Azərbaycanın dövlət idarəçiliyi sistemində həyata keçirilən islahatlar

Müstəqil Azərbaycan dövlətində cəmiyyətin demokratikləşdirilməsi və bazar münasibətlərinin daha da inkişaf etdirilməsi üçün dövlət idarəetməsində köklü  islahatların aparılması prinsipial əhəmiyyət kəsb etdiyi üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1998-ci il, dekabrın 29-da “Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında” fərman imzalamışdır. Komissiya dövlət quruculuğunun inkişaf etdirilməsi, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi, habelə sərbəst bazar iqtisadiyyatı münasibətlərinə uyğunlaşdırıl­ması sahəsində kompleks tədbirlər görmüşdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti, Azərbaycana rəhbərlik etdiyi dövrlər tariximizin ən parlaq və şanlı səhifələridir. Azərbaycan Respublikasının dövlət idarəçiliyi sistemində həyata keçirilən islahatlar strukturun modernləşdirilməsi, rəqəmsallaşma və səmərəliliyin artırılması istiqamətlərini əhatə edir.

  Dövlət idarəetməsi sistemində aşağıdakı dörd istiqamət üzrə islahatların aparılması nəzərdə tutulmuşdur:

  1. dövlət xərclərinin idarə olunması sisteminin yenidən qurulması;
  2. audit sisteminin islahatı;
  3. dövlət idarəetmə sisteminin islahatı;
  4. hüquq və məhkəmə sisteminin islahatı.

Bu istiqamətlərdən biri – dövlət idarəetmə sisteminin islahatı dövlət qulluğu islahatlarını da nəzərdə tutur. Fərmanda qeyd olunduğu kimi bu islahatların bir hissəsi normativ hüquqi aktların qəbul edilməsi ilə bağlı olmalı idi.  Dövlət qulluğu­nun səmərəliliyinin artırılması, dövlət aparatının təkmilləşdirilməsi, dövlət qulluqçuları­nın hüquqi statusunun müəyyən edilməsi, onların sosial müdafiəsinin, maddi müstəqilli­yinin təmin edilməsi və eyni zamanda məsuliyyətlərinin artırılması üçün 2000-ci il iyulun 21-də respublikamızda ilk dəfə olaraq “Dövlət qulluğu haqqında” qanun qəbul edilmişdir. Həmin vaxta qədər dövlət qulluqçularının fəaliyyəti Konstitu­siya, əmək qanunvericiriliyinin normaları və s. normativ-hüquqi aktlarla tənzimlənirdi. Müstəqil Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində qəbul olunmuş ilk qanunun çox böyük əhəmiyyəti olmuşdur. Belə ki, qanunun qəbul edilməsi ilə Azərbaycan Respubli­ka­sında dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuşdur. Qanunun qəbul edilməsinin əsas səbəbi ümummilli lider Heydər Əliyevin 1998-ci ildə dövlət idarəçilik sistemində islahatların aparılması ilə bağlı fərmanda nəzərdə tutul­muş işlərin həyata keçirilməsi olmuşdur. Respublikamızda dövlət qulluğu sistemində islahatların həyata keçirilməsi prosesi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dövlət qulluqçularına təbrikində dəqiq olaraq təsbit edilmişdir: Müstəqil Azərbaycan Respublikasında müasir dövlət qulluğu sisteminin formalaş­dırıl­ması və inkişafı Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun ali siyasi hakimiyyətə qayıdışından sonra ölkədə xaos və anarxiyanın qarşısı alındı, dövlət nizamı və sabit dövlət idarəçiliyi bərpa edildi, demokratik hüquqi dövlət quruculuğu prosesi başlandı. Onun rəhbərliyi altında həyata keçirilən idarəçilik fəa­liy­yəti insanlarda dövlətçilik şüurunu möhkəmləndirdi, hakimiyyət və idarəetmə orqanlarının işinə inamı artırdı. Son illərdə dövlət idarəetmə orqanlarının işinin dövrün tələblərinə uyğun yenidən qurulması, keyfiyyətli kadr korpusunun yaradıl­ması, nazirlik və komitələrin müvafiq istiqamətər üzrə vahid dövlət siyasətini həyata keçirən hakimiyyət orqanlarına çevriməsi istiqamətində zəruri tədbirlər görülmüşdür. Həyata keçirilən islahatlar nəticəsində dövlət orqanlarının səlahiyyətləri dəqiqləş­dirilmiş, onların öz vəzifələrini daha dəqiq və dürüst icra etmələri üçün imkanlar genişləndirilmiş və məsuliyyət artırılmışdır. Dövlət qulluğunun qanunvericilik bazası yaradılmış, “Dövlət qulluğu haqqında” qanun və digər hüquqi-normativ sənədlər qəbul edilmişdir”.

Görülən işlər nəticəsində, habelə vətəndaşların dövlət idarəetmə strukturlarında işə qəbul olunmasında bəzi məmurların yaratdığı süni əngəllərin aradan qaldırılması, dövlət qulluğuna qəbulun mərkəzləşdirilmiş qaydada, müsabiqə və şəffaflıq əsasında aparılması məqsədilə  ümummilli lideri Heydər Əliyevin tapşırığı ilə hazırlanan və 2000-ci il iyulun 21-də qəbul olunan “Dövlət qulluğu haqqında” Qanunla dövlət idarəetmə orqanla­rında çalışanlar dövlət qulluqçusu adlandırıldılar. Qurulan yeni modeldə “dövlət qulluğu” anlayışı “cəmiyyətə, xalqa qulluq” mənasını ifadə edir, vətəndaşla məmur arasındakı münasibətlərdə yeni düşüncə tərzi formalaşdırılır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra respublikada demək olar ki, real həyata söykənən ən işlək qanun olmuş, bu qanundan irəli gələn onlarla normativ hüquqi akt qəbul edilmiş, o cümlədən dövlət başçısının fərman və sərəncamları ilə respublikada idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət edən yeni qurumlar yaradılmış, onların fəaliyyət prinsiplərini müəyyən edən əsasnamələr və qaydalar hazırlanıb təsdiq edilmişdir. Qanuna ölkədə gedən quruculuq işləri, o cümlədən idarəetmə sisteminin təkmilləşdirilməsi ilə əlaqədar qarşıya çıxan məsələlərin həlli üçün bir çox yeni müddəalar əlavə edilmişdir. İndi cəsarətlə demək olar ki, bu sənəd artıq müasir dövr üçün yararlı, mükəmməl bir qanun kimi formalaşmışdır.

2003-cü ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin dövlət başçısı seçilməsi əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir dövlət qulluğu sistemini uğurla inkişafına səbəb oldu.  Azərbaycanda da  dünya ölkələrində də dövlət qulluğu islahatlarının mərkəzi xəttini kadrlarla bağlı atılan addımlar tutur. İdarəçilik sisteminin səmərəli inkişafına kadr hazırlığı və rəqabətli mühitin yaradılması təsir göstərir. 2007-ci ildən dövlət qulluğuna qəbul müsabiqə vasitəsilə həyata keçirilir.   2016-cı ilə qədər bu prosesin təşkili və nəzarəti Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya həyata keçirsə də , 2016-cı ildən etibarən Azərbaycan Respublikasının Prezidentinin 11 aprel 2016-cı il fərmanı ilə Dövlət İmtahan Mərkəzi həyata keçirir.

Azərbaycan Respublikasında dövlət kadr siyasətinin həyata keçirilməsi zamanı dövlət qulluqçularının peşəkarlıq, bilik və bacarıq səviyyələri ilə yanaşı, onların etik davranış qaydaları da diqqətdə saxlanılır. Bu istiqamətdə konkret tədbirlərin həyata keçirilməsi dövlət qulluğunun daha səmərəli fəaliyyətini təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir. 2007-ci ilin mayın 31-də “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.Qanunun dövlət qulluğunda çalışanların davranış prinsiplərini və qaydalarını müəyyənləşdirir.

Azərbaycan Respublikasının Prezidenti İlahm Əliyev 29 noyabr 2011-ci il tarixində  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncam imzalamışdır. Yeni inkişaf konsepsiyasının hazırlanması zərurətini Azərbaycanın hərtərəfli inkişaf potensialı meydana çıxarmışdır. Konsepsiyanın mahiyyəti əsasən innovasiya tönümlü iqtisadiyyatın yaradılmasını təmin etməkdən ibarətdir. Ümumilikdə isə, ictimai həyatın bütün sferalarında ciddi keyfiyyət dəyişikliklərinə nail olmaq qeyd etdiyimiz konsepsiyanın hədəfini təşkil edir. Bu konsepsiya ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoymasına dəlalət etməklə yanaşı, qarşıya qoyulan yeni məqsədlərə səmərəli şəkildə  nail olmaq üçün dövlət idarəçiliyi sahəsində də ciddi keyfiyyət dəyişikliklərinin həyata keçirilməsini nəzərdə tutur.

Azərbaycan Respublikasında dövlət qulluğu sistemində həyata keçirilən islahatlar bütövlükdə idarəetmə sahəsində bir sıra mühü yeniliklərə imza atılmasını şərtləndirmişdir. Bunlardan ən mühümləri kimi dövlət idarəçiliyi sahəsində fəaliyyətin nəticələrinin proqnozlaşdırılması, daha optimal nəticələrin əldə olunmasına hesablanmış tədbirlərin həyata keçirilməsi, insan resurslarından daha dügün istifadə mexanizmlərinin işlənib hazırlanması və s. qeyd etmək mümkündür. Dövlət qulluğu sistemində fəaliyyətinin təşkili və həyata keçirilməsində müasir texnologiyalardan və innovasiyalardan maksimum istifadə məsələsi xüsusi diqqət mərkəzindədir. Belə ki, hazırkı mərhələdə ölkədə demək olar ki, bütün dövlət idarəçiliyi orqanlarda elektron xidmətlərin göstərilməsinin təmin olunması üçün ardıcıl addımlar atılmaqdadır.  Azərbaycan dövlət qulluğu sistemində innovativ məqam olan elektron xidmətlərin tətbiq olunması və genişlənməsi üçün müvafiq hüquqi əsas yaradılmışdır. Belə ki, 2011-ci ilin may ayının 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının “Dövlət orqanlarında elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” sərəncamına əsasən dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinə start verilmişdir və qısa zaman kəsiyində bu xidmətlərin göstərilməsi geniş vüsət almışdır.

Azərbaycan  Respublikasında “elektron hökumət” lə bağlı   olaraq “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003- 2012-ci illər)” sənədində ifadə olunmuşdur.   Dövlət qulluğunun  modernizasiyası, şəffaflığın artırılması və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması yönümündəki mühüm tədbirlərdən biri  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılmışdır.

Dövlət Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasında “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən mərkəzi və ya yerli icra hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin  əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Yaxşı idarəçilik (Good Governance) –   cəmiyyətin və ya onun ayrı-ayrı kateqoriyalarının səmərəli qərarqəbuletmə yolu ilə elə idarə edilməsidir ki, bu, növbəti 8 tələbə cavab verə bilsin: konsensus meyli; hesabatlılıq; şəffaflıq; çeviklik;  səmərəlilik; obyektivlik və tutumluluq; qanunun aliliyi. Yaxşı idarəçiliyin əsas prinsipləri, yaxşı idarəçilik sahəsində inkişaf etmiş ölkələrin təcrübəsi. Azərbaycan Hökumətinin BMT-nin Minilliyin inkişaf məqsədlərində (MİM) yaxşı idarəçilik öhdəliyi, Azərbaycan Hökumətinin bir çox mühüm sənədlərində yaxşı idarəçiliyin tətbiqi istiqamətindəki fəaliyyəti (Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf Dövlət proqramı, Yoxsulluğun azaldılması və Davamlı İnkişaf Strategiyası, “Elektron Azərbaycan” Dövlət Proqramı, Dövlət İdarəçiliyində İslahatlar Haqqında Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1998-ci il tarixli fərmanı, Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya, strategiya çərçivəsində qarşıya qoyulan məqsədlər, görülən işlər, nəticələr və s.) Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya” 2018-ci il 23 noyabr tarixli Sərəncamına əsasən dövlət qulluğunda kadr siyasətinin inkişafı dövlət qulluğunun əsas inkişaf istiqamətlərindən biridir. Dövlət orqanlarında kadr siyasətinin müasir tələblərə uyğun həyata keçirilməsi məqsədilə həmin orqanların rəhbərləri kadr siyasətini fəaliyyətin prioritet sahəsi kimi qəbul etməli, tabeliklərində olan rəhbər vəzifəli şəxslərin insan resursları ilə işə daha çox diqqət yetirmələrini təmin etməli, özlərinin və tabeliklərində olan rəhbər vəzifəli şəxslərin bu sahədə biliklərinin artırılması üçün zəruri tədbirlər görməlidirlər. Dövlət orqanlarında kadr siyasəti planlı şəkildə həyata keçirilməli və insan resurslarının idarə edilməsi sahəsində şəffaflıq təmin olunmalıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev : “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” sərəncamında göstərildiyi kimi “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan ümummilli lider Heydər Əliyevin həyat amalının təntənəsidir…

Azərbaycanda həyata keçirilən sistemli islahatlar dövlət idarəetmə sistemi, icra, qanunverici hakimiyyəti və digər institusional sahələri əhatə edir. Müstəqil Azərbaycan   ümummilli lider Heydər Əliyevin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir”. Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı, ölkə əhalisinin sosial müdafiəsi dayanır.   Azərbaycan Respublikasının dövlət idarəçiliyi sistemində həyata keçirilən islahatlarda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin böyük rolu və mühüm töhfələri vardır. Azərbaycan Prezidentinin struktur, kadr islahatlarını təkcə ölkə əhalisi deyil, beynəlxalq təşkilatlar da yüksək qiymətləndirirlər. Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına daxil edib. Bu da onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar aparıcı beynəlxalq qurumlar tərəfindən də təqdirlə qarşılanır. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapan “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı” qəbul edilib. Hazırda bu proqram böyük müvəffəqiyyətlə icra olunur və azad edilmiş torpaqlarda vüsət alan genişmiqyaslı quruculuq işləri dövlətimizin öz hesabına həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda   modernləşmə, infrastruktur yenilənməsi baş vermişdir və   dövlət aparatının müasir standartlara uyğunlaşdırılması, optimallaşdırılması, sistem xarakterli fundamental islahatlar aparılması istiqamətində mühüm addımlar atılmışdır Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin  həyata keşirdiyi islahatlar, inkişaf, beynəlxalq birliyə açılma, ümummilli hədəflər naminə cəmiyyətin bütün sosial və siyasi kəsimlərini əhatə edən həmrəylik kursu onun siyasi varisi, 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rəqəmsal inkişaf siyasəti Azərbaycanın gələcək inkişaf modelini formalaşdıran əsas istiqamətlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin fəaliyyətində iqtisadiyyat həyata keçirilən islahatların əsas ağırlıq mərkəzini – nüvəsini təşkil etmişdir. Prezident İlham Əliyevin uğurlu və məqsədyönlü siyasəti Azərbaycanın yeni inkişaf mərhələsinə keçməsi, yeni demokratik mexanizmlərin  yaradılması  və xalqa xidmət müstəvisində səmərəli və şəffaf, müasir  idarəetmə modelinin, vətəndaş – dövlət qulluqçusu münasibətlərində yeni düşüncə tərzinin, kadr potensialının formalaşdırılması, korrupsiya yarada bilən səbəbləri aradan qaldırmaq üçün zəmin olmuşdur.

s.e.f.d. dosent Murtəza Həsənov

Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə Fakültəsinin Dekanı

 

 

Azərbaycanın dövlət idarəçiliyi sistemində həyata keçirilən islahatlar