sonrakı mərhələlərdə müəyyənləşəcəyini də vurğulayıb: “Düşünürəm ki, hamı meydana gəlməlidir və sonra kimin ortaya çıxacağını görəcəyik. Lakin bunun mütləq doğru addım olduğunu düşünmürəm”.
İkincisi, ABŞ-da Cənubi Azərbaycan diasporunun nümayəndələrinin Ağ Evdə Trampın Yaxın Şərq məsələləri üzrə müşaviri və MOSSAD nümayəndələri ilə görüşəcəyi barədə iddialar yayılıb.
Əvvəla, onu qeyd etmək lazımdır ki, “Tramp Rza Pəhləvini dəstəkləmir” demək qüsurlu yanaşmadır. Hyu Hevitlə müsahibəsində dedikləri göstərir ki, əslində ABŞ İrandakı prosesləri izləyir və bütün variantları gözdən keçirir. Yəni Vaşinqton üçün teokratik rejimdəki şəxsin dəyişməsi və ya rejimin dəyişməsi deyil, yeni reallığın ABŞ maraqlarına uyğunluğu önəmlidir. Ona görə Tramp deyir: “Düşünürəm ki, hamı meydana gəlməlidir və sonra kimin ortaya çıxacağını görəcəyik”.
ABŞ-da Cənubi Azərbaycan diasporunun nümayəndələrinin belə bir görüşü barədə iddialar hələlik təsdiqlənməyib və rəsmi açıqlama istisna deyil. Ümumiyyətlə belə görüşlər heç vaxt rəsmi elan olunmur, nə mətbuat açıqlaması, nə də protokolda qeyd edilir. Xüsusilə mövzu İran kimi həssas bir ölkədirsə, proseslər pərdəarxasında gedir.
Burada əsas detal MOSSAD məsələsidir. Təşkilat uzun müddətdir həm Rza Pəhləvi, həm də Cənubi Azərbayandan olan müxalif diaspor nümayəndələri ilə görüşür. Yəni indi ABŞ-ın belə bir görüşün keçirilməsini təşkil etməsi qeyri-adi deyil.
Ümumiyyətlə, #İsrailin İran siyasəti ABŞ-ın yanaşmasından fundamental şəkildə fərqlənir. ABŞ hazırkı mərhələdə addımlarını ehtiyatla atır, vəziyyətə görə reaksiyalar verir və açıq şəkildə tərəf seçmir. Tel-Əviv isə İran məsələsində çox daha açıq və strateji mövqedədir. İsrail üçün əsas hədəf İrandakı mövcud rejimin devrilməsi və daha nəzarət ediləcək bir qüvvənin hakimiyyətə gətirilməsidir. Hazırda bu, Pəhləvi sülaləsinin hakimiyyətə gəlməsi ssenarisidir. Belə bir vəziyyət sadəcə rejim dəyişmək istəyi deyil, İsrailin regiondakı təhlükəsizlik və təsir maraqlarını təmin etmək üçün hazırlanmış uzunmüddətli ssenaridir.
Bu kontekstdə Güney Azərbaycan Təl-Əviv üçün strateji əhəmiyyət kəsb edir. İsrail hesab edir ki, yalnız mövcud rejim çöksə və Pəhləvilər hakimiyyətə gəlsə, Güney Azərbaycan cəmiyyəti öz müqəddəratını təyin edə bilər.
İsrailin ssenarisində regionda ideal vəziyyət həm nəzarətli bir İran, həm də onun parçalanmış, daha kiçik və regional təsirə açıq versiyasıdır. Bu ssenari İsrailə həm öz təhlükəsizlik zonalarını yaratmaq, həm də strateji maraqlarını qorumaq imkanı verir.
Müəllif: Turan Rzayev,politoloq
Azərbaycanlılarla Tramp arasında gizli görüş