“Azərbaycanın şəhid övladı: Şuşaya qədər gedən 19 yaşlı Şəhid Ülvi Həsənov” haqqında sənədli film təqdim olunub.
Mingəçevir Gənclər Evində Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi (ASGA) 7NEWS.az informasiya portalının dəstəyi ilə ərsəyə gələn növbəti sənədli filmin təqdimatı keçirilib. Təqdimat mərasimində Şəhid aiələri, Şəhidin oxuduğu 17 nömrəli məktəbin kollektivi və media nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan ASGA sədri, 7NEWS.az saytının baş redaktoru Səbuhi Abbasov bu günə qədər şəhidlər haqqında çəkilən filmlər haqqında qısa məlumat verib və bu kimi filmlərin çəkilişlərinin vacib olduğunu vurğulayıb. Onu da qeyd edək ki, bununla QHT 15-ci sənədli filminin təqdimatını edib. Daha sonra Şəhid Ülvinin atası Natiq Həsənov çıxış edərək filmin ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə təşəkkür edib.
Qeyd edək ki, Ülvi Natiq oğlu Həsənov 2001-ci il dekabrın 31-ində Mingəçevir şəhərində anadan olub. 2008-2019-cu illərdə Mingəçevir şəhər 17 saylı məktəbdə orta təhsil alıb. Məzun olduqdan sonra Ağdam Dövlət Sosial-iqtisadi Kollecinin “Maliyyə işi” ixtisasına qəbul olunub. Avarçəkmə üzrə Gənclər İdman Məktəbinin üzvü idi. Şahmatla da məşğul olurdu. Müxtəlif yarışmalarda uğurla iştirak edib, diplom və medallarla təltif edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Həsənov ölümündən sonra “Vətən uğrunda” medalı, Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalı, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən “İgidliyə görə” medalı, Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə” medalı, Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalı, Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Sonda Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi (ASGA) tərəfindən Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və dəstəyə görə bir necə media əməkdaşlarına fəxri diplomlar təqdim edilib.
Esmira Hidayətova