“Azərbaycana olan beynəlxalq marağın artması ölkəmizin təşəbbüsü ilə keçirilən bir çox qlobal əhəmiyyətli layihələrin iştirakçıları, onlara qoşulanların sayının da artmasına gətirib çıxarır. Bu həm də ölkəmizin regionda etbarlı tərəfdaş olmasından xəbər verir”.
Kanal32.az xəbər verir ki,bu fikirləri “OLAYLAR”-a “Milli İnkişaf” İctimai Birliyinin sədri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Arzuman Muradlı fevralın 3-də Bakıda keçirilən “Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasına münasibət bildirərkən səsləndirib.
İctimai Birlik sədri qeyd edib ki, iclasda Avropa İttifaqı, çoxsaylı ölkə, enerji şirkətləri və maliyyə qurumunun rəhbərlərinin iştirakı da deyilənləri təsdiqləyir: “Bildiyiniz kimi, bu gün Azərbaycanın zəngin enerji resursları, təbii qazına Avropada çox böyük təlabat var. Məhz bu təlabatın göstəricisidir ki, ayrı-ayrı ölkələr Azərbaycanla həm ikitərəfli formatda, həm də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində əməkdaşlığa üstünlük verir. Çünki Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan Avropa üçün Rusiya qazına alternativ olan əlverişli marşrutdur”.
Arzuman Muradlı Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasına da diqqət çəkərək bu görüşü də mühüm əhəmiyyətli hadisə kimi xarakterizə edib. Onun sözlərinə görə, bu istiqamətdə səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq Azərbaycana imkan verəcək ki, gələcəkdə Avropaya təbii qazla yanaşı, yaşıl enerji və hidrogenin də əsas tədarükçülərindən biri olsun.