1990-cı illərin əvvəlləri Azərbaycanın müasir dövlətçilik tarixində ən gərgin, fırtınalı və taleyüklü mərhələlərdən biri kimi yadda qalıb. Müstəqilliyin ilk illərində ölkənin üzləşdiyi siyasi böhran, hərbi uğursuzluqlar, vətəndaş müharibəsi təhlükəsi və iqtisadi tənəzzül dövlətçiliyin mövcudluğunu sual altına qoymuşdu. Məhz belə bir mürəkkəb tarixi şəraitdə — 3 oktyabr 1993-cü ildə keçirilən Prezident seçkiləri Azərbaycanın siyasi taleyində həlledici dönüş nöqtəsi oldu. Yüksək seçici fəallığı ilə keçirilən prezident seçkilərində seçicilərin 98,8%-i Heydər Əliyevin lehinə səs verdi. Bu göstərici yalnız fərdi bir siyasi xadimin nüfuzunu deyil, eyni zamanda cəmiyyətin sabitlik, nizam-intizam və təhlükəsizlik istəyini əks etdirirdi. Seçkilərin demokratik və kütləvi şəraitdə keçirilməsi Heydər Əliyevin hakimiyyətə gəlişinə tam hüquqi-siyasi leqitimlik qazandırdı.
-Daxili siyasi sabitlik və dövlətçilik institutlarının bərpası
1993-cü ilin iyun ayında baş verən “Gəncə qiyamı” Azərbaycanı vətəndaş müharibəsinin və parçalanmanın bir addımlığına gətirib çıxarmışdı. Ölkədə mərkəzi hakimiyyətin idarəetmə mexanizmləri sıradan çıxmış, müxtəlif silahlı qruplaşmalar faktiki olaraq hakimiyyət vakuumu yaratmışdı. Heydər Əliyevin prezident seçilməsi ilk növbədə hüquqi və siyasi legitimliyi bərpa etdi. Seçkilər vasitəsilə xalqın böyük dəstəyini alan yeni rəhbərlik, qanunsuz silahlı dəstələrin ləğvi və mərkəzləşdirilmiş idarəetmə aparatının qurulması istiqamətində qətiyyətli addımlar atdı. Bununla da dövlətçilik vakuumu aradan qaldırıldı.
Ordu quruculuğu və atəşkəs: Pərakəndə və siyasiləşmiş könüllü batalyonlardan nizami, mərkəzləşdirilmiş milli ordunun formallaşdırılması prosesinə başlanıldı. 1994-cü ilin mayında imzalayan Bişkek protokolu (atəşkəs rejimi) ölkəyə nəfəs dərmək və daxili islahatlara başlamaq üçün zəruri olan zamanı qazandırdı.
Konstitusiya quruculuğu: 1995-ci ildə ilk milli Konstitusiyanın qəbul edilməsi ilə hüquqi dövlət anlayışının təməlləri qoyuldu, hakimiyyətin bölgüsü prinsipi bərqərar edildi.Heydər Əliyevin Azərbaycanda konstitusiya quruculuğundakı rolu sadəcə hüquqi sənədin hazırlanması ilə məhdudlaşmdı. Bu, ölkənin dövlətçilik xəttinin, siyasi sisteminin və hüquqi arxitekturasının bünövrəsini qoyan sistemli bir proses kimi tarixə düşdü. Beynəlxalq standartlar və milli dəyərlərin sintezi kontekstində İnsan Hüquqları üzrə Ümumi Bəyannamə və Avropa Şurasının standartları öyrənilməklə yanaşı, Azərbaycanın tarixi-hüquqi ənənələri layihədə öz əksini tapdı.
Hakimiyyətlərin bölgüsü prinsipi əsasında Konstitusiya qanunverici (Milli Məclis), icraedici (Prezident və Nazirlər Kabineti) və məhkəmə hakimiyyətlərinin ayrılması prinsipini təsbit etdi. Güclü prezidentlik institutu müharibə şəraitində olan və keçid dövrünü yaşayan ölkədə siyasi sabitliyin və operativ idarəetmənin təminatçısı rolunu oynadı. İnsan hüquq və azadlıqlarının prioritetliyi önə çəkilməklə,Konstitusiyanın 1/3 hissəsi (48 maddə) insan və vətəndaş hüquq və azadlıqlarına həsr olundu. İlk dəfə olaraq insanın, onun hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan edildi.
Heydər Əliyevin konstitusiya quruculuğu yalnız mətnin qəbulu ilə bitmədi, onun praktiki işləmə mexanizmləri quruldu. Hüquqi institutların yaradılması və məhkəmə islahatları çərçivəsində Konstitusiya Məhkəməsi təsis (1998) olundu. Beləliklə,qanunların və normativ aktların Konstitusiyaya uyğunluğuna nəzarət edən müstəqil orqan fəaliyyətə başladı. 1998-ci ildə Şərqdə ilk dəfə olaraq ölüm cəzası tamamilə ləğv edildi, humanizm və insan həyatının ali dəyər olması konstitusion norma kimi möhkəmləndirildi. Məhkəmə hakimiyyətinin müstəqilliyini təmin edən reformalar həyata keçirildi və üçpilləi məhkəmə sistemi yaradıldı
-İqtisadi intibah və geosiyasi balans: “Əsrin Müqaviləsi”
Heydər Əliyevin prezident seçilməsinin regional miqyasda ən böyük təsiri Azərbaycanın iqtisadi potensialını beynəlxalq təhlükəsizlik faktoruna çevirməsi oldu. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin Müqaviləsi” Qərb dövlətlərinin və transmilli neft korporasiyalarının Xəzər dənizinə marağını kəskin artırdı. Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Saziş) müasir Azərbaycan Respublikasının siyasi, geosiyasi və sosial-iqtisadi inkişaf modelinin təməl daşı oldu. SSRİ-nin süqutundan sonra iqtisadi tənəzzül, siyasi xaos və Ermənistanın hərbi təcavüzü ilə üz-üzə qalan gənc respublika üçün bu saziş yalnız bir neft müqaviləsi deyil, eyni zamanda milli dövlətçiliyin xilası və gələcək inkişafın strateji xəritəsi idi. Siyasi sabitlik olmadan bu miqyasda investisiyanın ölkəyə gəlişi mümkün deyildi.Qərb nəhənglərinin Azərbaycana milyardlarla dollar həcmində investisiya qoyması regionda geosiyasi sabitliyin qorunmasında aparıcı dövlətlərin marağını artırdı. Bakı-Tiflis-Ceyhan (BTC) neft kəməri və sonradan həyata keçirilən Cənub Qaz Dəhlizi regionu Avropanın enerji təhlükəsizliyi sisteminə sıx inteqrasiya etdirdi. Bu strategiya Azərbaycanı Güney Qafqazın iqtisadi lokomotivinə çevirməklə yanaşı, regionun Avropanın enerjisi təhlükəsizliyindəki rolunu möhkəmləndirdi.
-Güney Qafqazın xarici siyasət və təhlükəsizlik arxitekturası
1993-cü ilə qədər Güney Qafqaz böyük dövlətlərin toqquşma meydanı və xaos zonası kimi qəbul edilirdi. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanın xarici siyasətində “çoxvektorlu və balanslaşdırılmış diplomatik model” formalaşdı. Siyasi legitimlik və sabitlik kontekstində daxili siyasətdə İqtisadi dirçəliş,Güclü hərbi büdcə və Böyük qayıdışın təməli strateji hədəf olaraq müəyyənləşdirildi. Eyni zamanda Qərb kapitalının gəlişi, Bakı-Tiblisi-Ceyhan xətti, Regional inteqrasiya bölgədə gedən proseslərə təsir imkanlarımızı genişləndirdi. Praqmatik diplomatiya sayəsində xarici siyasətdəki emosional, birtərəfli və təcridolunma meyilləri zəiflədildi, proses idarəolunan frazaya keçdi. Regional layihələrin reallaşdırılması çərçivəsində iqtisadi durğunluq, kommunikasiya blokadası aradan qaldırıldı. Azərbaycan Avrasiya nəqliyyat və enerji dəhlizinin mərkəzinə çevrilməklə regionun bilavasitə təhlükəsizlik arxitekturasının formalaşmasında aparıcı rola sahibləndi. İlkin mrhələdə Gürcüstan ilə qurulan iqtisadi və strateji ittifaq Güney Qafqazda yeni bir ox (Bakı-Tbilisi) yaratdı. Bu ox regionun Rusiya və İrandan asılılığını azaltmaqla yanaşı, Qərbə inteqrasiya imkanlarını genişləndirdi.
Böyük güclərlə balansın qurulması: Rusiya, ABŞ, Avropa İttifaqı və Türkiyə ilə münasibətlər milli maraqlar çərçivəsində tənzimləndi. Rusiya ilə gərginləşmiş əlaqələr neytrallaşdırıldı, Türkiyə ilə strateji mütfəqillik dərinləşdirildi, həmçinin Qərb ilə energetika və təhlükəsizlik sahəsində möhkəm tərəfdaşlıq quruldu.
-Tarixi varislik və 2020-ci il qələbəsinə gedən yol
Heydər Əliyevin 1993-cü ildə qoyduğu dövlətçilik strategiyası təkcə o dövrün böhranlarını həll etməklə kifayətlənmədi, həm də gələcək onilliklərin inkişaf modelini müəyyənləşdirdi. Neft kapitalının insan kapitalına və hərbi qüdrətə çevrilməsi strategiyası nəticəsində Azərbaycan Güney Qafqazın en güclü ordusunu yaratmağa müvəffəq oldu. 2020-ci ilin noyabrında Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və 2023-cü ildə suverenliyinin tam bərpa edilməsi sadəcə hərbi uğur deyil, onilliklər boyu həyata keçirilən dərindən düşünülmüş dövlətçilik strategiyasının məntiqı nəticəsi kimi qiymətləndirilməlidir. Bu tarixi Zəfərin fəlsəfi, siyasi və hərbi özülünü Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət quruculuğunun, iqtisadi müstəqilliyin və uzaqgörən diplomatik xəttin yekunu idi.
Nəticə etibarı ilə, 3 Oktyabr 1993-cü il prezident seçkiləri Azərbaycan üçün sadəcə bir rəhbər dəyişikliyi kimi tarixə düşmədi, bu həm də milli dövlətin xilas edilməsi və yenidən qurulması prosesi idi. Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı dağılmaqda olan bir ərazidən Güney Qafqazın lider dövlətinə, regional layihələrin təşəbbüskarına və beynəlxalq hüququn nüfuzlu subyektinə çevirdi. Bu dönüş pointi Güney Qafqazda güclər nisbətini dəyişərək, regionun Avrasiya coğrafiyasındakı geostrateji əhəmiyyətini uzunmüddətli dövr üçün müəyyən etdi.
İnqlab Şirinli,
Beynəlxlaq Jurnalistlər Federasiyasnın üzvü,politoloq